Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:42

«Meydan hərəkatı yanmır!»


Rəhman Bədəlov və Niyazi Mehdi
“Biz Meydan hərəkatından 2010-cu ilin parlament seçkilərinə qədər çox təzadlı və kədərli bir yol keçmişik. İndi bu kədərli yolun sonunu yaşayırıq”.

Bu fikri AzadlıqRadiosunun “Can Bakı” proqramının “Payızın 17 anı Bakıya nə verdi?” mövzusunda keçirdiyi müzakirəyə qatılan professor Rəhman Bədəlov dilə gətirdi.

MEYDAN HƏRƏKATI YANMAZ!

Onun sözlərinə görə, eynən Mixail Bulqakovun məşhur “Əlyazmalar yanmır” ifadəsi kimi Meydan hərəkatı da yanmadı: “Təkcə gündəliklərdə deyil, şüurlarda, gələcəyimizdə necə əks olunacağından asılı olmayaraq, XX əsrdə ən böyük tarixi hadisəmiz Azərbaycan Xalq Cümhuriyyəti olduğu kimi, Meydan hərəkatı da önəmli bir siyasi fenomenimiz olaraq qalacaq. Bütün təzadları ilə birgə”.

MEYDAN HƏRƏKATI - XƏSTƏLİYİN ÖZÜ DEYİLDİ!

“SSRİ-nin çökməsinin çoxlu daxili səbəbləri vardı. Bakıdakı Meydan hərəkatı bəlkə də şiddətli qızdırmadan yanan xəstənin bədənindəki qırmızı səpgilərə bənzəyirdi. Bu səpgilər xəstəliyin özü deyil, əlaməti idi”.

Bu fikri isə politoloq Zərdüşt Əlizadə “Bəzi araşdırıcılar 22 il öncəki Meydan hərəkatını SSRİ-nin süqutunun başlanğıcı adlandırırlar. Siz necə düşünürsünüz?”- sualına cavabında söylədi.

ŞİŞİRTMƏDİR!

Zərdüşt Əlizadə bu fikri mübaliğə sandığını dedi və əlavə etdi ki, o dövrdə Bakıda da, Yerevanda da mitinqlər gedirdi: “Bütün bu mitinqlər gərgin siyasi proseslərdən, bu prosesləri Kommunist Partiyasının idarə edə bilməməsindən və ya idarə edə bilməsindən, həm də məkrli surətdə müəyyən məcraya yönəltməsindən xəbər verirdi”.

MİTİNQLƏR SSRİ TƏRƏFDARLARININ OPTİMİZMİNƏ ZƏRBƏ İDİ

Verilişin digər qonağı filosof Niyazi Mehdiyə görə, biz nə qədər bu mitinqlərlə öyünsək də, Meydan hərəkatının böyük bir ölkənin süqutunun başlanğıcı sayılması bizə ləzzət versə də, etiraf edək ki, Azərbaycan SSRİ sistemində elə önəmli nöqtə deyildi ki, dağılanda mərkəzi dağıtsın:

Zərdüşt Əlizadə
“Bəlkə də Pribaltika bu cəhətdən daha əhəmiyyətli idi... Amma sözsüz ki, məsələn, adamlar Moskvada görəndə ki, Azərbaycanda belə mitinqlər gedir, bu SSRİ tərəfdarlarının optimizminə zərbə olurdu”.

NƏ BAŞLANĞICI İDİ, NƏ DƏ SONU...


Rəhman Bədəlov araşdırıcıların başlanğıc deyərkən bu hərəkatı ölkəni çökdürən əsas səbəb kimi göstərmək istədiklərini vurğuladı: “Əlbəttə, elə olmayıb. Mənə elə gəlir ki, onun dağılması qaçılmaz idi. Amma Meydan hərəkatı prosesin nə süqutu, nə başlanğıcı idi, hər halda amillərdən biri idi - özü də çox mühüm amillərdən biri”.

BAKI İFRAT DƏRƏCƏDƏ AZƏRBAYCANI ƏVƏZ EDİR!

“Milli hərəkatlarda paytaxt hansı rolu oynayır” sualını cavablayan Rəhman Bədəlovun fikrincə, Meydan hərəkatı günlərində hadisələrin paytaxtı Bakı idi: “İnana bilmirəm ki, məsələn, bizdə Rumıniyadakı kimi hər hansı proses əyalətdə başlasın və Bakı ona qoşula bilsin. Bakı ifrat dərəcədə Azərbaycanı əvəz edir”.

SƏMİMİ GƏLƏNLƏR DƏ VARDI

Zərdüşt Əlizadənin hərəkatda qızışdırıcıların olduğu fikri ilə qismən razılaşan professor, “Hər halda elə biz üçümüz ora səmimi gəlmişdik və deyə bilmərəm ki, bizim kimi ora təmənnasız gələnlər yox idi”.

Rəhman Bədəlov bu cür hərəkatlarda spontanlığın güclü olduğunu, o üzdən də idarəetmənin mümkün olmadığını dedi: “Daha sonra belə hərəkatlardan istifadə edənlər olur. Yəni, inqilabdan yararlananlar həmişə başqaları olur...”.

- Niyazi Mehdi nədən gündəlik yazmağa girişdi?
- Professor gündəliyə düşən Meydan deyimlərindən hansılarını yada saldı?
- Zərdüşt Əlizadə Meydan hərəkatını niyə antidemokratik adlandırdı?
- Dinləyicinin hərəkat yoldaşlarına münasibət barədə iradını Zərdüşt bəy necə cavabladı?
- Niyə indiki “antidemokratik rejimə görə” Meydan hərəkatını günahkar bildi?
- “Meydan bülbülləri” ifadəsini nədən işlətdi? Hansı açıqlamalar verdi?
- Rəhman Bədəlov kütlədə demokratiya axtarmağı niyə sadəlövhlük sandı?
- Milli ruhun millətçiliyə keçidini nədən qorxulu hesab etdi? O keçidin bizdə niyə normal keçmədiyini iddia etdi?
- Qonaqlarımız “bu gedişlə biz hara gedirik və hara gedə bilərik” sualını necə cavablandırdı?
- Və nəhayət, qonaqların fikrincə yeni Azərbaycan-gələcək Azərbaycan harda formalaşacaq?

Ən yaxşısı, “Can Bakı”nı dinləməkdir.

XS
SM
MD
LG