Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 09:46

Həştərxan görüşündən nə gözləyək?


Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də Həştərxanda keçirilən görüşü siyasi dairələrdə müzakirə olunmaqdadır. Əvvəlcədən verilən məlumatlarda da bildirilirdi ki, görüşdə məqsəd Dağlıq Qarabağ münaqişəsinə dair məsələləri müzakirə etməkdir.

Siyasi ekspertləri isə daha çox düşündürən bu görüşün niyə məhz indi təşkil edilməsidir.

POLİTOLOQ HEÇ NƏ GÖZLƏMİR

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə bu görüşdən heç nə gözləmir. Deyir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi cədvəli var. Əliyev və Sarkisyanın Medvedevin vasitəçiliyi ilə Həştərxan görüşü də həmin cədvələ uyğun tədbirlərdən biridir:

Hikmət Hacızadə
“ATƏT-in Astanada sammiti keçiriləcək. Ola bilsin ki, orada məsələ qalxacaq və səs-küyə səbəb olacaq. Mümkündür ki, onu qabaqlamaq üçün Həştərxan görüşündə nəsə etsinlər”.

Bu ilin əvvəllərində belə bir üçtərəfli görüş Rusiyanın Sankt-Peterburq şəhərində yenə də Moskvanın təşəbbüsü ilə keçirilmişdi. Ondan sonra –yəni iyul ayında Qazaxıstanın Almaatı şəhərində ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində keçirilən görüşdə bəlli olmuşdu ki, Ermənistan Sankt-Peterburqa qədər olan razılaşmalardan təxminən imtina edir və Rusiyada irəli sürülən yeni şərtlər ətrafında danışıqlara tərəfdardır.

İyulun 19-da jurnalistlərə bu barədə açıqlama verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təkcə Rusiyanın yox, məhz üç həmsədr ölkənin iştirakı ilə əldə edilən anlaşmanın əsas götürülməli olduğunu da bildirmişdi. Elmar Məmmədyarov:

GƏRƏK ÜÇLÜKLƏ DANIŞAQ

“Biz təşəkkür edirik ki, Rusiya tərəfi çox intensiv şəkildə görüşlər təşkil edir ki, hansısa bir irəliləyişə nail olunsun. Amma ümumiyyətlə, biz gərək üçlüklə danışaq. ABŞ, Rusiya və Fransa. Əgər biz Rusiyanın vasitəçiliyi ilə hansısa bir razılığa gələ bilsəydik, əlbəttə ki, bu, bizə böyük kömək olardı. Amma hələlik danışa və hansısa razılığa gələ bilmədik”.

Belə bir təəssüratdan sonra yenə də Rusiyada görüşə niyə razılıq verilir?

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyir ki, Həştərxan görüşü mahiyyət etibarı ilə ciddi görüşdür və bu görüşə əvvəlcədən ciddi hazırlıq ğörülüb. Onun sözlərinə görə, Rusiyadakı görüşlərin formatı və bundan əvvəl baş verən hadisələr də bu görüş barədə kifayət qədər ciddi fikirlər irəli sürməyə əsas yaradır:

“BU, DÖNÜŞ GÖRÜŞÜDÜR”


“Daha vacibi odur ki, Rusiya prezidenti Dmitri Medvedev Fransa prezidenti və Almaniyanın kansleri ilə Devildə görüşərkən dedi ki, biz MDB məkanındakı münaqişələri həll edə bilərik. Yəni, hökm verdi, çox qətiyyətli bir fikir söylədi. Ona görə də düşünürəm ki, bu, dönüş görüşüdür”.

Mübariz Əhmədoğluna görə, Həştərxanda nəzərdə tutula bilər ki, Ermənistan gələcəkdə ortada olan sənədi imzalamaqdan imtina edəcəksə, ola bilər ona ciddi təzyiqlər nəzərdə tutulsun.

Prezidentlərin Sankt-Peterburq görüşündən sonra ATƏT-in Almaatı toplantısı olduğu kimi, Həştərxandan sonra da ATƏT-in Astanada sammiti nəzərdə tutulur. Yəni, Rusiyadan sonra daha bir Qazaxıstan görüşü.

Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, İlham Əliyevlə Serj Sarkisyanın Dmitri Medvedevin iştirakı ilə Həştərxanda görüşü səbəbsiz deyil. Amma bu səbəb Azərbaycan və Ermənistan arasında hələ də münaqişə mənbəyi olaraq qalan Dağlıq Qarabağ deyil:

QƏRBƏ MESAJ?

“Dekabrda ATƏT-in Astanada zirvə toplantısı olacaq. Görünür, Rusiya bu toplantı ərəfəsində Qərbə mesaj yollayır ki, Cənubi Qafqazdakı məsələlər, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli ona məxsusdur. Digər Qərb dövlətləri bu bölgədə çox da aktiv olmasınlar”.

Elxan Şahinoğlu deyir ki, yaxın aylarda regionda elə bir fövqəladə hadisə baş verməyib ki, ona əsaslanıb Həştərxan görüşündən real nəticə gözləmək olsun. Və güman edilsin ki, məhz bu dəfə Rusiya Ermənistana təzyiq göstərəcək.

Preizdentlərin Həştərxan görüşündən əldə edilən son məlumat bundan ibarətdir ki, tərəflər humanitar xarakterli razılaşma imzalayıblar. Sənədə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tərəflər təxirəsalınmaz olaraq hərbi əsirlərin və meyitlərin dəyişdirilməsini həyata keçirəcəklər.
XS
SM
MD
LG