Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:47

Cümhuriyyət ordusu niyə Bakını müdafiə etmədi?


Şəmistan Nəzirli
Şəmistan Nəzirli
“Orduya şər atmaq olmaz. Cümhuriyyət ordusu vuruşmağa hazır idi. Amma parlamentdə hər şeyi siyasətçilər həll etmişdi”.

Bu sözləri AzadlıqRadiosunun “Can Bakı” proqramına hərb tarixi araşdırıcısı Şəmistan Nəzirli söylədi.

Onun bildirdiyinə görə, 1920-ci il aprelin 27-də keçirilən Cümhuriyyət parlamentinin son iclasına nə hərbi nazir S. Mehmandarov, nə də nazir müavini Ə. Şıxlinski dəvət olunmuşdu.

“Hacınski hər şeyi həll etmişdi. Ruslarla danışıb gəlmişdi. Bax, budur, əlimdə Hacınskinin çıxışı da var. Deyir ki, Qızıl Ordu Xəlil paşanın başçılığı ilə gəlir. Heç bir təzyiq göstərmədən tabe olmalıyıq və bizə heç nə eləməyəcəklər. Ordu da saxlanılacaq, aşağı vəzifəli adamlar da. Yalnız yüksək vəzifəlilər postlarını itirəcəklər”.

ORDU VURUŞMAYIB?


Şəmistan Nəzirlinin sözlərinə görə, ordunun vuruşmamağı haqda deyilənlərdə də həqiqət yoxdur. “Xaçmazda dayanan 1 Piyada Diviziyasının 350 əsgəri Samur uğrunda döyüşlərdə şəhid oldu”.

Qonağımız şərh yazan dinləyicilərə bir sual da ünvanlayır: “Hökumət tabe olmuşdusa, ordu nə etməliydi? Ordu bu vaxt Qazaxda, Zəngəzurda, Qarabağda, Gədəbəydə daşnaklara qarşı vuruşurdu”.

BİZİM İKİ BÖYÜK SƏRKƏRDƏMİZ VAR!


Əlağa Şıxlinski ilə Səməd bəy Mehmandarovu nəzərdə tutduğunu deyən qonağımız “Onlar öz ölkəsində xidmət etmiş olsaydılar, marşal rütbəsinəcən çatardılar”, deyə vurğuladı.
Kamran İsmayılov

Ə. ŞIXLİNSKİYƏ DƏ ŞƏR ATANLAR OLUB


Ş. Nəzirli Sovetlər dağılanda Ə. Şıxlinskiyə də şər atıldığını söylədi: “Guya Qızıl Ordu Xaçmaza keçəndə Ə. Şıxlinski əmr edib ki, körpüləri partlatmasınlar, dəmiryolunu sökməsinlər. O vaxt Əks-Kəşfiyyat İdarəsinin rəisi olmuş Nağı bəy Şeyxzamanlı buna kitabında aydınlıq gətirib. O yazır ki, Xəlil paşa gəlib Şıxlinskiyə yalvardı ki, paşam, dəmiryolunu sökdürməyin, bolşeviklərə qarşı vuruşmayın. Guya bu ordu Bakıya girməyəcək, Xırdalan və Yanardağdan keçib Türkiyəyə köməyə gedəcəkmiş”.

XƏLİL PAŞA BİZİ ALDATDI


Xəlil Paşanın bolşeviklərin adamı olduğunu deyən Ş. Nəzirli “Xəlil paşa bizim milləti aldatdı. Bunu danmaq qeyri-mümkündür. Xəlil paşanın tabeliyində olan Yardım alayı silahı atıb bolşeviklərə qarşı vuruşmadı. Bolşeviklər Bakıya girəndən sonra Yardım alayının bütün silahlarını əllərindən aldılar, bir hissəsini qovdular, bir hissəsini güllələdilər”, dedi.

YARDIM ALAYI 1918-Cİ İLDƏ BAKIYA GƏLƏN TÜRKLƏRDƏN QURULUBMUŞ


Ş. Nəzirli alayın iki il öncə Nuru paşanın başçılığı ilə gələn türklərdən qurulduğunu söylədi. “1918-ci ildə bizi xilas etdilər. Onlara ömür boyu borcluyuq. Amma ortada bu fakt da var”.

YARDIM ALAYI NİYƏ QALMIŞDI?


