Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:38

Seçki pozuntuları haqda xəbərlər gəlir /saat 08:00-12:00/


SEÇİCİLƏR MƏNTƏQƏLƏRƏ AVTOBUSLARDA GƏTİRİLİRLƏR

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürmüş Anar Qasımov AzadlıqRadiosuna bildirib ki, sözügedən dairənin seçki məntəqələrində artıq pozuntular baş verməkdədir. .

Namizədin sözlərinə görə, həmin dairənin Sumqayıtdakı 36 saylı məntəqəsində müşahidəçilər nəzarət altında saxlanılır, onlara oturduqları yerdən qalxmağa və seçki komissiyası üzvlərinin stollarına yaxınlaşmağa icazə verilmir.

"Müşahidəçilərlə seçki komissiyası üzvləri arasında xeyli məsafə olduğundan müşahidə aparmaq mümkün deyil. Seçki qutusu elə yerə qoyulub ki, müşahidəçilər səsverməni müşahidə edə bilmirlər".

Namizədin sözlərinə görə, dairənin 31 saylı məntəqəsində də qanunsuzluqlar var. Seçki komissiyasının üzvləri bir seçiciyə bir neçə səsvermə bülleteni verirlər.

"Məntəqələrə avtobuslarla gətirilən adamlara bülletenlər verilir ki, seçki qutularına atsınlar".

Namizəd deyir ki, bu işləri səsvermə başlanandan seçki məntəqələrinin qarşısında dayanan ərazi üzrə icra nümayəndəliklərinin işçiləri görürlər.

Zəngilan-Qubadlı 125 saylı DSK-nın sədri Əli Məsimov isə AzadlıqRadiosuna namizəd Anar Qasımovun dediklərini təkzib edib və DSK-ya daxil olan məntəqələrində səsvermənin tam qanuna uyğun şəkildə keçirildiyini deyib.

QRUP ŞƏKLİNDƏ TƏKRAR SƏS VERİLİB


AzadlıqRadiosunun müxbiri xəbər verir ki, 36 saylı Xətai seçki dairəsinin 5 və 7-ci məntəqələrində 5 qadının təkrar səs verdiyini müşahidə edib. Qadınlar özləri bunu inkar ediblər. Həmin məntəqələrin sədrləri də faktı təkzib ediblər.

36 saylı Xətai seçki dairəsinin həmin məntəqələrində başqa bir qrup da təkrar səs verməyə cəhd göstərib, amma komissiya üzvləri müxbirin prosesi izlədiyini görüb təkrar səsverməyə imkan verməyiblər.

PREZİDENT SƏS VERDİ
Prezident İlham Əliyev və xanımı səsə verərəkən, 7 noyabr 2010

Prezident İlham Əliyev səsvermədə iştirak edib. O, ailə üzvləri ilə birlikdə 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.

SEÇİCİLƏRİN 10,61 FAİZİ SƏS VERİB

Saat 10:00-a olan məlumata görə, seçicilərin 10,61%-i səs verib. Bu, rəsmi məlumatdır.

Respublika üzrə səsvermədə 524 926 seçici iştirak edib.

Məlumata görə, ən fəal dairə 1 saylı Şərur-Sədərək seçki dairəsidir. Bu dairədə seçicilərin fəallığı 24,7% olub. Ən aşağı fəallıq isə 31 saylı Suraxanı ikinci seçki dairəsindədir. Burda seçici fəallığı 2,82%-dir.

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov ilkin hesabat saatına qədər "nəticələrin normal olduğunu" deyib.

SUMQAYITDA SEÇKİ POZUNTULARI

42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu həmin dairədəki Seçki Komissiyasının və Mərkəzi Seçki Komissiyasının sədrlərinə məktub göndərib.

Məktubda deyilir ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin məntəqələrində çoxsaylı qanun pozuntularına yol verilir, məşvərətçi səs hüquqlu komissiya üzvləri və müşahidəçiləri heç bir məntəqəyə vaxtında buraxılmır:

“6, 12, 16, 28, 29 və 33 saylı məntəqələrdə MSK-nın səlahiyyətli nümayəndələrinə məntəqəyə daxil olmaq üçün şərait yaradılmayıb.

23, 25, 31 və 32 saylı məntəqələrdə komissiya sədrləri seçki bülletenlərinin sayılaraq müşahidə edilə biləcək yerdə yerləşdirilməsindən qəti imtina edirlər.

22 və 23 saylı məntəqələrin yerləşdiyi 17 saylı məktəbdə arxa qapılar açıq saxlanılır və kənar şəxslərin səsvermədə iştirakına şərait yaradılır, irad tutanlar məntəqə sədrləri tərəfindən təhqir olunur.

6 saylı məntəqədə seçicilərin şəxsiyyətini təsdiq edən sənədin yoxlanılmasını məşvərətçi səs hüquqlu komissiya üzvlərinə və müşahidəçilərə müşahidə etməyə imkan verilmir.

