Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Şeiri milyonlar oxuyur, yoxsa yüzlər? (Debat)


Şərif Ağayar və Səhər
Şərif Ağayar və Səhər
Şeir ölürmü? Rüsvay olurmu? Poeziyanın istər Azərbaycanda, istərsə də dünyada önəmini itirməsi, dövrün tələblərinə cavab verə, oxucu marağını əvvəlkitək cəlb edə bilməməsi haqda səslənən fikirlərin nə dərəcədə əsası var?

Azadlıq Radiosunun "Pen klub" verilişindəki müzakirəyə Türkiyədən yazar, tənqidçi Firidun Andaç (telefonla), şair Zəlimxan Yaqub (telefonla), radionun Bakı bürosundan isə şairə Səhər və yazıçı Şərif Ağayar qatılıblar.

Şərif Ağayar:

- Mən ümumiyyətlə poetik ifadənin, yəni şeirlə həqiqəti ifadə etmənin son illər bir tənəzzül mərhələsində olduğunu hiss edirəm.

Bu tənəzzülün hətta açıq şəkildə ifadə olunduğu yazılar da artıq gözə dəyməkdədir.

Yəni insan artıq hadisələrə daha real münasibət bildirməyə başladıqca bizim ənənəvi şeir kultu yavaş-yavaş öz tənəzzülünü yaşayır.

Mən klassikləri çox sevirəm. Onların yaradıcılığında çox qiymətli xəzinələr var.

Amma ağrı ilə deyirəm, nə yazıq ki, bizim dövrümüzün intonasiyası, üz-üzə qaldığımız reallıqlar daha çox prozaik məntiq üzərindədir.

Xüsusən Azərbaycanda hadisələr daha çox dramatik məntiq üzərindədir. Ona görə bu məsələlərə bir az poetik, şairanə yanaşmaq hətta bəzən gülüş doğurur insanlarda.

Zəlimxan Yaqub:

- Şerin öldüyünü iddia edən adamların şeir nə deməkdir, poetik ruh, poetik təfəkkür nə deməkdir, bunlardan qətiyyən xəbəri yoxdur.

Mən xalqın, dünyanın içərisindəyəm, bütün təbəqələrlə yuxarıdan aşağı, aşağıdan yuxarı ünsiyyətdə olan adamam. Şeir, poeziya yaşayır.

AzadlıqRadiosu:

Zəlimxan Yagub
- “Mono” adlı dinləyici yazır ki, “məncə pafoslu bər bəzəkli şeirlər dövrü ölüb.... real görüntülər, real hisslər daha çhox yer almalıdır...

Artıq sevgidən yazanda yağısh, bulaq, çəmən, çiçək bə sair bu kimi ifadələrə yer yoxdur...

Yəni gənclər arasında yələ də Zəlimxan Yaqub yaradıcılığı izlənilirmi? O kiməsə indi maraqlıdırmı?”

Zəlimxan Yaqub:

- O fikri deyən adam utansın, xəcalət çəksin Azərbaycan xalqından.

Əgər milyonlar, minlər Zəlimxanı əzbər bilirsə, bir gənc cəhənnəmə oxumasın, gora oxumasın.

Azərbaycanı qarış-qarış gəzən və bütün oxucu təbəqələrinin içindən keçən bir adam kimi deyirəm ki, bu gün Azərbaycan şeiri sazının, muğamının, poetik təfəkkürünün üstündə ən yüksək səviyyədıə sevilir, seçilir, oxunur, əzbərlənir, yaddaşlara köçür.

Muğam, saz, yaddaşların üstündə koklənən poeziya dünən olub, bu gün var və sabah da olacaq.

Poeziyanı, xalqın sevdiyi şairləri lağ hədəfinə çevirənlər şeirdən yox, öz tərbiyə, dünyagörüşü və mədəniyyətlərindən küssünlər.

Şeir nəfəs alır, diridir. Heç kəs onu öldürə bilməz.

Min illər boyu formalaşan və dillər əzbəri olan klassik ədəbiyyat hər gün yaşayır.

Gündə özündən bir hoqqa çıxardan, atasını, anasını tanımayan adamlar nə bu xalqa, nə bu ədəbiyyata, nə də bu poeziyaya lazımdılar və heç vaxt da lazım olmayacaqlar.

Səhər:

- Heç nəyin üstündən xətt çəkmək olmaz. Bu istər-istəməz aqressivliyə gətirib çıxardır.

Şeir ölübmü? Hələ 16-cı əsrdə Füzuli deyirdi ki, “nəzm olub xar”. Mənə elə gəlir bütün dövrlərdə belə fikirləşən şairlər olub.

Səhər
Məsələn, mən də indi bu müxtəlif janrlı şeirlərin içərisində qalanda belə fikirləşirəm. Amma heç bir dövrdə şeir ölməyib.

Nə qədər ki, insanlıq var, onun mənəvi ehtiyaclarından biri kimi şeir də olacaq.

AzadlıqRadiosu:

-Amma necə deyərlər, kağızı qarşısına qoyub öz qələmi ilə şeiri öldürənlər varmı?

Səhər:

- Təbii ki, var. Bu bütün dövrlərdə və xüsusən gənclikdə olur. Çünki hər ədəbi nəsil gələndə özü ilə yeni etirazlar, yeni əsaslar gətirir.

Təzə gələnlərin də içərisində həmişə əsl ədəbiyyat adamları ilə yanaşı yalançı pəhləvanlar da olur. Elə onlar da aləmi qatırlar bir birinə.

Bununla həmin o yeniliyi də öldürürlər. Zəlimxan Yaqubu da hövsələdən çıxardan həmin o yalançı pəhləvanlardır.

