Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:36

Culfada xarici dil müəllimi gözləyirlər...


Şəhriyar İsmayılovun attestatı
Şəhriyar İsmayılovun attestatı
Naxçıvanın Culfa rayon Nəhəcir kənd sakinləri AzadlıqRadiosuna bildiriblər ki, yaşadıqları kəndin orta məktəbində 13 ildir ki, xarici dil tədris olunmur. Məktəbin verdiyi attestatın qiymətləndirmə hissəsində xarici dil yerində “öyrənilməmişdir” yazılır. Buna görə də orta məktəbi bitirən şagirdlər ali məktəblərə qəbul imtahanı zamanı çətinliklə üzləşirlər.

Kənd sakini İntiqam İsmayılov deyir ki, oğlu Şəhriyar 2007-ci ildə Nəhəcir kənd orta məktəbini bitirib. Elə həmin il sənədlərini 2-ci ixtisas qrupuna təqdim edib və 313 bal toplayıb. Lakin, xarici dil fənnindən sıfır bal topladığından qəbuldan kənarda qalıb. İntiqam İsmayılov bildirir ki, Şəhriyar bu il də eyni problemlə üzləşib:

“MƏN ƏGƏR PUL VERİB UŞAQ OXUDACAĞAMSA...”

“Xarici dildir bu. Ana dili deyil ki, evdə öyrədək. Bura müəllim gəndərilmir. Nəhəcir kəndində necə müəllim tutaq? Mən əgər pul verib uşaq oxudacağamsa, onda təhsilə ayrılan pul nəyə lazımdı? Sovet dövründə bu problemlə üzləşənlərə şans verirdilər. Xarici dil öyrənilməyibsə, imtahanda xarici dildən azad olunurdun. Onun attestatı nəzərə alınırdı. İndi attestat nəzərə alınmır”.

İntiqam İsmayılov deyir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadəyə və Təhsil naziri Misir Mərdanova rəsmi müraciət etməsinə baxmayaraq, müsbət cavab almayıb.

RƏSMİLƏR SUSUR

Elnur Nağızadə
Məsələyə münasibət öyrənmək üçün Culfa rayon Təhsil şöbəsinin müdiri Adəm Qasımovla da əlaqə saxladıq. O, bu məsələyə münasibət bildirməyəcəyini söylədi.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində də suallarımızı cavablandırmadılar.

Azərbaycan Təhsil Nazirliyi mətbuat xidmətinin əməkdaşları isə onlara bununla bağlı şikayət gəlmədiyini deyirlər.

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə belə problemlə üzləşənlərə fərdi qaydada hazırlaşmağı məsləhət görür:

FƏRDİ QAYDADA HAZIRLAŞA BİLƏR

“Mövcud qaydalara görə, kim hansı məktəbdə hansı fənni keçmirsə, bununla bağlı heç bir güzəşt nəzərdə tutulmur. O bununla bağlı Təhsil Nazirliyinə müraciət etməlidir ki, bu fənn niyə tədris olunmur. Bununla bağlı bizə əvvəlki illərdə müraciət olunub. Biz bunu nəzərə ala bilmərik. O, fərdi qayda da hazırlaşa bilər. Yaxşı olar ki, ona məktəbdə dərs keçirilsin”.

Etibar Əliyev
Təhsil üzrə ekspert Etibar Əliyev isə deyir ki, harada yerləşməsindən asılı olmayaraq, respublika ərazisindəki bütün orta məktəblərdə xarici dil tədris olunmalıdır:

NAXÇIVANDA AYRI TƏHSİL SİYASƏTİ YÜRÜDÜLÜR

“Bu, respublikada aparılan təhsil siyasətinin əleyhinədir. Bu onu göstərir ki, Naxçıvan Muxtar Respublikası ayrı təhsil siyasəti yürüdür. Ölkədə kifayət qədər xarici dil mütəxəssisi var”.

Etibar Əliyev deyir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi TQDK qarşısında məsələ qaldırmalıdır ki, burada xarici dil tədris olunmadığından onun balı nəzərə alınsın.

Ancaq Naxçıvan Təhsil Nazirliyinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qarşısında bu məsələni qaldırıb-qaldırmayacağı bizə bəlli deyil. Çünki muxtar respublikanın adı gedən nazirliyi bu məsələnin mətbuatda müzakirəsinə maraq göstərmir.
XS
SM
MD
LG