24 saylı məntəqə seçki komissiyasının sədri şəxsən özü seçki qutusuna bülleten atır”.

42 saylı dairənin sədri Seyidrza Seyidov bütün bu pozuntular barədə deyilənləri AzadlıqRadiosuna təkzib etdi.

O bildirir ki, bu nöqsanların yazıldığı aktlar qabaqcadan hazırlanıb və seçki günü səsvermə başlayan kimi mediaya ötürülüb. Onun sözlərinə görə, məntəqələrdə Mirmahmud Mirəlioğlunun müşahidəçiləri daha çoxdur:

“Onun müşahidəçisi qapıda durub deyir ki, şəxsiyyət vəsiqələrini özüm yoxlamalıyam.

Bizim işiçilərin işini görmək istəyirlər. Müşahidəçiyə o hüquq verilib? Bu harda yazılıb? Deyirəm ki, daha keçib, yola verin. Bu qarayaxmadır, ayıbdır”.

17 saylı məktəbdə arxa qapıların açıq saxlanmasına gəlincə, DSK sədri bunu təsdiqləyir:

“Seçicinin məntəqəyə girib-çıxmaq yeri olmalıdır. Bunlar deyirlər bir yerdən girib-çıxsınlar. Qapını özüm açıq qoydurmuşam ki, camaata maneçilik olmasın, bir qapıdan girib, o birindən çıxsınlar”.

«AXCP-MÜSAVAT»-IN MÜŞAHİDƏÇİSİ POLİSLƏ HƏDƏLƏNİB


29 saylı Səbail DSK-nın 5 saylı məntəqəsində AXCP-Müsavat seçki blokundan müşahidəçi olan Elşad Əliyev AzadlıqRadiosuna deyib ki, seçki məntəqəsində müşahidəçilərlə komissiya üzvlərini bir-birlərindən təqribən 10-15 metr aralıda oturdublar.

Müşahidəçilər səsverməni müşahidə edə bilmirlər. Onun sözlərinə görə, bu barədə məntəqə sədrinə iradını bildirəndə məntəqə sədri Solmaz Həsənova müşahidəçini məntəqəyə polis çağıracağı və onu məntəqədən uzaqlaşdıracağı ilə hədələyib.

Solmaz Həsənova AzadlıqRadiosuna deyilənləri təkzib edib.

MÜŞAHİDƏÇİ POLİSƏ APARILIB

“AXCP-Müsavat” blokunun müşahidəçisi polisə aparılıb

31 saylı Suraxanı seçki dairəsində “AXCP-Müsavat” seçki blokundan müşahidəçi olan Elçin Həsənov AzadlıqRadiosuna bildirib ki, saat 8.30 radələrində 33 saylı polis bölməsinin əməkdaşları məntəqəyə gələrək onu polis bölməsinə aparıblar.

Polis bölməsində müşahidəçi vəsiqəsi əlindən alınıb, polis əməkdaşları ona seçki məntəqəsində asayişi pozmasını irad tutublar, izahat yazdırandan sonra şifahi xəbərdarlıq edərək vəsiqəsini özünə qaytarıblar və bölmədən buraxıblar.

Elçin Həsənovun sözlərinə görə, həmin məntəqədə müşahidəçilərə protokol vərəqələri paylanıb, sonradan həmin protokol vərəqələrini “AXCP-Müsavat” blokunun müşahidəçilərindən geri almaq istəyiblər. O, etirazını bildirdikdə, məntəqə üzvləri məntəqəyə polis çağırıblar.

Müşahidəçi bu barədə 31 saylı Suraxanı DSK-ya rəsmi məlumat verəcəyini və məhkəməyə müraciət edəcəyini deyib.

31 saylı Suraxanı DSK-nın katibliyinin hüquqşünası Rüstəm Məhərrəmov AzadlıqRadiosuna bildirilib ki, müşahidəçi Elçin Həsənov ona verilmiş protokola niyə möhür vurulmamasını səbəb gətirərək məntəqədə səs-küy salıb və səsvermənin 25 dəqiqə gec başlamasına səbəbkar olub. Hüquqşünasın sözlərinə görə, protokollar səsvermə başa çatdıqdan sonra imzalanır.

İSA QƏMBƏRİN VƏKİLİ DÖYÜLDÜ

Tural Abbaslı təzyiqlərə məruz qalıb
15 saylı Yasamal birinci seçki dairəsinin 20 saylı məntəqəsində müşahidəçilərin səsvermə prosesini izləməkdən məhrum edilməsinə etiraz edən Tural Abbaslı təzyiqlərə məruz qalıb.

Tural Abbaslı bu dairədən namizəd olan Müsavat Partiyasının başqanı İsa Qəmbərin vəkilidir.

