Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:18

Intihar etmiş yazarlar: Akutaqava


Ryunoske Akutaqava yeni yapon ədəbiyyatının klassiklərindəndir.

Akutaqavanın yazdıqları, həyatı haqqında hər yerdən məlumat əldə etmək mümkündür.

Amma bir insan olaraq, bəlkə də bir insanın yaşaya biləcəyi bütün əzabları yaşamışdı.

Yazıçı uzun illər yuxusuzluq, ruhi gərginlikdən sonra 35 yaşında əbədi dincəlmək qərarına gəldi, 1927-ci il 24 iyulda yuxu dərmanı içərək intihar etdi.

Əslində Akutaqavanın intihar etməsi çox adamı təəccübləndirmədi. Əsərlərində, qısa aforizmlərində o, intihar kəlməsini çox tez-tez işlədirdi.

“Allahlara məxsus olan bütün cəhətlərin içində biri məndə daha çox təəssüf doğurur, allahlar intihar edə bilmirlər”.

Hətta bir dəfə yazıçı o qədər bezmişdi ki həyatından onu öldürəcək insanı da axtarmışdı.

“Daha yazmağa gücüm yoxdur. Belə ruhi vəziyyətdə yaşamaq dəlilik cəhənnəmidir.

Yəni kimsə tapılmayacaq ki, mən yatanda gəlib sakitcə məni boğsun?”

Akutaqava gənc yaşlarından intihara meylli olub.

Hətta bir dəfə eksperiment də keçirib: boynuna kəndir keçirib, saniyəölçəni izləyib ki, ölüm neçə dəqiqə çəkir. 20 dəqiqə sonra artıq huşunu itirməyə başlayanda yazıçı intihara cəhdi dayandırıb, intiharın bu formasını xoşlamayıb.

Akutaqava bütün ömrü boyu iki şeydən qorxub: dəlilikdən (onun anası ruhi xəstə olub) və yaradıcılıq istedadının tükənməsindən.

Onun nə qədər çox hissiyatlı biri olduğunu başa düşmək üçün məncə çox kiçik yazısından sitatları oxumaq da kifayət edir:

“Gələcək həyat

Bəzən təsəvvür edirəm ki, on beş, iyirmi və ya qırx il sonra mənim mövcudluğum haqqında heç kəs bilməyəcək.

Həmin vaxt mənim əsərlərimdən ibarət kitablar ya toz-torpaq altında dəfn ediləcək, ya da Kanda ( Tokioda məşhur kitab dükanı), bir küncdə oxucu gözləyəcək.

Və ya ola bilər ki, kitabxanada cildlərdən biri zalım kitab qurdlarının yeminə çevriləcək və elə bir hala düşəcək ki, heç hərfləri seçmək olmayacaq.

Amma... Düşünürəm ki, ola bilər ki, kimsə təsadüfən mənim əsərlərimi görəcək və onlardan hansısa kiçik hekayəni və ya bir neçə cümləni oxuyacaq.

Və ya şirin ümiddən danışarkən, və ya məsələn ola bilər ki, həmin sətirlər və ya kiçik hekayə tanımadığım o oxucu üçün gözəl yuxu ola bilər, qoy heç uzun olmasın.

Amma yenə də təsəvvür edirəm ki, uzaq gələcəkdə, qırx il sonra oxucu əsərlərimdən ibarət kitabı əlinə götürəcək. Həmin oxucunun ürəyində dumanlı, ilğım kimi mənim obrazım canlanacaq...

Başa düşürəm ki, ağıllı insanlar axmaqlığıma güləcəklər.

Amma gülməyi mən də bacarıram və bunda heç kimə uduzmaram. Amma öz axmaqlığıma gülərkən, bu axmaqlıqdan yapışan ruhumun zəifliyinə yazığım gəlməyə bilmir.

Özümlə və bütün başqa ruhən zəif insanlarla birlikdə acıya bilmirəm”.

Deyilənə görə, Akutaqava intihardan qabaq 6 məktub yazıb. Uşaqlarına yazdığı məktubda Akutaqava qeyd edib:

“Yadınızda saxlayın, həyat mübarizədir”. Sonra “mübarizə” sözünə belə bir əlavə edib: “ölümə aparan mübarizədir”.

Həmçinin oxu
Ryunoske Akutaqava. VƏSİYYƏT (dostuma məktub)
XS
SM
MD
LG