Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:10

Media ombudsmanı yaradılmaya bilər


Lətif Hüseynov
Lətif Hüseynov
Ombudsmanın səlahiyyətlərinin artırılması ilə bağlı prezidentin təklifi deputatların müzakirəsinə tövsiyə olunub.

“İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” konstitusiya qanununa əlavə və dəyişikliklər edilməsi ilə bağlı prezidentin oktyabrın sonlarında Milli Məclisə təqdim etdiyi layihə dekabrın 8-də iki komitədə müzakirə edilib.

BİR NƏFƏR ƏLEYHİNƏ

Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Fəzail Ağamalının AzadlıqRadiosuna verdiyi məlumata görə, bir nəfər layihənin əleyhinə olub.

“Mediaforum” saytının məlumatına görə, parlamentin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov deyib ki, təklif olunan əlavə və dəyişikliklərin məqsədi Azərbaycanın iştirakçısı olduğu BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insanı və ləyaqəti alçaldan rəftar və cəza əleyhinə konvensiyası”nın Fakültətiv Protokolunda nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsidir.

Onun sözlərinə görə, Azərbaycan parlamenti 2008-ci ildə Fakültətiv Protokolu ratifikasiya edib. 2009-cu ildə bu protokol qüvvəyə minib:

“Bizim öhdəliyimizə görə, Azərbaycan bir il ərzində milli preventiv mexanizm yaratmalıdır. Milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi hazırkı Ombudsman Aparatına verilir. Bununla bağlı prezident sərəncam da imzalayıb. Bunun məqsədi həbsxanalarda, hərbi hissələrdə, müvəqqəti saxlama yerlərində, qarnizon hauptvaxtlarında, xüsusi uşaq evlərində, psixo-nevroloji xəstəxanalarda işgəncə və qeyri-insani rəftarın baş verməsinin qarşısını almaqdır”.

Lətif Hüseynov deyib ki, milli preventiv mexanizmin yaradılmasının əsas şərtlərindən biri onu həyata keçirəcək qurumun müstəqil olmasıdır. Eyni zamanda qurumun əməkdaşlarının istənilən vaxt maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, polis məntəqələri və s. yerlərə daxil olmaq, təkbətək görüşlər keçirmək, jurnallara baxmaq səlahiyyəti olmalıdır.

BU ƏLDƏ OLUNAN İRƏLİLƏYİŞLƏRDƏN GERİ ÇƏKİLMƏKDİR

Qüdrət Həsənquliyev
Deputatların bəziləri milli preventiv mexanizmin həyata keçirilməsi səlahiyyətinin hazırkı Ombudsman Aparatına verilməsinə etiraz ediblər. Layihənin əleyhinə səs verən millət vəkili Qüdrət Həsənquliyev deyib ki, belə bir addımın atılması insan hüquqları sahəsində əldə olunan irəliləyişlərdən geri çəkilməkdir. Onun fikrincə, yeni qurum tam müstəqil olmalı, ixtisaslaşmış insanlardan təşkil olunmalıdır:

“Hazırkı ombudsmanın kifayət qədər səlahiyyətləri var. Bu qədər səlahiyyəti onun əlində cəmləşdirmək doğru deyil. Ona görə də qanun geri qaytarılmalı və yenidən işlənməlidir. Demokratik cəmiyyətin qurulması mexanizmi yaradılmasa, istənilən təyinat heç nəyi dəyişməyəcək”.

Müzakirələrdə iştirak edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyilənlərlə razılaşmayıb. Onun fikrincə, ombudsman indiyədək yeni layihədə nəzərdə tutulan səlahiyyətləri həyata keçirib:

“Dünyanın hər yerində belədir. Azərbaycan ombudsmanının fəaliyyətinə həmişə müsbət qiymət verilib. Azərbaycan ombudsmanı dünyanın 10 A kateqoriyalı ombudsmanından biridir”.

MƏTBUATIN OMBUDSMANI OLMAYA BİLƏR

Fəzail Ağamalı
Fəzail Ağamalının AzadlıqRadiosuna dediyinə görə, müzakirələr zamanı informasiya azadlığı üzrə xüsusi müvəkkilin təyin olunmasına ehtiyac olmadığı bildirilib. Qeyd olunub ki, bu səlahiyyətlər də insan hüquqları üzrə hazırkı müvəkkilə verilsin:

“İnformasiya ombudsmanının yaradılması bu qanun layihəsinin predmeti deyildi, sadəcə müzakirələrdə ATƏT-in təmsilçisi tərəfindən də belə fikir səsləndi ki, bu yaradılsa yaxşı olar. Amma digər arqumentlər də səsləndi ki, onda digər sahələrdə də ombudsman təyin edilməlidir. O da qeyd olundu ki, bu çoxsaylı ombudsmanların yaradılmasına gətirib çıxara bilər. Bu baxımdan da hesab olundu ki, bütün səlahiyyətlər mövcud ombudsmana həvalə edilsin”.

BİZ BUNU NƏ QƏDƏR TƏQDİR ETSƏK DƏ...

Xalid Ağaliyev
Media məsələləri üzrə ekspertlər isə məsələyə mənfi yanaşırlar. Ekspertlər hesab edirlər ki, əgər məsələ deyildiyi kimidirsə, bu 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan mətbuat üzrə ombudsman institutunun yaradılması və informasiya ombudsmanın təyin edilməsindən imtina olunması anlamına gəlir.

Media Hüququ İnstitutunun hüquqşünası Xalid Ağaliyev deyir ki, layihədə konkret göstərilməsə də, ümumilikdə hiss olunur ki, informasiya əldə etmək hüququnun təmininə nəzarət mexanizmi yaradılır.

“Biz bunu nə qədər təqdir etsək də, bunun nə qədər faydalı olduğu deyilsə də, bu, “İnformasiya əldə etmək haqqında” qanunun işlək hala gəlməsinin əngəllənməsinin kölgəsində qalacaq”.

Xaliq Ağaliyev deyir ki, 2005-ci ildə qəbul edilən qanunda əsas məqsəd bu qanunu işlək vəziyyətə gətirə biləcək informasiya ombudsmanının yaradılması idi. Hüquqşünasa görə, bu məsələnin sıradan çıxması onlarda ancaq təəssüf hissi yaradır.
XS
SM
MD
LG