O, müşahidəçilərin səsvermə prosesini izləməkdən məhrum edilməsinə etiraz edərkən məntəqə komissiyasının üzvləri polis çağırıblar. Polis Tural Abbaslını döyə-döyə çölə çıxarıb.

Məntəqə komissiyasının bəzi üzvləri “belə adamları həbs etmək lazımdır”, – deyiblər.

VİDEO, FOTO ÇƏKİLİŞİNƏ İCAZƏ VERİLMİR

17 saylı Yasamal 3-cü seçki dairəsindən AzadlıqRadiosuna daxil olan məlumata görə, dairənin bir sıra məntəqələrində video-foto çəkilişlərə icazə verilmir.

Şikayətlər 14, 27 və 28 saylı məntəqələrdən gəlib.

Bu dairədən namizəd Bəxtiyar Hacıyevin seçki qərargahından aldığımız məlumata görə, 14 saylı məntəqənin sədri Rəna Talışxanova, 27 saylı məntəqənin sədri Dəstə Hüseynova və 28 saylı məntəqənin sədri Sona Bayramova bildiriblər ki, Dairə Seçki Komissiyasının sədri Qədir Kərimovun ciddi tapşırığı olduğu üçün müşahidəçilərə video və foto çəkilişlərin aparılması üçün icazə vermirlər.

17 saylı Yasamal 3-cü seçki dairəsinin sədri Qədir Kərimov hələlik AzadlıqRadiosunun telefon zənglərinə cavab vermir.

Seçki Məcəlləsi məntəqələrdə video-foto çəkilişləri qadağan etmir.

MÜŞAHİDƏÇİLƏR SƏSVERMƏ PROSESİNİ İZLƏYƏ BİLMİRLƏR

15 saylı Yasamal birinci seçki dairəsinin 20 saylı məntəqəsində “İnsan Naminə” seçki blokunun namizədi Əli Əliyevin məşvərətçi səs hüquqlu komissiya üzvü Əfqan Məmmədov AzadlıqRadiosuna deyir ki, onlar səsvermə prosesinin izləməkdən məhrum olunublar.

Onun sözlərinə görə, 20 saylı məntəqənin müşahidəçiləri qonşu 21 saylı məntəqədə yerləşdiriliblər. Bu səbəbdən də prosesi izləyə bilmirlər.

Əfqan Məmmədov deyir ki, bu barədə MSK və ATƏT-in Müşahidə Missiyası məlumatlandırılıb.

20 saylı məntəqənin sədri Rahidə Allahverdiyeva isə müşahidəçinin dediklərinin əsassız sayır:

“Heç bir müşahidəçi narazılıq eləmir, bircə budur. Arada qarışıqlıq salır”.

MƏZAHİR PƏNAHOV: “SEÇKİLƏR PLÜRALİZM VƏ ŞƏFFAFLIQ ŞƏRAİTİNDƏ KEÇƏCƏK”


“7 noyabr seçkiləri Azərbaycanda demokratik şəraitin, ictimai asayişin, vətəndaş anlaşması və həmrəyliyin növbəti görsənişi olacaq”. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 4-cü çağırış Milli Məclisə seçkilərin açılış mərasimində belə deyib.

M.Pənahov bildirib ki, seçkilər plüralizm və şəffaflıq şəraitində keçəcək:

“5 milyona yaxın seçici hüquqlu Azərbaycan vətəndaşı 5 mindən çox seçki məntəqəsində öz konstitusion hüququndan istifadə edəcək”.

MSK-nın məlumatına görə, respublika üzrə seçicilərin ümumi sayı 4.946 588 nəfərdir. Seçkiləri 47 minə yaxın yerli, mindən artıq beynəlxalq müşahidəçi izləyir. Seçkilərdə ümumilikdə 23 siyasi partiyanın namizədi iştirak edir.

Seçki pozuntuları ilə əlaqədar 115 nömrəsi fəaliyyət göstərir.

SEÇKİLƏR BAŞLADI

Noyabrın 7-i Azərbaycanda parlament seçkiləridir. Səsvermə səhər saat 8:00-da başlayıb. Bu andan etibarən məntəqə seçki komissiyaları səsvermə üçün açılıb. Seçicilər qeydiyyatda olduqları dairələr üzrə müvafiq məntəqə seçki komissiyalarında istədikləri namizədə səs verə bilərlər.

Səsvermə axşam saat 19:00-da başa çatır.

Seçkilər ölkə üzrə 125 dairədə və 5314 seçki məntəqəsində keçirilir. Ölkə üzrə 4 milyon 950 min nəfər seçici var.

Bu seçkilərdə 125 deputat yeri uğrunda 690 namizəd mübarizə aparır.

Səsvermənin likin nəticələrinin gecə saatlarında açıqlanacağı gözlənilir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sayca 4-cü parlament seçkiləridir.

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET
XS
SM
MD
LG