Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:42

Emin Milli: «Həbsxanada da azadlıq var»


Emin Milli
Emin Milli
Bloqqer Emin Milli həbsdən azad edildikdən bir neçə saat sonra AzadlıqRadiosunun “İşdən sonra” verilişinin qonağı olub. Onunla müsahibəni təqdim edirik:

BİR AZ YORULMUŞAM

- Emin bəy, özünüzü necə hiss edirsiniz?

- Özümü yaxşı hiss edirəm. Sadəcə, bir az yorulmuşam.

- Azadlıqda olmaqla, həbsdə olmağın fərqini necə izah edərdiniz? Daxili hisslərinizi bizimlə bölüşün.

- Azadlıqda sevdiyin insanlar sənin yanında olur. İnternetdən istifadə edə bilirsən. Hərəkətlərində azad olursan. Həbsxanada bu imkanlar yoxdur. Ona görə həbsxanadır ki, imkanlar məhdudlaşdırılır. Ən azı fiziki azadlıq məhdudlaşır. İstədiyin bir çox hərəkətləri edə bilmirsən. Fərq budur. Həbsxanada olmağın öz yaxşı tərəfləri var, mənfi tərəfləri də var. Eləcə də azadlıqda olmağın.

- Dinləyici yazır: Həbsdə olarkən Emini ən çox düşündürən, narahat edən nə idi?

- Azadlıq mövzusu. Fəlsəfi baxımdan bu barədə çox düşünürdüm. Çox oxuyurdum. İnsan azadlığı, cəmiyyətin azadlığı, azadlıqla demokratiya arasında olan fərqlər, onlar bir-birlərini necə tamamlayırlar. Bu suallar məni çox düşündürürdü. Bu barədə çalışırdım biliklərimi mümkün qədər artırım.

- Dinləyici yazır: Həbsxanada azadlıq yaxşıdır, yoxsa azadlıqda məhrumiyyət?

AZADLIQ İNSANIN DAXİLİNDƏDİR

- Mən hesab etmirəm ki, biz özümüzü fəda vermişik. Bu, hər bir azadlıq sevən şəxsin başına gələ bilər. Sadəcə, Adnanla mənim başıma gəldi. Həbsxanada da azadlıq var. Daxilən azad olan insan azadlıqda olmağın və yaxud həbsxanada olmağın fərqinə varmayaraq, azad olur. Bu, abstrakt sözlər deyil. Həqiqətən azadlıq insana həm məna verir, həm də xoşbəxtlik. Onu dərk edən insan, azad yaşayan insan mənə elə gəlir ki, mənalı həyat sürür. Kimdə bu hisslər yoxdur, kim ki, bundan qorxur, mən hamıya arzu edərdim ki, bu azadlığı dadsınlar. Həbsxana, bəlkə də hardasa insana, kimin üçünsə paradoksal səslənə bilər, doğurdan da daha da azad olmağa kömək edir. Mən hesab etmirəm ki, həbsxanada olduğum bir ildən artıq müddət Adnana və mənə yalnız mənfi emosiyalar bağışladı. Bir çox müsbət emosiyalar vardı. Misal üçün o qədər vaxt olur ki, kitab oxumağa, azadlıqda o qədər vaxtımız yox idi. Ona görə mən hesab etmirəm ki, həbsxanada olanda insan azadlığını itirir. Elə insanlar var ki, azadlıqdadırlar, amma onlar artıq azadlıqlarını itiriblər. Və yaxud azadlıqlarını əldə etməyiblər, azadlıqlarını dərk etmirlər. Azadlıqları uğrunda hansısa qurbanlar vermək istəmirlər. Ona görə mən hesab edirəm ki, azadlıq insanın daxilindədir. O insan hansı ki, deyir mənə fiziki azadlıq lazım deyil, mən onun səmimiyyətinə inanmaram. Çünki fiziki azadlığın da öz dadı var. Mən bu dadı hazırda hiss edirəm.

