Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:12

Azərbaycan Avropada öz qazını özü satmaq istəyir


“Xəzərlə bağlı işlərdə 5 sahil dövlətinin ümumi razılığa gəldiyi sahələrin payı artıq 70 faizə çatıb”, - bunu noyabrın 18-də Bakıdakı Xəzər sammiti ərəfəsi Tehran Times yazır.

19 ildə 70 faiz azdır ya çoxdur?

Bakı sammitində Xəzərin statusunda, Türkmən qazının Nabucco kəmərinə verilməsində, Türkmənistanla Azərbaycanın dənizdə ərazi mübahisəsində bir irəliləyiş ola bilərmi?

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin regional proqram direktoru Bülənt Əlirza deyir ki,
bunlar asılıdır Rusiyanın və eləcə də İranın mövqeyindən:

“Bundan əvvəl də belə toplantılar olub, ancaq Rusiyanın və İranın mənfi mövqeyi razılaşmalara imkan verməyib. Rusiyanın özü Avropaya qaz satır və Nabucconun əleyhinədir.”

ENERJİ TƏDQİQATÇISI TAMAM BAŞQA FİKİRDƏDİR

Xəzərdə razılığa gəlinməyən sahələr, daha doğrusu indiki reallıqda bunların rolu haqda Asia Times tamam fərqli mövqedən yazı dərc edib: Azərbaycanla Türkmənistan arasında dənizdə ərazi mübahisəsi var, ancaq bu, iki ölkə arasında enerji əməkdaşlığına prinsipcə artıq maneə deyil.
Xəzərin dibi ilə Azərbaycanla Türkmənistan arasında kəmər çəkməyə İranın və Rusiyanın narazılığı da əvvəlki maneə deyil.

Kanadanın Karlton Universitetində Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun baş tədqiqatçısı Robert Katler Asia Times da yazır ki, Azərbaycanın təmsilçiləri son vaxtlar hətta Xəzərin dibi ilə kəmər çəkmədən də müasir texnologiyalarla – mayeləşdirilmiş təbii qaz və ya sıxılmış təbii qaz texnologoiyaları ilə türkmən qazının Azərbaycana çatdırılmasından danışırlar.

Dünyanın ən nüfuzlu texniki institutlarından olan Massaçusets Texnoloji İnstitutunun və Miçiqan Universitetinin məzunu olan Katler köhnə problemlərə yeni reallıqlar baxımından yanaşır.

QAZI NABUCCOSUZ DA SATMAQ OLAR

Katler yazır ki, Rusiyanın Cənub Axını layihəsində bir irəliləyiş olan kimi bunu rəqib Nabucco kəmərinin ölməsi kimi yozurlar. Ancaq ölkələr istədikləri qazı bu kəməri çəkmədən də sata bilərlər.

Doğrudanmı Azərbaycan öz qazını Nabucco tikilməsə də sata bilər?
Enerji Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban :
“Bu, düzgün fikirdir. Azərbaycan real layihələrlə Yunanıstana, İtaliyaya, ordan da Fransaya çıxa bilər. Özü də infrastruktura xərc çəkmədən.”

Katler yazır ki, kəmərsiz daşımalarda yeni imkanlar bu yaxınlarda Ukraynanın Gürcüstan sahillərindən mayeləşdirilmiş qaz alması ilə açıldı.
Hazırda yeganə, ancaq çox böyük problem bunun daşınma xərclərini qiymətləndirməkdir. Çünki bu, çox baha başa gələ bilər.

Katler yazır ki, Nabucco üzrə yekun investisiya razılaşması gələn ilin birinci rübünə kimi təxirə salındı. Təxirə salan Azərbaycanın mövqeyidir.

AZƏRBAYCANIN İSTƏDİYİ NƏDİR?

Nabuccoya ildə 3 milyard dollar məbləğində 10 milyard kub metr qaz verməyə söz verən Azərbaycan Avropa bazarına qaz təchizatçısı kimi çıxmaq istəmir. Azərbaycan satıcı kimi çıxmaq istəyir.

Nabucco ortaya çıxandan sonra Azərbaycana xeyli təklif gəlib. Rusiya Azərbaycanın bütün qazını almaq istəyir- bu, təkliflərdən yalnız biridir. Azərbaycan maye və ya sıxılmış qaz texnologiyaları ilə Türkiyə-Yunanıstan-İtaliya kəmərinə qoşula, Azərbaycan-Yunanıstan-Rumıniya kəməri ilə qaz göndərə bilər.

Ona görə, Azərbaycan istəyir ki, Nabucco üzrə razılaşma gələn ilin əvvəlində ortaya qoyulanda bütün kartlar açıla. Azərbaycan bilə ki, ona nə verilir.

Qaldı ki, Türkmən qazına, o qaz olmasa, Nabuccoda qalan yeri İraq qazı doldura bilər.

Bəs Azərbaycan Avropanın qaz bazarında satıcı ola bilərmi?
Neft eksperti İlham Şaban: “ Azərbaycan iki il çalışaraq Türkiyədə buna nail oldu, indi perspektivdə Yunanıstandır. Təbii ki, bunu böyük şirkətlər, o cümlədən Nabuccoya cəlb olunan şirkətlər qısqanclıqla qarşılayırlar. Ancaq Azərbaycan bazarda kiçik də olsa, satıcı yerinə nail olmaq istəyir.”
XS
SM
MD
LG