Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

İtaliyadan Çinə qədər sürücüsü olmayan avtomobildə




Bir dəstə alim İtaliyadan Çinə qədər üç aya 13 min kilometr yolu maşınla gediblər. Həm də necə maşınla... Sürücüsüz, yalnız kompyuterlərin idarə etdikləri maşınlarla!

Üç ay əvvəl İtaliyadan yola çıxan dörd sınaq mikroavtobusu oktyabrın 28-də Çinə - Şanxayda keçirilən ənənəvi sərgiyə çatıb. Yalnız elektriklə işləyən bu dörd mikroavtobusu canlı insanlar, sürücülər yox, kompyuterlər idarə edib.

Hər maşına yeddi kamera, dörd lazer skaner, elektron xəritə və sensorlar quraşdırılıb. Maşının ön hissəsində quraşdırılan xüsusi avadanlıqlar 180 dərəcə ətrafı görməyə imkan verir. Bu avadanlıqlarla maşınlar qarşılarına çıxan maneələri «görüb», ondan yan keçə, sağa-sola hərəkət edə bilirlər.

MAŞINLARIN ÜZƏRİNƏ GÜNƏŞ BATAREYALARI QURAŞDIRILIB

Avropa Birliyinin Araşdırmalar Şurasının maliyyələşdirdiyi bu layihə ilə İtaliya alimləri maşınları sürücüsüz hərəkət etdirən sistemləri təkmilləşdirmək istədiklərini deyirlər. Layihəyə rəhbərlik edən alimlərdən biri Alberto Broqqi:

«Biz yolda hərəkət zamanı baş verə biləcək vəziyyətləri toplayıb, bu vəziyyətlərdə sistemin nə etməli olduğunu hazırlamaq istəyirik. Bunun üçün bizə olduqca çox sayda müxtəlif situasiyalar lazımdır. Bura müxtəlif yol hərəkəti qaydaları, hava şəraitləri haqqında məlumatlar da daxil edilməlidir. Sonra da sistemin bu vəziyyətlərdə necə işlədiyini yoxlamalıyıq».

Maşınların üzərinə Günəş batareyaları quraşdırılıb. Amma maşınların akkumulyatorlarını hər iki-üç saat gedəndən sonra saxlayıb təzədən doldurmaq lazım gəlirmiş. Mümkün olanda, adi elektrik naqillərinə qoşub 7-8 saat batareyaların dolmasını gözləyirlərmiş. Elektrik naqilləri olmayan yerlərdə isə karvanı müşayiət edən təchizat maşınlarında olan dizel generatorlarını işə salıb batareyaları doldurularmış. Karvanda olan 20 alim və tələbənin yeməyini, yatacaqlarını, həmçinin ehtiyat hissələrini daşımaq üçün onların yanı ilə altı da normal yük maşını gedirmiş.

«24 SAAT BİZİ RUSİYA SƏRHƏDİNDƏ SAXLADILAR»

Amma səyyahlardan biri əsl çətinliyi Rusiya sərhədində yaşadıqlarını deyir:

«24 saat bizi Rusiya sərhədində saxladılar. Susuz, yeməksiz. İzah etməyə çalışırdıq ki, biz kimik».

İtaliya alimləri bildirir ki, Rusiya gömrükçüləri onların bütün avadanlıqlarının şəkillərini çəkiblər, hər şeyin ayrıca sənədini tələb ediblər. Hətta peyk rabitəsi ilə təcrübə mərkəzinə göndərdikləri məlumatlara baxmaq üçün kanallara çıxış kodunu alıblar.

Amma Rusiya macərası təkcə bununla da bitməyib. Yol Polisi sürücüsü olmayan maşınları görən kimi onları saxlayıb. Vəziyyəti izah edəndən sonra isə heç alimlərin sürücülük vəsiqəsini tələb etmədən çıxıb gedib.

MOSKVA TƏHLÜKƏLİDİR!


Moskvaya girəndə isə italiyalılar ümumiyyətlə, öz sınaq elektromobillərini yük maşınlarına mindirməli olublar. Çünki:
«Moskvada yollar çox basırıqdır. Burda öz rejiminlə hərəkət etmək çox çətindir. Bu robotlar saatda 50-60 kilometr sürətlə gedə bilir. Burda isə hamı azı saatda 70 kilometr sürətlə gedir. Təhlükəlidir!».

İtaliya alimləri yekunda insansız idarə olunan minik maşınlarının hazırlanmasına nail olacaqlarına ümid edirlər. Amma onlar proqramın elə indiki səviyyədə işindən də razıdırlar. Deyirlər ki, 90 faiz halda «avtomat sürücülər» insan müdaxiləsi olmadan mikroavtobusları özləri idarə ediblər.
XS
SM
MD
LG