Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:07

Maştağanın qazı hara gedir?


Maştağa qəsəbəsinin sakini Rəhman
Maştağa qəsəbəsinin sakini Rəhman
“Döy qoy görsünlər. Taq-taq-taq. Qaz var ki, sayğac işləsin. Buraxmırlar, təzyiq yoxdur”.

Bakının Maştağa qəsəbəsinin sakini Rəhman deyir ki, evdə daimi qaz olması üçün 10 dəqiqədən bir, küçəyə çıxıb sayğacı döyəcləmək lazımdır. Yoxsa köhnə sayğac təzyiqi həddən artıq zəif olan qazı evə buraxmır. Sayğacı döyəcləməkdən ötrü xüsusi ağac da kəsib düzəldib. Rəhman deyir ki, qaz idarəsindən düz bir ildir “bu yaxınlarda sayğacını yeniləyəcəyik” deyə onun başının altına yastıq qoyurlar.

Sakinlərin dediyinə görə, qəsəbədə qaz sarıdan vəziyyət ürəkaçan deyil. Kimisi qazın aşağı təzyiqlə verildiyi üçün yalnız sayğaca qədər gəldiyini, kimisi isə ümumiyyətlə qaz olmadığını bildirir:

EVİ ODUNLA İSİDİRİK

- Dinəndə deyirlər ki, hər yer qazlaşdırılır. Hanı bəs qaz? Evi odunla isidirik. Kimin rəhmi gəlir, bir az odun verir gətirib yandırırıq. Odun olmasa qalan ağaclarımızı da gərək kəsib yandıraq. Yeməyi də qaz balonu alıb onunla bişiririk. Balonun biri 2 manatdır. O da cəmi 4-5 gün görür. Sonra yenisini almaq lazım gəlir. İşləmirik, pensiyaya baxırıq. Biz necə dolanaq? Bu hansı dövrdü, nə hökumətdi belə.

Qaz idarəsində işləyən Fərrux kişi də qazsızlıqdan şikayətlənir. Deyir ki, 2009-cu ildə noyabrın ortalarından qəsəbəyə qaz artıq normal qaydada verilməyə başlamışdı. Bu il isə deyəsən, evlərə qış qazdan əvvəl özünü yetirəcək:

- Biz işıqsız birtəhər dözərik. Əsas odur ki, qaz versinlər.

Maştağadakı 108 saylı orta məktəbin şagirdlərinin isə qışa hazırlıq barədə öz təsəvvürləri var. Məktəbin uşaqları təkcə deyək ki, müxtəlif siniflərə, yaxşı oxuyan və oxumayanlara yox, həm də evlərində qaz və odun yandıranlara ayrılırlar. Kimisi valideyninin odun aldığını, kimisi də yandırmaq üçün taxta, ağac topladıqlarını bildirir. Məktəbin istiliyinə gəlincə, uşaqlarla müəllimlərin fikirləri bir-birindən fərqlənir. Uşaqlar deyirlər ki, məktəbin istilik sistemi qaydasındadır.
Hanı bəs qaz? Evi odunla isidirik
Otaqlar isti olur.

ÖZÜMÜZÜN FƏRDI QAZANXANAMIZ VAR

Məktəbin direktoru Narıncı Mehdiyeva isə bu istiqamətdə iş görüldüyünü və tezliklə qışa hazırlığın tamamilə başa çatdırılacağını bildirir:

- Bizim məktəbimiz uzun müddət idi ki, qazla təmin olunmurdu. Bizdə istilik sistemi mərkəzləşmiş qaydada qazla təmin olunur. Özümüzün fərdi qazanxanamız var. Bu il Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmişik. Hazırda mətəbin istiliklə təmin olunmasına hazırlıq işləri gedir. Müvafiq təşkilatlardan işçi qrupları gəlib smetasını hazırlayıb. Ümid edirik ki, bu il bizdə istilik sistemi bərpa olunacaq və istifadəyə veriləcək.