Nuru paşadan sonra xeyli sayda türk əsgər və zabitlərinin Bakıda qaldığını deyən Şəmistan bəy ordu quruculuğu dövründə S. Mehmandarova bu məqsədlə 1 milyon pul ayrıldığını, ancaq generalın bu alayı ordunun tərkibinə daxil etməkdən imtina etdiyini söylədi. “Dedi, bu, saxta bir alaydır. Ordunun tərkibinə daxil etməyəcəyik. Axırda da onlar qaçdılar. Bunu tək mən demirəm. Türkiyədə, Fransada çıxan kitablar deyir”.

Cümhuriyyət ordusu - 1919
Ş. Nəzirli 1931-ci ildə Yardım alayı ilə bağlı Türkiyədə qurulan məhkəmədə onlara belə bir sual da verildiyini dedi: “Axı biz Azəri qardaşlarımızı 1918-ci ildə bolşevikin, daşnakın qanlı süngüsündən xilas etdik. Nə üçün iki il sonra qardaşlarımızı bolşevik, daşnak süngüsünə taxdınız?” Hamısı başını aşağı salıb”.

HƏR KƏS ÖZ FİKRİNİ DEYƏ BİLƏR


Tarixçi-alim Kamran İsmayılova görə, hər bir tarixi mövzuya fikir bildirmək oxucunun haqqıdır. “Bu fikir subyektiv də ola bilər, obyektiv də. Əslində bu sualların doğmasına səbəb odur ki, biz tarixə subyektiv baxmağa davam edirik. Faktlara müraciət etmədən, heç bir təhlil aparmadan danışırıq. S. Mehmandarov hərbçi idi. Hərbçinin də vəzifəsi tabe olmaqdır. Orduya əmri siyasi rəhbərlik verir. Odur ki, biz sərkərdələrimizin əməllərinə qiymət verərkən subyektivliyə qapılmamalıyıq. Dövrün tarixi gerçəkliyindən çıxış etməliyik. Mehmandarovun Cümhuriyyət ordusunun qurulmasında çox böyük rolu olduğunu unutmamalıyıq. Bunu tarix bizə bağışlamaz”.

SƏMƏD BƏY BAKININ HANSI SƏMTİNDƏ YAŞAYIB?

Ş. Nəzirli arxivdən Səməd bəy Mehmandarovun harada yaşadığını axtarıb tapdığını da söylədi. “ 1918-31-ci illərdə indiki İstiqlaliyyət küçəsində, Əlyazmalar İnstitutu ilə üzbəüz, keçmişdə aptek olan binanın üstündə yaşayıb. 1994-cü ildə nazirliyin yardımı ilə orada barelyefini də açdıq. Bu yaxınlarda ordan keçirdim. Gördüm bina təmirə dayanıb. Rəhbərləri Türkiyə vətəndaşı idi. Girdim tanış oldum, məlum oldu ki, Səməd bəyin kim olduğunu biləndən sonra barelyefə xüsusi qayğı göstərib. Çərçivəyə alıb”.

--Gələn Qızıl ordunun sayı əslində nə qədər idi? 40 minə yaxın Cümhuriyyət ordusu Qızıl ordu ilə vuruşa bilərdimi?
--Ziya Bünyadovun vaxtilə Samur təpəsinin üstündə Azərbaycan əsgərinin abidəsini qoymaq təklifi niyə gerçəkləşmədi?
-- Ə. Şıxlinski dostu Səməd bəyin məzarının köçürülməsinə nədən yardım etmədi?
--Ə. Şıxlinski 30-cu illərdə Bakıda necə yaşayırdı? Qarabaşaq yarması almağa gedən generala küçədə necə münasibət göstərirdilər? O niyə “Ac qalsam da, bir də dükana getməyəcəyəm” –dedi?
--L.Tolstoyun qızı Mariya Tolstoya yazdığı kitabda şəfqət bacısı işlədiyi Şıxlinski ordusundan nələr yazıb?
--Şuşalı Mehmandarovlar niyə Lənkərana köçdülər?
--Lənkəranda Mehmandarovun doğulduğu qırmızı kərpicli evə illər öncə vurdurduğu lövhəni keçən il Şəmistan bəy harda gördü?
--Qılman İlkin doğrudanmı Səməd bəyi şəhərin “Bəy hamamı”nda xəzinədar işləyən görüb? Hamamın arxivini araşdıran Şəmistan Nəzirli nəyə rast gəldi?
--Şəmistan Nəzirli generalın küçə süpürməsini hansı arxivdən oxuyub öyrəndi?

“Can Bakını” dinləyin, söhbətdən ətraflı xəbərdar olun.

XS
SM
MD
LG