- Dinləyici yazır: Siz zindanda olarkən eyni zamanda İran Azərbaycanında jurnalist Səid Mətinpur həbs olundu. Bununla bağlı fikirləriniz?

İRANDA BLOQQERLİKLƏ MƏŞĞUL OLAN ŞƏXSƏ 19 İL VERDİLƏR

- Həqiqətən də biz görürük ki, bir çox ölkələrdə insan haqları pozulur. O biri ölkələrdə daha az pozulur. Mən misal üçün bir xəbər eşitmişdim. İranda bir bloqqer tutmuşdular, ona hətta “İranın bloq atası” deyirdilər. Ona 19 il iş verdilər. Yəni, Azərbaycanda Adnanla mənə 2 il, 2 il yarım verdilər. İranda eyni işlə məşğul olan bir şəxsə 19 il verdilər. Mən hər dəfə İranda insan haqlarının istər azərbaycanlı olsun, istər başqa etnik qruplardan olsunlar, pozulmasını eşidəndə ürəyim ağrıyırdı. Mənim dostlarım da bilirdi ki, mən azadlıqda olanda İranda insan haqlarının pozulması ilə bağlı bir neçə tədbir keçirmişəm. Etiraz aksiyaları da olmuşdu hətta Brüsseldə. Bu, çox ağrıdır. Mən deyərdim ki, həbsxanaya düşəndən sonra, bu sənin öz başına gələndən sonra insan zənginləşir, çünki onda başqa insanın da azadlığını anlamağa başlayır. Mən arzu edərdim ki, Azərbaycanda və dünyada daha çox insan azadlığa dəyər versinlər. Bu nə qədər çox olsa, o qədər də insan azad olar, insan haqları az pozular və İranda da bu mərd jurnalistlər və bloqqerlər və azadlıq uğrunda mübarizə aparan başqa şəxslər daha az incidilər. Mən arzu edərdim ki, İranda o gün gəlsin ki, həqiqi azadlıq bərqərar olunsun.

- Dinləyici yazır: Konkret hansı addımlar atılmalıdır ki, Azərbaycanda ifadə azadlığı və azad mətbuat üçün şərait yaradılsın?

“Bir az yorulmuşam”
- Sadəcə azad danışmaq lazımdır. Hər bir insan başlasa azad danışmağa, öz fikirlərini ifadə etməyə, bloq açmağa və video bloqinqlə məşğul olmağa, əvvəllər buna imkan yox idi. Bu gün buna imkan var. Bizdən əvvəlki nəslin buna imkanı yox idi, amma bizim nəslin buna imkanı var. Bu, böyük bir imkandır. Heç kim bunu bizim əlimizdən ala bilməz. Bir nəfəri, iki nəfəri, on nəfəri həbs edə bilərlər, amma 9 milyon insanı həbs edə bilməzlər axı.

- Dinləyici yazır: Azərbaycanda həbsə düşənlərin qəhrəmana çevrilməsinə necə baxırsınız?

AZƏRBAYCANDA QƏHRƏMANLIQ QITLIĞI VAR

- Deyə bilmərəm, yaxşı baxmıram. Baxır kim. Baxır hansı insan. Baxır o nə qədər işlər görüb bu sahədə. Mənə elə gəlir ki, Azərbaycanda hardasa qəhrəmanlıq qıtlığı var. Və ona görə hər bir balaca addım atılanda da hansısa bir qəhrəman obrazı yaratmaq istəyirlər. Yəni, buna ehtiyac var. Bir tərəfdən sözsüz ki, bu vacibdir. Cəmiyyət, vətəndaşlar qəhrəmanlara baxıb ruhlanıb hansısa hərəkətləri edirlər. Hansısa işləri görürlər. Amma mən təbiətcə həmişə qəhrəmanlara şübhə ilə yanaşmışam. Sadəcə, hər kəs öz sahəsində öz işini görsə və bundan böyük bir qəhrəmanlıq eləməsə, bu daha çox bizim cəmiyyətimizi qabağa apara bilər. Daha çox insanların azadlıqlarına kömək edə bilər. Nəinki kimləri isə yalandan qəhrəman eləmək və yaxud olmayan yerdən qəhrəman obrazı yaratmaq.

