Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Daha üç ayı azadlıqda


Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər nazirlikləri ölkə ərazisindəki istirahət kompleksləri, restoran, kafe və başqa iaşə obyektlərində növbəti reyd keçiriblər.

Reyd zamanı Beyləqan rayonundakı “Həyat” restoranından 2, Qax rayonundakı “Edem” istirahət mərkəzindən 1 ayı müsadirə olunub. Qanunu pozmuş şəxslər cərimə olunublar.

Bu haqda məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yerləşdirilib.

Məlumatda deyilir ki, noyabrın 5-dən keçirilən reydlər zamanı 16 ayı, 1 qartal, 3 muymul quşu, 1 ceyran, 1 dələ və 3 canavar müsadirə olunub.

Nazirlik müsadirə olunan heyvanları Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında saxlayaraq təbiətə qaytarmağa hazırlayır.

Nazirliyin məlumatına görə, qonur ayının bir aylıq qida rasionu 450-500 manata başa gəlir:

“Bu səbəbdən heyvanları qəfəsdə saxlayan obyekt sahiblərinə cərimə tətbiq olunmaqla yanaşı, müsadirə olunmuş heyvanların reabilitasiya xərclərinin onlar tərəfindən ödənilməsi üçün qanunamüvafiq tədbirlər görülür”.

Nazirlik həmçinin heyvanlar aləminin mühafizəsi sahəsində qanunvericiliyə, müəyyən edilmiş norma və qaydalara riayət olunmasına dövlət nəzarətini gücləndirmək məqsədilə hüquqi məsuliyyəti artırmaq və cəzaları sərtləşdirmək üçün bir sıra qanunlara əlavələr edilməsi ilə bağlı layihə də hazırlayıb.

Layihə Nazirlər Kabinetinə təqdim olunub.
XS
SM
MD
LG