Amma zaman keçdikcə sular durulur təbii ki. Və əsl ədəbiyyat nümunəsi olan şeir həmişə bir dövrdən digərinə keçərək qalır.

Firidun Andaç:

- Bu məsələ bütün dönəmlərdə dartışılır. Şeiri kimin yazması ilə yanaşı onu kimin oxuması da önəmli şərtdir.

Türkiyədə Süleymaniyyə Camesinin restovrasiyadan sonra açılışında Yahya Kamaldan söz açıldı və onun şeiri oxundu.

Düşündüm ki, Yahya Kamal Türkiyənin önəmli şairlərindən biridir. Amma əcəba bu günün oxucusu Yahya Kamalı nə dərəcədə oxuyur və ya tanıyır.

Hər halda bu Yahya Kamalın dəyərsizliyinin göstəricisi deyil. Məncə əsas məsələ bu günün oxucusunun şeirlə nə qədər maraqlanmasıdır.

Cünki şeiri ortaya çıxaran dönəmlərə baxdıqda bəlli olur ki, onun alıcısının da olması lazımdır ki, yayılsın.

Firidun Andaç
Şeir də bəlli bir kültürdə, bəlli bir təhsildə oluşan bir şey.

Oxucuya siz bu gün yaxşı şeir yazıb göstərsəniz, o şeir kültürü ilə bəslənirsə, o zaman şeirin inkişaf edəcəyi məcralar da zənginləşəcək.

İndi Türkiyədə təməldə bu sorun var.

Bu gün çox şeir yazılır. Amma az kitab oxunur. Belə bir paradoks var. Əslində biz getdikcə ədəbiyyatdan uzaqlaşan bir dönəmi yaşayırıq.

Bu təkcə bizə aid deyil. Qərbdə də belə dönəm yaşanır hazırda. Bu gün İngiltərədə nəşr olunan şeir kitabının satışı 300-400-ü keçmir.

Bunu eşidəndə heç təəccüblənməmişdim. Çühki, şeirin oxucusu yoxdu.

Oxucusu olmayan şeir yazıldıqda ortaya nəyin çıxacağını anlamaq mümkün deyil.

Yəni şeiri var edən yalnız şairlərin yazması deyil. Şeir həm də qarşı tərəfi tapmalıdır.

Bəlkə də bu gün bu suala cavab axtarmaq lazımdır: Şeiri yaşadan şairlərin yazmasıdı ya oxucunun, şeir, ədəbiyyat kültürünün olmasıdır?

Xalq şeiri ənənəsi qapalı cəmiyyətlərdə daha çox yaşayır.

Modern cəmiyyətlərə baxdıqda isə görürük ki, ənənəvi şeir burada yeni şeirə zəmin yaratmaq rolunda çıxış edir.

Yəni bu gün yazan şair bu ənənəni nə dərəcədə bilir?

Məsələn deyək ki, bu gün şeir yazanın Yahya Kamalın şerini bilərək yazmağa başlaması lazımdır.

Məktəblərdə bu dərs yetərincə verilirmi. Yaşayan şeiri yazacaq şairlərin ancan elə bir ənənədən gələrək var ola biləcəyini söyləyə bilərəm.

Şərif Ağayar:

- Əlbəttə ki, inkarı inkar qanunu var və bu fəlsəfi qanunauyğunluğu ədəbiyyatda yenidən kəşf etməyə ehtiyac yoxdur.

Hər bir inkar özündən əvvəlkini inkar etməklə yanaşı həm də onun mahiyyətini götürərək yeni formada yeni mahiyyət kəsb edir.

Amma yaşlı nəslin şairləri də əgər indiyəqədərki yaradıcılıqlarına arxayın olmaqla kifayətlənsələr, onların dəstədən geri qalmaq təhlükəsi var.

Yəni zaman o qədər dəyişib ki, bu günin adi terminalogiyasını xalq şeirində işlədə bilmərik. Halbuki, biz Azərbaycan şeiri, ədəbiyyatı, mədəniyyəti olaraq dünyaya çıxmalıyıq.

Şərif Ağayar
Amma bu gün şeirin dünya, eləcə də Azərbaycan ədəbiyyatına köklü təsir etmək gücü yoxdur.

Səhər:

- Məncə şeirin üzərinə bu qədər vəzifə yükləmək - demək ki, şeir ictimaiyyəti öz arxasınca aparmalıdır, şeirlə ədəbi gedişata təsir etməliyik, şeirlə dünyaya çıxmalıyıq - lazım deyil.

Şeirin klassik vəzifəsi var. Şeir deyək ki, bu verilişə ayrı-ayrı SMS göndərən fərdlər üçün yazılır.

Heç bir şeir öz dövründə heç bir məqsədlə yazılmır. Əgər kimsə, şeirlə nəyəsə nail olmaq istəyirsə, o başqa məsələ. Amma əsl şeir öz vəzifəsində və formasında ölməyib və ölməyəcək.

Şərif Ağayar:

- “Qüdrətdən səngərli, qalalı dağlar”. Bir təəssüf hissi ilə bildirirəm ki, zaman bizi bu misralardan uzaqlaşdırır. Yeganə əlacımız həmin enerjini özümüzlə gələcəyə götürməkdir.

Səhər:

- Şerdən çox şey ummaq lazım deyil. Alınmayacaq.


Bu, verilişdən seçmə fikirlər idi. Proqrama tam şəkildə burda qulaq as.

davamı


Verilişin aparıcısı İlqar Rəsul,
Prodüsser Gülər Miryəhya
XS
SM
MD
LG