- Dinləyici yazır: Necə fikirləşirsiniz, sizin və Adnan bəyin seçki tamaşasından sonra azadlığa buraxılması təsadüfdirmi? Hakimiyyətin bu jesti sizdən bir növ bazarlıqda istifadəyə oxşamırmı?

MƏN İSTİFADƏYƏ QARŞI DEYİLƏM

- Mən bilmirəm nəyə görə bizi indi buraxdılar. Bizi bu gün də buraxa bilərdilər və yaxud bir ay, bir il sonra da. Yəni, hər an buraxa bilərdilər, indi buraxdılar. Mən bu hökumətin motivlərini bilmirəm. Məhkəmənin motivlərini bilmirəm. Hesab edirəm ki, ictimai fəaliyyətlə məşğul olan şəxs hansısa tənqidlərə də dözməlidir. Sənin haqqında kimsə danışırsa və ya sənin haqqında məhkəmə qərar çıxarırsa, məhkəmənin qərarının qarşısını ala bilməzsən. Yalnız etiraz edə bilərsən. Bizi ədalətsiz tutdular. Biz etiraz edib məhkəməyə getdik, məhkəmə bu dəfə bizi azadlığa buraxdı. Bu qərardan biz etiraz edə bilmərik. Albert Kamyu deyirdi ki, ictimai işlərlə məşğul olan insanlardan həmişə istifadə edirlər. Mən istifadəyə qarşı deyiləm. Sadəcə olaraq istəyərdim ki, bizdən cəmiyyətin xeyrinə nəsə etmək üçün istifadə etsinlər. Kim hansı məqsədlə bundan istifadə edir, biz bunun hamısına nəzarət edə bilmərik. O insanların fikirlərini oxuya bilmərik. Onların ürəyində nə var, bunları bilə bilmərik. Bunu onların öz vicdanına buraxıram.

- Dinləyici yazır:

Qorxuzmur məni səssizliyin
Səni yaradan dilsiz yaradıb.
Soyuqluğun günəşsizliyindəndir,
Başa düşrsən dustaq mən deyiləm sənsən, divar.

Bu sözlər sizin halınızı nə qədər ifadə edir?

- Bu mahnını mən eşitməmişdim. Amma ümumiyyətlə bir söz belə insanın ruhunu çox qaldıra bilir. Mənə elə gəlir ki, bəziləri buna o qədər qiymət vermirlər. Amma söz xəzinəsi çox böyük bir xəzinədir. Söz çox böyük bir dünyadır, sözün çox böyük bir gücü var. Tarixdə o qədər insanlar qurban veriblər, həbsxanada olublar, onların fikirlərini oxuyurduq. O sözlər, o şeirlər, o fikirlər sözsüz ki, insanın ruhunu qaldırır. Mənim çox xoşuma gəlirdi. Bu misralar da çox gözəl misralardır.

- İnternetsizlik nədir sizin üçün? Ananız məhkəmə prosesləri zamanı jurnalistlərlə söhbətində bildirirdi ki, Eminə ən böyük cəza onu kompyuterdən ayrı salmaqdır.


İNTERNETSİZLİK AĞIR CƏZA FORMALARINDAN BİRİDİR

- Bu, ən güclü cəza növlərindən biridir mənim üçün. Bizim nəsildən olan insanlar üçün internetsizlik elə bil ki, ağır cəza formalarından biridir.

- Dinləyici yazır: Gələcəkdə siyasətlə məşğul olmaq ehtimalınız varmı? Sizin həbsinizin siyasi sifariş olduğuna inanırsınızmı?

