Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:35

«Bakını «dirijorlar» korlayır»


Feyzulla Quliyev
Feyzulla Quliyev
“Bu layihə təsdiq olunandan sonra ilin axırında tenderlər keçiriləcək və dörd sahə üzrə gerçəkləşdiriləcək planın başlaması üçün gərək olan bütün prosedurlar bitəcək”.

Bu sözləri AzadlıqRadiosunun “Can Bakı” proqramına Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin işçi qrupunun yerli məsləhətçisi Feyzulla Quliyev söylədi.

Onun bildirdiyinə görə, 2011-ci ildən bu layihənin tam işə düşməsi baş tutacaq.

LAYİHƏNİN İCRASI NİYƏ UZANDI?

Bakının Baş Planının guya tam hazır olması barədə bəzi media orqanlarında yayılan xəbərləri yanlış adlandıran qonağımız layihənin tarixçəsini də vərəqlədi:

“2007-ci ildə su və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün Beynəlxalq Bankla dövlət səviyyəsində kredit sazişi bağlandı. “Azərsu” təşkilatı bu işə rəhbərlik edirdi. Su və kanalizasiyadan başqa bura Böyük Bakının inkişaf planı da daxil idi. “Azərsu”da bu sahə üzrə mütəxəssislər yetərli olmadığından, 2009-cu ilin martından onun səlahiyyəti Nazirlər Kabinetinin qərarı ilə bizim Komitəyə verildi. İşçi qrup yaradıldı. Şəhər planlaşdırılması üzrə mütəxəssislər - memarlar, iqtisadçılar, maliyyə menecerləri, satınalma menecerləri, tərcüməçilər toplandı”.

TENDERLƏR BİZİ QANE ETMƏDİ

Feyzulla müəllim bir neçə dəfə texniki tapşırıqlar hazırladıqlarını və bunun əsasında beynəlxalq səviyyəli tenderlər elan etdiklərini də dedi:

“Ancaq bu tenderlər bizi qane etmədi. Düzdür, bu tenderə 20 ölkənin 34 şirkəti qatılmışdı. Ancaq biz Dünya Bankı ilə məsləhətləşmələrdən sonra qərara aldıq ki, bu işi yeni sistem üzrə həll etmək lazımdır. Əvvəlcə nəzərdə tutduğumuz kimi bu unikal layihəni bir sifarişçiyə verməkdən vaz keçdik. Onu 4 hissəyə böldük. Yenidən texniki tapşırıqlar tutduq və bu tapşırıqlara əsasən yaranan işçi qrup artıq Dünya Bankı ilə də razılaşdırılıb. Təsdiq üçün bu sənəd Dünya Bankına göndəriləcək. İlin axırınacan tenderlər keçirilməli və 4 sahə üzrə bu layihənin başlanılması üçün prosedurlar bitməlidir”.

BU LAYİHƏ BAŞ PLANA HAZIRLIQDIR

Aparıcının “Bakının Baş Planı ilə Böyük Bakının Regional İnkişaf Planının fərqi nədədir”-sualı belə cavablandı:

“Bu layihə Baş Plana bir növ hazırlıqdır. Yeni sistemlə, beynəlxalq səviyyəli hazırlıqdır. Burda da keçmiş Baş Planlardakı kimi rayon planlaşdırılması olacaq. Amma həm də məlumatlar toplusu olacaq, coğrafi informasiya sistemi, səmərəli planlaşdırma sistemi, kompyuterləşdirmə olacaq. Yəni informasiya sistemi mükəmməl olacaq. Onun saytına girməklə hər bir şəhər sakini istədiyi yer barədə məlumat əldə edə biləcək”.

LAYİHƏYƏ 5 MİLYON MANAT AYRILIB

Bu Layihəyə Dünya Bankının 4 milyon 300 min manat ayırdığını deyən Feyzulla Quliyev, yerli büdcədən də ayırmalar olduğunu dedi:

“Cəmi 5 milyondan yuxarıdır. Amma hamısı layihə üçün deyil. Avadanlığın alınması, beynəlxalq şirkətlərin qəbul olunması, onlar üçün şərait yaradılması, tenderlərin elan olunması ilə bağlı xərcləmələr də bura daxildir. Layihədə hər şey dəqiqliyi ilə göstərilir ki, nə qədər vəsait hara sərf olunacaq”.

Feyzulla Quliyev 5 milyon manatın Baş Planın icrasına tam yetməsə də, Baş Plana hazırlıq üçün kifayət olduğunu vurğuladı.

BAKI DEYƏNDƏ HARA NƏZƏRDƏ TUTULUR?


Çoxlarının Bakı deyərkən ancaq şəhərin amfiteatrını - 22 min hektarı fikirləşdiyini deyən Feyzulla müəllim “Biz Bakı deyəndə Pirallahıdan tutmuş Ələtə qədər olan sahəni, o cümlədən Sumqayıtın bir hissəsi, Xırdalan şəhəri və ətrafı da daxil, Sumqayıt və ətrafı 8 min hektar - cəmi 250-260 min hektarı əhatə edən böyük bir sahəni nəzərdə tuturuq” - dedi.

Feyzulla Quliyev Regional Planın 2010-2030-cu illəri əhatə edəcəyini də diqqətə çatdırdı.

- Feyzulla Quliyev niyə “Bakını korlayanlar biz yox, “dirijorlardır”- dedi?
- Böyük Bakının Regional İnkişaf Planı hansı hissələrdən ibarətdir?
- Planda ən gözdə, nəzərdə olan məsələlər hansılardır?
- Bu Planın gerçəkləşməsindən sonra – 2030-cu ildə “beynəlxalq standartlara uyğun Bakı” necə görünəcək?
- Ekologiyası necə dəyişəcək?
- İnfrastruktur hansı yöndə formalaşacaq?
- Ali məktəblər hara köçürüləcək?
- “Yaşamağa yararsız” yerlərin axırı necə olacaq?
- Haqqında illərdir danışılan “Qış bulvarı” necə qurulacaq?
- Feyzulla müəllim ölkənin XIX əsrdən bu yana tutulan Baş Planlarından nələr danışdı?
- Söküləcək məhəllələrdəki tarixi-memarlıq tikililərinin taleyindən nə dedi?
- Planda nəzərdə tutulan şəhərdə tramvay-trolleybus xətlərinin yenidən bərpası ideyası niyə rədd edildi? Bu iş təzədən müzakirə mövzusu ola bilərmi?
- Özü əməkdar memar olan Feyzulla Quliyev müstəqillik dönəmində şəhərdə gedən xaotik tikililərə, amfiteatrın korlanmasına necə münasibət bildirdi?
- Metronun “İçərişəhər” stansiyasının yeni görünüşü memarı razı salırmı?

XS
SM
MD
LG