Qəsəbənin çayxanalarından birində odun sobasına yerləşdirilmiş qaz borusunda mavi yanacağın gurhagurla alovlandığını gördük. İçəridə nərd oynayaraq şöhbətləşən sakinlərin qışa hazırlıq barədə fikirləri üst-üstə düşmür. Qışı soyuqda qalacaqlarını bildirənlər az olmasa da, bunun əksini deyən, havalar soyuyanadək hər şeyin yoluna düşəcəyini deyənlər də var:

- Mən Xanlar küçəsində yaşayıram. Bizim küçədə 20 gündür qaz yoxdur. Ona görə də əsas güc işığa düşür...

- Qışa hazırlıq işləri gedir. İşıqdan, qazdan narazılıq yoxdur. Hazırda düzəldirlər. Hər şey yaxşı olacaq.

KABİNETİNDƏDİR, AMMA İŞDƏ DEYİL

Qəsəbədə qaz sarıdın bədgüman olanlar rəsmi struktura da artıq ümidlərini itirdiklərini deyirlər. Suraxanı rayon İcra Hakimiyyətinin qəsəbə üzrə nümayəndəsi Rasim Ağayevi kabinetində tapsaq da, o, işdə olmadığını dedi. Söhbət zamanı məlum oldu ki, hazırda o məzuniyyətdədir. Ona görə də bizim suallarımızı cavablandıra bilmir. Suallarımızı onun müavininin cavablandırmasını istədikdə isə dedi ki, o yerində yoxdur, ərazidədir.

Qəsəbədə qaz sarıdın bədgüman olanlar rəsmi struktura da artıq ümidlərini itirdiklərini deyirlər
Rasim Ağayev bizə qəsəbənin qaz idarəsində suallarımıza cavab axtarmağı tövsiyə edib, qapıda növbəyə dayanan sakinlərin qəbulunu davam etdirdi.

Yaxınlıqdakı qaz idarəsinin binasındakı otaqlardan isə yalnız birinin qapısı açıq idi. İcəridəki xanımlar hamının ərazidə olduğunu bildirdilər:

- Məsul şəxslərdən heç kim yoxdur. Hamısı ərazidədir.

QƏSƏBƏYƏ QAZ VERİLİR


Beləliklə qəsəbənin rəsmiləri ya ərazidə, ya da məzuniyyətdə olduqları üçün onlardan konkret bir şey öyrənə bilməyib üz tutduq “Azəriqaz” ASC-nin sözcüsü Kamandar Eyvazlıya. Kamandar Eyvazlı dedi ki, Maştağa qəsəbəsinə lazım olan qədər qaz verilir. Özü də təzyiqi normada saxlanılmaqla:

- Qazın təzyiqi aşağı ola bilməz. Qəsəbəyə qaz verilir. Sadəcə olaraq mənzilində və ya istixanalarda qazdan oğurluq edən vətəndaşlara qaz verilməsi dayandırılıb.

Kamandar Eyvazlının sözlərinə görə, əgər Maştağada qazın təzyiqi aşağıdırsa, deməli, orada istixanalar üçün qazdan oğurluq edilir.

Maştağa sakinləri isə deyirlər ki, indi kasıb-kusubun istixanası qalmayıb. İstixanası olanların işi pis getmir. Məmurlardan soruşmaq lazımdır ki, bu qaz qəsəbəyə verilirsə, kimin qapısına, yaxud istixanasına gedir, qoy onu araşdırsınlar.

Hökumət “Bakı kəndlərinin sosial iqtisadi inkişafı üzrə” 2004-2008-ci illər üçün Dövlət Proqramı həyata keçirib. Həmin proqramda Bakı kəndlərinin elektrik enerjisi və təbii qazla bütünlüklə təmin edilməsi, magistral və məhəllədaxili yolların təmiri, su kəmərlərinin yenilənməsi, kanalizasiya sistemi yaradılması və əhalinin məşğulluğu ilə bağlı bir sıra tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulurdu.
XS
SM
MD
LG