Bizim belə bir fəlsəfəmiz var idi - “Get və gəl”
- Həbsdən qabaq da mənim dostlarım, yoldaşlarım da bilir ki, mən hesab etmirdim ki, siyasətlə məşğulam. Siyasətlə məşğul olmaq, siyasi karyera qurmaq fikirlərindən də çox uzaq bir insanam. Gələcəkdə də belə planlarım yoxdur.

- Dinləyici yazır: Həbsxanadan çıxandan sonra dəyişmisiniz ya yox? Gedişlərinizdə dəyişiklik edəcəksinizmi?

DƏYİŞMƏMİŞƏM

- Bunu zaman göstərər. Bu gün onu deyə bilərəm ki, sevinirəm ki, azadlıqdayam. Bir az yorulmuşam. Mən hesab edirəm ki, dəyişməmişəm. Yəni, çox dəyişməmişəm. Yəqin ki, dostlar, tanışlar bir müddət keçəndən sonra onlar daha dəqiq qiymət verə bilərlər.

- Dinləyici yazır: Şəbəkələşmə, dinc müqavimət növünü davam edəcəksinizmi? Tətbiq etdiyiniz taktika və strategiyada dəyişikliklər olacaqmı?

- Burda elə bir Napoleon sayağı hansısa bir strategiya, taktika yoxdur. Sadəcə, mənə elə gəlir ki, mən öz həyatımı yaşayırdım. Öz fikrimi bildirirdim Azərbaycanda, dünyada gedən proseslərlə bağlı. Vətəndaş mövqeyimi bildirirdim. Bu işləri görməyi davam edəcəm. Bunların formaları müxtəlifdir. Mən onların çox az formalarından istifadə edirdim. Bundan sonra daha çox formalarından istifadə edəcəm.

- Dinləyici yazır: Maraqlıdır niyə sizi Azərbaycan televiziyalarında görmürük?

- Azərbaycan televiziyaları bir az indi məşğuldurlar, konsertlər çoxdur. Böyük layihələr çoxdur. Bizim kimi balaca insanlara orada yer yoxdur hal-hazırda. Bu da mənim üçün böyük problem deyil. Mən etiraz etmirəm.

- Dinləyici yazır: Cəmiyyətdə baş verən hadisələrin səbəbi hansı institutdan qaynaqlanır? Siyasi iradədən yoxsa, xalqdan və ya ümumiyyətlə xalq bir institut kimi mövcuddurmu?


- Mənə elə gəlir ki, siyasi iradə olsa cəmiyyətin inkişafı üçün çox işlər görmək olar. Bunu birmənalı olaraq demək olar. Xalq müxtəlif şəxsiyyətlərdən, fərdlərdən ibarətdir. Və bu fərdlər nə qədər aktiv olsalar, öz hüquqlarını tələb etsələr, öz inandıqları ideyaların dalınca getsələr, onlar da siyasi iradəyə təsir edə bilərlər və yeni siyasi iradələr yarada bilərlər.

- Dinləyici yazır: Hollandiyanın Haaqa şəhərində yürüşə çıxan eşşəklər barədə məlumatınız varmı? O eşşəklər bu yaxınlarda bütün Qərbi Avropa üzrə tura başlayacaqlar. Onlara təklif və məsləhətləriniz?


- Mənim təklifim odur ki, ümumiyyətlə bu aksiyalarda hansısa şəxsiyyətlərə təhqirə yol verilməsin. Mənə elə gəlir ki, azadlıq dəyərlərini yüksək tutan şəxslər kimləri isə təhqir etmək istəməzlər. Mənim arzum odur ki, bu aksiyalarda konkret şəxslərin adları hallanmasın və heç kim təhqir olunmasın. Çünki bu düzgün yanaşma deyil məncə.

- Dinləyici yazır: Həmişə azadlıqda, bəs bundan sonra?

