Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:55

«Bizi seçkinin nəticələri deyil, necə keçirilməsi maraqlandırır»


Odri Qlover
Odri Qlover
«Seçkilər məzmun baxımından demokratik tələblərə cavab vermədi». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri, səfir Odri Qlover deyib. Onun sözlərinə görə, namizədlərə kifayət qədər bərabər imkanlar yaradılmamışdı:

«Bizim bəyanatımız daha geniş idi. Lakin qısa şəkildə desək, məzmun baxımından seçkilərin yetərli qədər demokratik tələblərə cavab vermədiyini qeyd etmək olar. Media ilə bağlı bütün tərəflər üçün bərabər imkanlar yaradılmamışdı. Həmçinin seçki günündə də pozuntular var idi. Eyni zamanda debatların aparılması üçün yetərli qədər mühit yox idi».

Səfir müşahidə missiyaları arasındakı fikir ayrılıqlarına da münasibət bildirib:

«VAHİD BİR NƏTİCƏYƏ GƏLMƏK ÇƏTİNDİR»

«Təbii ki, 4 qrup olanda vahid bir nəticəyə gəlmək çətindir. Amma mən düşünürəm ki, bizim hər birimiz öz fikrimizi ifadə edə bildik. Və təbii ki, orada müəyyən məqamlar vardı ki, onlarla bağlı biz birgə qərara gəldik. Çünki bu birgə bir bəyanat idi. Mən düşünürəm ki, burda ilk növbədə vaxtla bağlı fərq var idi. Çünki ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu artıq uzun müddətdir ki, burdadır. Bizim müşahidəçilər uzunmüddətli müşahidəçilər idi. Lakin digər təşkilatlar qısa müddət ərzində burada olublar».

Odri Qlover deyib ki, seçki prosesi ümumilikdə hələ bitməyib və onlar hazırda müraciətləri təıhlil edirlər:

«Hələ də məlumatlar bizə daxil olur və bütün bu məlumatların təhlil olunması prosesi gedir. Ona görə təbii ki, müəyyən məntəqələrin, dairələrin adını çəkmək olar, amma konkret hansı dairələrdə pozuntular olub, bunu demək bir qədər çətindir məncə».

Müşahidə missiyasının rəhbəri seçkilərin demokratik keçirilib-keçirilməməsi barədə vəziyyəti belə qiymətləndirib:

«BİZİM ÜÇÜN ÇƏTİNDİR»

«Seçkilərin demokratik keçib-keçməməsini qiymətləndirmək bizim üçün çətindir. Bəyanatda da bir daha qeyd etmişdim ki, insanların öz ifadə haqqının olması, azad KİV-in olması, KİV-in fəal işləməsi əsas məqamlardan biridir. Azərbaycan ATƏT-in üzvüdür və demokratiya ilə bağlı öhdəlikləri var. Xüsusilə, Kopenhagen kriteriyaları ilə bağlı. Onlar ümumilikdə götürəndə həm də demokratiyaya aiddir. Həm də eyni zamanda seçkilərə aid bir öhdəliklərdir. Bunlar bütün üzv dövlətlər tərəfindən qəbul olunub. Təbii ki, Azərbaycan həm də Avropa Şurasının üzvüdür, Avropa Şurasının da demokratiya, insan hüquqları və seçkilərlə bağlı qanunvericiliyinə riayət etməlidir. Məsləhət baxımından nəzərdən keçirsək ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosu təşəbbüsünü verməyə, yardım etməyə hazırdır».

«ARTIQ BÜLLETENLƏRİN ATILMASI BARƏDƏ MƏLUMATLAR ÇOXLUQ TƏŞKİL EDİR»

Missiyanın media analitiki Rasto Kuzel
Səfir deyib ki, məlumatlar hələ təhlil olunur və növbəti hesabatda özünə yer tapacaq. Onun sözlərinə görə, budəfəki seçkilərdə ötən seçkilərə nisbətən qutulara artıq bülletenlərin atılması barədə məlumatlar çoxluq təşkil edir:

«Bu rəqəmlər hələ də təhlil olunur və biz çox güman ki, sonuncu hesabatımızda bu məlumatları ora daxil edəcəyik. Lakin bülletenlərin qutulara salınması məsələsi həqiqətən də dairələrin çoxunda çox yüksək olub. Eyni zamanda, bizim aldığımız məlumatlara görə, bir çox dairələrdə hətta səslərin sayılması prosesində də qanun pozuntuları olub».

Odri Qlover bildirib ki, onları seçkinin nəticələri deyil, necə keçirilməsi maraqlandırır:

«BUNDAN ARTIQ BİR SÖZ DEYƏ BİLMƏRİK»

«Əslində, seçkilər olub. İnsanlar müxtəlif namizədlərə səs veriblər. Yəni, seçkilər keçirilib. Biz bundan artıq bir söz deyə bilmərik. Yerdə qalan isə burda yaşayan insanların və rəsmilərin fikri olmalıdır ki, doğrudan da bu nəticələr uyğundur ya yox. Bizim əsas məqsədimiz bu seçkilərin fundamental tələblərə cavab verməsini nəzərdən keçirməkdir. Əldə etdiyimiz məlumatları nəzərdən keçirməklə çalışırıq ki, bu haqda müəyyən fikirlərimizi bildirək. Kimin seçilməsi məsələsi bizi o qədər maraqlandırmır. Bizi əsas maraqlandıran odur ki, bütün namizədlərə eyni imkanlar yaradıldımı və onlar öz platformalarını bərabər şəkildə çatdıra bildilərmi».

Missiyanın media analitiki Rasto Kuzel isə müşahidəçilərin məntəqələrə bölünməsi məsələsinə toxunub:

«SEÇKİLƏRİN NƏTİCƏSİ HAQDA DANIŞMAQ BİZİM MANDATIMIZA DAXİL DEYİL»

«Hər bir məntəqədə müşahidəçilərin olması bir qədər çətindir. Yəni, bunu çatdırmaq da mümkün deyil. Lakin biz müşahidəçilərimizi bütün regionlara göndəririk və çalışırıq ki, bütün ölkə üzrə bir fikir yaransın. Hələ də bizə gələn məlumatları təhlil edirik. Daha dəqiq məlumat sonradan veriləcək hesabatda. Lakin ilkin nəticə ondan ibarətdir ki, səsvermə və səslərin sayılması zamanı problemlər yaşanıb. Seçkilərin nəticəsi haqda danışmaq bizim mandatımıza daxil deyil. Bu Azərbaycan hökumətinin səlahiyyətinə aid bir şeydir ki, seçkilər qanunvericiliyə cavab versin».

Rasto Kuzel deyib ki, prosesin bütünlüklə qeyri-qanuni olması haqda onların əlində əsas yoxdur:

«Bizim müşahidəçilər səslərin sayılması məsələsini müşahidə etdilər və müəyyən problemlər olmuşdu. Məsələn, dairələr riayət etməli olduqları qayda-qanunlara əməl etmirdilər. Amma bu bizə əsas vermir ki, deyək ki, bütünlükdə proses qeyri-qanuni olub».

XS
SM
MD
LG