Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:14

«Müsavatda birləşmə ilə bağlı yekdil fikir yoxdur»


İbrahim İbrahimli
İbrahim İbrahimli
“Müsavat Partiyasında birləşmə ilə bağlı yekdil fikir yoxdur”.

Bugünlərdə Müsavat Partiyasının sıralarından istefa vermiş İbrahim İbrahimli AzadlıqRadiosunun “İşdən sonra” proqramında belə deyib. Onun sözlərinə görə, AXCP və Müsavat arasında birləşməklə bağlı addımlar seçkidən dərhal sonra atılmalı olsa da, bu addımlar yubanır:

“ELLƏ GƏLƏN DƏRD TOY-BAYRAMLA GEDƏR”

“AXCP və Müsavatın vahid bir partiyada birləşməsi ilə hakimiyyətin real müxalifətə qarşı yönələcək repressiv siyasətinin qarşısını almaq, ayaqda durmaq, təşkilatlanmaq, cəmiyyətə nümunə göstərmək və bu nümunənin əsasında hakimiyyətdən narazı qüvvələri öz ətrafında birləşdirmək, bir vətəndaş hərakatı yaratmaq istiqamətində yubanmadan addımlar atılmalı idi. Çox təəssüflər olsun ki, bu addımlar yubanır. Ağız ədəbiyyatında deyildiyi kimi, ellə gələn dərd toy-bayramla gedər”.

İbrahim İbrahimli deyir ki, bu partiyalar arasında baryer olmasa da, siyasi istəklər ümumi maraqlarla uzlaşmır:

“AXCP və Müsavat arasında nə ideoloji, nə də psixoloji baryer var. Müsavat AXC-nin şinelindən çıxmış partiyadır. Bu adamlar zaman-zaman çiyin-çiyinə döyüşən, bir yerdə mübarizə aparan əsas qüvvələrdir. Sonradan Müsavata, AXCP-yə gəlmələr elə də ciddi problem yaratmır. Məsələ nə qədər mürəkkəb olsa da, bir o qədər də sadədir. Yəni, söhbət siyasi istəklərin ümumi istəklərlə uzlaşdırılmasından gedir”.

İbrahim İbrahimli deyir ki, Müsavat Partiyasında birləşmə ilə bağlı konsensus yaranacağına inamı yoxdur:

“MÜSAVAT PARTİYASINDA YEKDİL FİKİR YOXDUR”


“Müsavat Partiyasında bununla bağlı yekdil fikir yoxdur. Və bu ideyanın reallaşması ilə bağlı konsensus yaranacağına da inamım yoxdur”.

İ.İbrahimlinin fikrincə, AXCP-də konsensusa nail olundu. Amma Müsavat Partiyasının daxilində istəkləri uzlaşdıra biləcək ortaq məxrəcə ehtiyac var:

“Müəyyən mənada şəxsi istəkdən vaz keçə bilmiriksə, heç olmasa bu istəkləri uzlaşdıra biləcək bir ortaq məxrəc tapmağa ehtiyac var. Amma mən düşünmürəm ki, istər Müsavatın, istərsə də AXCP-nin daxilində nəsə ciddi problem var. Təbii ki, konsensus axtarılır. Mən o fikirdəyəm ki, AXCP-nin tərkibində bu konsensusa nail olundu. Qurultayda qərar qəbul olundu. Amma Müsavatın daxilində bu konsensusun tapılacağına və yaxud qərarın qəbul olunacağına sözün düzü inamım və ümidim yoxdur”.

XS
SM
MD
LG