BİZİM İŞİMİZ DAVAM EDƏCƏK

- Çox gözəl sualdır. Bundan sonra həyat davam edir. Bundan sonra bizim işimiz davam edəcək, bizim yolumuz davam edəcək. Və mənə elə gəlir ki, zaman göstərəcək bundan sonra reallıqda nələr baş verəcək.

- Dinləyici yazır: Sizin həbs olunmanız azad düşüncəli gənclərin fikrinə necə təsir edib?

- Hər cür təsir edib. Ümumiyyətlə bəzi insanları bu daha da qorxudub, o biri insanların gözünü açıb. O biri insanları ruhlandırıb, o biri insanları kədərləndirib. Hər bir hadisə ümumiyyətlə müxtəlif insanlara müxtəlif şəkildə təsir göstərir. Mən istəyərdim ki, bütün bu proses ümumiyyətlə faciə kimi qəbul olunmasın. Yəni, fikir adamı, öz sözünü deyən insan tarix boyu həmişə əzab çəkib, qurbanlar verib. Həbsxanada olublar. Bu prosesin bir hissəsidir. Yəni, bu olmasa azadlığın dəyəri olmaz. Azadlıq əldə olunmaz. Ona görə mən istəyərdim ki, buna gənclər, hər bir insan bir faciə kimi baxmasın. Daha çox buna azadlıq yolunda hardasa tələb olunan qurban kimi baxsınlar.

- Dinləyici yazır: İndi siz bu iqtidara bələd oldunuzmu? Bir daha əmin olmadınızmı ki, siyasətlə məşğul olmadığınız üçün siyasət sizinlə məşğul olur?

SİYASƏT BİZİMLƏ MƏŞĞUL OLDU

- Mən siyasətlə məşğul deyiləm. Amma mən razıyam ki, siyasət bizimlə məşğul oldu. Amma yenə də bu məni öz fikrimdən döndərməməlidir ki, mən siyasətlə məşğul olum. Siyasət istənilən şəkildə səninlə məşğul olur. Amma bu o demək deyil ki, sən elə siyasətlə məşğul olmalısan.

- Dinləyici yazır: Çayın axınına qarşı getmək sizin üçün çətin deyil ki? Biz nə vaxt düzələcəyik? Siz tək deyilsiniz. Milyonlarla azərbaycanlı sizinlədir.

“Bu, hər bir azadlıq sevən şəxsin başına gələ bilər. Sadəcə, Adnanla mənim başıma gəldi”
- Mənə çətindir demək neçə milyon azərbaycanlı bizimlədir və ya kiminlədir. Mən onu deyə bilərəm ki, bu elə bir məsələdir ki, sən tək oldun və ya milyonlarla insan oldun. Milyonlarla insan bunu etmirsə bu o demək deyil ki, sən bunu etməməlisən. Milyonlarla insan fikrini açıq ifadə etmək istəmirsə bu o demək deyil ki, sən onlar kimi öz fikrini ifadə etməməlisən. Yəni, mən tək də olsam, üç nəfər də olsaq, beş nəfər də olsaq, bu həyatdır, bu həyatı biz yaşayırıq. Mən bu həyatı yaşamağa mübarizə kimi söz gətirmək istəməzdim. Həqiqətən də biz müqayisə etsək Azərbaycanın özündə daha çox insan var ki, həm Adnandan, həm məndən daha çox mübarizə aparıblar, uzun illər mübarizə aparıblar, indi də mübarizə aparırlar, çoxlu əziyyətlər çəkiblər. Onlarla mən şəxsən özümü müqayisə edəndə, öz işimi mübarizə adlandıra bilmərəm. Sadəcə, mən hardasa anladığım qədər öz vətəndaşlıq borcumu yerinə yetirirəm.

- Dinləyici yazır: Sizcə Azərbaycanın hazırkı acı reallıqlarını nəzərə aldıqda ölkəmizə burda yoxsa xaricdə olmaqla mühüm töhfə vermək olar?

