Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:59

«Onlarsız nə bayram»


Emin Fətullayev
«EYNULLASIZ NƏ BAYRAM…»

Qapıdan içəri girər-girməz əlinin işarəsi ilə Emin Fətullayev məni salamlayır və telefonla danışığına davam edir. Evin xanımı ilə görüşüb hal-əhval tuturam, bayramlarını təbrik edirəm. Cavabında isə «Eynullasız nə bayram…» cümləsini eşirdirəm. Düzü, təəccüblü də gəlmir deyilən sözlər. Bu evdə şadyanalıq edilməsi səhnəsini görəcəyimi gözləmirdim də…

Fətullayevlər Qurban bayramını evin bircəcik oğlu Eynullasız yola salırlar. Artıq 3 il yarımdan artıqdır həbsdə olan jurnalist Eynulla Fətullayevin valideynlərinin qonağı idim. Anası çay süfrəsi düzəldir, atası Emin Fətullayev isə oğlunun sonuncu məhkəməsindən təəssüratını bölüşür:

- Adətən Plenum işi ləğv edib göndərir Apelyasiya məhkəməsinə. Apelyasiya məhkəməsi ona görə baxmadı ki, əgər baxsaydı, o zaman istintaq başlayacaqdı. Onda bizə zülm edənlər hamısı məhkəməyə gəlməli idilər.

ƏN YÜKSƏK SƏVİYYƏDƏ NÖQTƏ

Emin Fətullayev deyir ki, əvvəldən bütün bu məsələlərin Avropa Məhkəməsinə qədər gedib çıxmasına qarşı olub:

-Biz bütün instansiyaları keçib ora çıxmalıydıq ki, etiraf olunsun ki, bu belə qondarma işdir. Mən bunu istəmirəm axı. Ən yüksək səviyyədə bu işə nöqtə qoyulmalıdır. .

Avropa İnsan Haqları Məhkəməsi bu ilin aprelində qərar verib ki, Eynulla Fətullayev terrorra çağırış, irqi ayrı-seçkiliyi qızışdırma, vergidən yayınma ittihamları ilə əsassız həbs olunub. Ali Məhkəmə terrora çağıriş və irqi ayri-seçkiliklə bağlı qərarı təmin etsə də, vergidən yayınma ittihamına görə cəzanı 2 il 4 aya yaxın qaldırıb.
Dünyanın hər bir yerindən Eynullaya məktublar gəlir…
Üstəlik, jurnalistin narkotik saxlama ittihamıyla həbsdə saxlanmasını bu işə aid etməyib.

BİR DƏNƏ DƏ OLSUN MÜSƏLMAN ÖLKƏSİ ONA YAZMAYIB

Məhkəmələrdən, qərarlardan danışa-danışa oturduğumuz otağı gözucu seyr edirəm – burada hər şey Eynullaya aiddir. Şkafların üstündə və divarda çərçivələrdə jurnalistin görüşlərini əks etdirən şəkillər və evin bir küncündə topalanmış karton yeşiklər gözümdən yayınmır. Emin Fətullayev yeşikləri qaldıra-qaldıra danışır:

- Dünyanın hər bir yerindən Eynullaya məktublar gəlir…Bax bu yeşiyin ağırlığı 80 kilodur. Amma bu qədər məktubun içində bir dənəsi Azərbaycandan yoxdur. Bir dənə də olsun müsəlman ölkəsi ona yazmayıb. Dəhşət budur….

«Mənə Emin dayı deyib qəbul ediblər» deyir həmsöhbətim və danışır ki, bayram başlayandan telefonu susmayıb. Mesajlar, zənglər ara vermədən gəlir:

MƏNƏ QALAN JURNALİSTLƏR OLDU…

- Eynulla bayırda da olsaydı, bu bayramları çox qəbul etmirəm…dərindən oturub fikirləşirsən, bir gündə gör nə qədər qan axıdılır…Bu 3 ildə bütün münasibətlərə yenidən baxmalı oldum. Dostlar, tanışlar, qohumlar – hamısını yenidən nəzərdən keçirtdim…Mənə qalan jurnalistlər oldu.

Fətullayevlərlə sağollaşıb bayram gününü həbsdə keçirən bloqqerlərdən birinin evinə üz tuturam…

Hikmət Hacızadə
Hikmət Hacızadəyə telefonda deyəndə ki, bayramla əlaqəli hal-əhval tutmaq istəyirəm, əvvəlcə dərindən çəkdiyi ah fasilə yaratdı. Sonra isə razılıq aldım. Mənzilin qapısı üzümə gülərüzlə açıldı. Bir ildən çoxdur həbsdə olan bloqqer Adnangilin evinə buyurmuşdum:

BUNA DA ÖYRƏŞDİK…

- Əhval-ruhiyyə çətindir əlbəttə ki, Adnana görə, amma adam öyrəşir sonunda. Gündə bir dəfə məktub yazırıq, gündə bir məhkəməyə kağız aparırıq, həftədə bir dəfə Adnanın yanına gedirik. Hazırlaşırıq yanına getməyə, bu da bizim həyatımız, buna da öyrəşdik…

Adnanın atası Hikmət Hacızadə deyir ki, belə bir vəziyyəti yaşayan təkcə onların ailəsi deyil:

HƏRƏ BİR DƏRDDƏDİR

- Hərə bir dərddədir, gərək mən də bir-bir oturum zəng edim. Yaxşı ideya verdin mənə (gülür) amma qurban verməyə də imkan yoxdur. İşlətməyə başqa söz tapmaq lazımdır…

Sonunda mənə üzərində «Free Donkey» – «Azad Eşşək» - yazılmış plakatı hədiyyə edir və sağollaşır.

Adnanla birlikdə xuliqanlıq ittihamıyla həbs edilmiş digər bloqqer Emin Millinin anası Novella Abdullayeva ilə də əlaqə saxladıq. Amma o bildirdi ki, indi danışmaq istəmir, əsl bayram keçirəndə - yəni «Emin evə qayıdanda görüşərik» dedi…

Elə qonaq olduğum iki evdə də bayramı – yəni övladlarının evə döndüyü günü gözləyirdilər…
XS
SM
MD
LG