“GET VƏ GƏL” FƏLSƏFƏSİ

- Bu, çox yaxşı sualdır. Buna biz ən azı bizim çevrədə həbsxanaya düşməmişdən qabaq bir cavab tapmışdıq. Bir qrup insan fikirləşir ki, yalnız Azərbaycanda qalmaqla Azərbaycanda azadlıqlar əldə etmək olar. O biri qrup fikirləşir ki, burda heç nə eləmək olmaz. Xaricə getmək lazımdır. Ümumiyyətlə Azərbaycandan çıxmaq lazımdır. Bizim belə bir fəlsəfəmiz var idi - “Get və gəl”. Bu o demək idi ki, bugünki dünyada ya qalmaq, ya getmək bir az mücərrəd yanaşmadır. Həm getmək lazımdır, həm gəlmək lazımdır. Dünyaya açılmaq lazımdır. Dünyada yaxşı nə varsa biz onu gərək götürək. Bundan utanmayaq. Pis nə varsa onu götürməyək. Bunu müzakirə edək. Yoxsa ki ya ancaq burda oturmaq, ya ora getmək, bu yanaşmanı başa düşmürəm.

- Dinləyici yazır: Sənin tətbiq etdiyin sivil mübarizə metodlarının qalib gəlməsi üçün indiki halda bizim cəmiyyətimizdə nə çatmır?

- Praktika.

- Dinləyici yazır: “Ol” Gənclər Hərəkatının ictimai fəaliyyəti hələ də davam edirmi? Əgər davam edirsə, necə qoşulmaq olar?

- Mən “AN” şəbəkəsindənəm. Amma Azərbaycanda hər şey hər şeyə qarışıb. “OL” hərəkatı haqqında mən onu deyə bilərəm ki, bu hərəkatın o qədər tədbirlərində iştirak etmişəm ki, hətta türmədə də bilirdim ki, “OL” nə ilə məşğuldur. “OL” hərəkatının çox gözəl bir layihəsi var - “Azad Fikir Universiteti”, hətta mən səhv etmirəmsə onun saytı da var. Onlar hər həftə mühazirələr təşkil edirlər. Ora həmişə 100, 150, 50 nəfər gənc gəlir. Bu, çox gözəl və lazımlı fəaliyyətdir və bunlar hamısı videoya da çəkilir, internetə də qoyulur. Hətta siz internetdə axtarış versəz, o saytı tapacaqsınız və gedə bilmədiyiniz mühazirələri də belə dünyanın istənilən yerindən internetlə izləyə bilərsiniz.

- Dinləyici soruşur: “AN TV” layihəsi davam etdiriləcəkmi?

- Həbsdə olanda mənim çox böyük kommunikasiya problemim vardı, adam istədiyi insanlarla belə, yaxınında olan insanlarla belə istədiyi şəkildə ünsiyyət qura bilmir, o ki qaldı hansısa layihələri həyata keçirməyə. Mən bilən o layihə bir müddət getdi, eşitdiyimə görə yenə də davam etdiriləcək. İndi mənim bu haqda məlumatım yoxdur, indi heç nə deyə bilməyəcəm. Mənə elə gəlir ki, yaxınlarda bu görünəcək.

- Dinləyici soruşur: Həbsxanada boş vaxtınız çox olub, yəqin ki, dincəlmisiniz?

İNSAN İSTƏR-İSTƏMƏZ ORADA STRESS İÇİNDƏ OLUR

- Belə bir söz var, filankəs neçə türmədə yatdı. Bu, sözdür. Əslində, ora başqa bir dünyadır. Orada başqa qaydalar var, başqa bir mühitdir. İnsan istər-istəməz orada stress içində olur. Yəni, 100 nəfərlə bir otaqda yatmaq, bir neçə nəfərlə eyni zamanda elə bir divar olmadan arada tualetdən istifadə etmək, bütün bunlar mənim anlamımda dincəlmək şəraiti və imkanları yaratmır insanlarda. İndi düzdür, ola bilər insanların dincəlmək istəkləri fərqli ola bilər. Amma müəyyən qədər yorğunluq var. Mən öz təbiətimlə heç nə edə bilmərəm. Və yalandan deyə bilmərəm ki, yox, mən elə özümü 100 faiz gözəl hiss edirəm. Mən müəyyən qədər dincələcəm. Ondan sonra bu vaxta qədər neynəmişəm o işləri davam etdirəcəm.

- Dinləyici yazır: Təhsil naziri olsaydız ilk islahatınız nədən ibarət olardı?

TƏHSİLDƏ RÜŞVƏTİ YIĞIŞDIRMAQ LAZIMDIR

- Mən təhsil naziri olmaq istəməzdim. Amma çox istəyərdim ki, təhsil nazirinə ya bu hökumətdə, ya o hökumətdə məsləhətlər verim. Sözsüz ki, təhsildə rüşvəti yığışdırmaq lazımdır. Bu, mümkündür. Bu, fantaziya deyil, bu, əlçatmaz bir şey deyil. Bəzi qonşu dövlətlərin təcrübəsi də göstərir ki, təhsildə rüşvəti yığışdırmaq olar. Bu baş versə, mənə elə gəlir ki, bizim təhsilimizin keyfiyyəti bir xeyli yaxşılaşa bilər. Mənə elə gəlir ki, bizim indi çoxlu imkanlarımız var xaricə oxumağa azərbaycanlılar göndərməyə. Misal üçün indi 2015-ci ilə qədər plan var. Mən bilmirəm bu proqram necə həyata keçirilir. Dövlət xətti ilə 5 min tələbə göndərsin xaricə. Mən türmədə olanda “Ekonomist” jurnalında oxudum ki, 2005-ci ildən 2010-cu ilə qədər Səudiyyə Ərəbistanı 200 min gənci göndərib xaricə oxumağa. Mənə elə gəlir ki, bizdə də daha çox gənci xaricə göndərmək olar oxumağa. Eyni zamanda, Azərbaycanda elə bir mühit yaranmalıdır ki, azad rəqabət olsun təhsil sahəsində və orda azad rəqabət olsa, dövlət tərəfindən buna şərait yaradılsa sözsüz ki, təhsilin səviyyəsi çox inkişaf edə bilər. Buna vaxt lazımdır. Amma başlamasaq, buna heç vaxt nail olmayacağıq. Bu işləri görmək olar.

- Yeri gəlmişkən, bu proqrama bəzi dəyişikliklər olunub. Artıq ABŞ-a tələbə göndərmirlər. Bu barədə hətta qərar qəbul olunub. Təhsil naziri Misir Mərdanov isə açıqlamalarının birində bildirib ki, bəzi ölkələrdə tələbələrin beyinlərini dəyişirlər. Necədir buna münasibətiniz?

- Bu, bir az gülməlidir. Niyə görə? Əslində, beyini dəyişmək üçün xaricdə oxumaq lazım deyil. İnternet var, oradan istədiyin informasiyanı ala bilirsən, oxuyursan. Sözsüz ki, bizim oxuduğumuz kitablar, o insanlar ki, onlarla biz ünsiyyətdə oluruq, onlar bizim fikirlərimizi, beyinlərimizi dəyişə bilir. Bu elə bir prosesdir ki, bəşəriyyətdə həmişə olub tarix boyu və bundan sonra da olacaq. Bunun qarşısını almaq mümkün deyil. Ona görə belə fikirlərlə yaşayan insanlara mən nə deyə bilərəm, ancaq təəssüf edirəm ki, onların belə fikirləri var. Bu fikirlər onlara onsuz da kömək etməyəcək. Fikirlər, beyinlər onsuz da dəyişəcək. Amerika və yaxud hansısa bir Qərb ölkəsi buna heç də səbəb deyil. Əslində, bu proses bütün dünyada gedir. Bu dəqiqə Çində gedir. Sinqapurda gedir. Cənubi Koreyada beyinlər dəyişdi. Avtoritar bir dövlət oldu demokratik bir dövlət. Bəşəri bir prosesdir. Tarixin qarşısını kim ala bilər?

- Dinləyici yazır: Azadlığı dadı necədir? Sizi Azad Fikir Universitetində görə biləcəyikmi?

GÖZƏLLİK HARADA, MƏN DƏ ORADA

- Sözsüz ki, mən ora gedəcəm, gələcəm. Bu, ən gözəl layihələrdən biridir. Mən də ki, gözəlliyi sevən insanlardan biriyəm. Gözəllik harada, mən də orada.

- Dinləyici yazır: Məhbuslar arasında şəbəkələşmə yarada bildinizmi?

- Bu çox böyük bir şəbəkədir və fərqli bir şəbəkədir. Yəni, orada fərqli bir düşüncə var. Amma bəzi müəyyən fikirlər var ki, orada da var. Mən orda ünsiyyətdə oldum, insanlarla danışdım. Amma nəyi dəyişdim, nəyi dəyişə bilmədim, onu indi deyə bilmərəm.

- Dinləyici yazır: İndiki reallıqda fəaliyyət göstərən gənclərimizə nə tövsiyə edərdiniz?

“GÜCSÜZLƏRIN GÜCÜ”

- Mən ümumiyyətlə bütün gənclərə məsləhət görərdim ki, Vaslav Havelin “Gücsüzlərin gücü” adlı yazısı var, 1978-ci ildə yazıb, oxusunlar onu. Orada bir çox suallara cavablar tapacaqlar. Və xüsusilə də sosial sahədə işləyən, sosial sahədə aktiv olan, siyasətə qarışmaq istəməyən insanlar burdan çoxlu güc toplaya biləcəklər. Əgər siz sosial aktivsinizsə, bu sahədə fikirlər yayırsınızsa, bunu daha çox edin və bunu etməmişdən qabaq və edərkən dünyada başqa şəxsiyyətlər, hərəkatlar necə olub, bu sualı özünüzə verin. Bu haqda bir az biliklər əldə edin. Mənə elə gəlir ki, onda sizin fəaliyyətiniz daha mənalı olar və daha çox şeylər əldə edə bilərsiniz.

- Yenidən həbsə düşmək qorxusu bundan sonra sizin həyatınızı nə dərəcədə şərtləndirə bilər?

- Şərtləndirə bilməz. Çünki mən həbsxanaya düşməmişdən qabaq - 2005-ci ildə anama da demişdim ki, belə bir şey ola bilər. Evdəkiləri hardasa hazırlamaq istəyirdim. Sadəcə, düşünmürdüm ki, bu belə tez bir zamanda olar. Mən deyirdim ki, 5-10 il sonra. Çünki Azərbaycanda həqiqətən, bunu etiraf etməliyik, bizdən dərin, geniş, uzunmüddətli və daha sərt formalarda mübarizə aparan şəxslər var, təşkilatlar var. Mən düşünmürdüm ki, bizim hansısa gördüyümüz işlər kimlərəsə bu qədər mane olur. Amma ki, həbsxana fikri var idi. Şəxsən mən gözümün önünə gətirirdim. Sadəcə, bir az tez baş verdi. O ki, qaldı növbəti dəfə həbsə düşməyə, bundan heç kim sığortalanmayıb. Və hər kəs hər an həbsə düşə bilər. Yenidən həbs oluna bilər. Mənə elə gəlir ki, bu haqda düşünmək və həyatı yalnız bunun üstündə qurmaq - bu yaşamamaq deməkdir. Mənsə yaşamaq istəyirəm.

MÖVZUNU BURADA ŞƏRH EDİN

XS
SM
MD
LG