Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:14

“Bu gün müxalifətdən öncə hakimiyyətin yenilənməsinə ehtiyac var”


Sülhəddin Əkbər
Sülhəddin Əkbər
Azərbaycanda formal, dekorasiya xarakteri daşıyan seçkilərin nəticələrindən çıxış edərək hansısa şərh vermək və təkliflər irəli sürmək düzgün olmazdı.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında keçmiş müsavatçı Sülhəddin Əkbər YAP-ın icra katibi Əli Əhmədovun müxalifətin yenilənməsinə dair fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda normal seçki keçirilmədiyindən udan ya uduzan olmur:

BU ÖLKƏDƏ SEÇKİLƏR OLMUR

“Əli Əhmədov parlament seçkilərindən və onun nəticələrindən həm də daimi seçkiləri uduzan müxalifətin yenilənməsindən danışır. Bu ölkədə seçki olur ki, orada da udan ya uduzan olsun. Sadəcə olaraq bu ölkədə seçkilər olmur. Əvvəllər seçkilərin nəticələri kütləvi şəkildə saxtalaşdırılırdı. Son bələdiyyə və parlament seçkiləri göstərdi ki, hakimiyyət yeni bir mərhələyə qədəm qoyub. Ümumiyyətlə, seçki institutunu gözdən salmaq və sıradan çıxarmaq niyyətindədir. Ona görə də Azərbaycanda formal, demokratik dekorasiya xarakteri daşıyan seçkilərin nəticələrindən çıxış edərək hansısa şərh vermək və təkliflər irəli sürmək düzgün olmazdı”.

Müxalifətin yenilənməsinə gəldikdə isə Sülhəddin Əkbər qeyd edib ki, siyasət dinamik bir prosesdir. Burda daima siyasi şərait dəyişilir. Və siyasi şəraitə uyğun aparılan siyasət də dəyişilir. Ona görə də zaman-zaman siyasi ittifaqlar yaranır, seçkiqabağı bloklar yaranır. Sülhəddin Əkbər deyir ki, bu gün müxalifətdən öncə hakimiyyətin yenilənməsinə böyük ehtiyac var. O çıxış yolunu xalq hərakatının yaranmasında görür:

XALQ MÜQAVİMƏTİNİ TƏŞKİL EDƏ BİLMƏSƏK...

“Bundan sonra biz xalq müqavimətini təşkil edə bilməsək, Azərbaycanda diktaturaya meyllər başlayacaqdır. Xalq müqavimətini təşkil etmək üçün mən müxalifətin yeni hərakat strategiyasına keçməsini təklif etmişəm”.

Sülhəddin Əkbər deyir ki, xalq hərakatının yaranması üçün ilk növbədə AXCP-Müsavat birliyi baş tutmalıdır, sonra demokratik düşərgədən olan digər partiyalar, daha sonra ictimai qüvvələr bu birliyə cəlb olunmalıdır. Sülhəddin Əkbərin fikrincə, bundan sonra müxalifət xalq hərakatına keçid əldə edə bilər.

Milli Dirçəliş Hərakatının rəhbəri, deputat Fərəc Quliyev də hesab edir ki, müxalifətdə yenilik olmalıdır:

ÇALIŞMALIYIQ Kİ, QAFALARDA İNQİLAB OLSUN


“Bir çox yeniliklər olmalıdır. Əsas məsələ düşüncə sisteminin dəyişilməsidir. Azərbaycanda hakimiyyətin dəyişib-dəyişməməsindən asılı olaraq idarəetmə sistemində ciddi dəyişikliklər olmalıdır. İqtidar-müxalifət münasibətləri dəyişilməlidir. İnsanlar qütblük sistemindən bütövlük sisteminə keçməlidir. Hesab edirəm ki, SSRİ dağılana qədər aparılan mübarizə sistemi dəyişilməlidir. Çünki müstəqil dövlətdə yaşadığımız bir zamanda o mübarizə metodları indiki mübarizə metodları kimi tətbiq oluna bilməz. Amma indi biz çalışmalıyıq ki, qafalarda inqilab olsun. Azərbaycanda demokratik bir mühit yaransın. Azərbaycan insanının rifahını əsas götürən sistem qurulsun”.

Fərəc Quliyev
Fərəc Quliyev deputat seçilməsi ilə bağlı dinləyici sualını da cavablandırıb. O deyib ki, “bizim qalib gəlməyimizin səbəbi o idi ki, biz gərgin şəkildə işləmişdik”. Amma bunu hakimiyyətin dəstəyi kimi qələmə vermək düzgün deyil:

BURDA HAKİMİYYƏTİN BİR KÖMƏYİ OLUB


“Mən iki seçkidə seçkiyə buraxılmadım. İndiyə qədər bizə hakimiyyət tərəfindən qərargah verilməyib. Qəzetimiz buraxılmır. Partiyamız qeydiyyatdan keçmir. Amma bizim haqqımızda hakimiyyətlə bağlılıq və ya hakimiyyət kömək elədi məsələsini qoymaq ədalətsizlikdir. Sadəcə olaraq burda hakimiyyətin bir köməyi o olub ki, mənim səslərimə toxunulmayıb. Bu da ona görə edilməyib ki, hakimiyyətin özünün bu dairədən namizədi olmadığına görə kiminsə xeyrinə seçki saxtalaşdırılmasına ehtiyac yox idi”.

Sülhəddin Əkbər isə Müsavat partiyasını tərk etməsi ilə bağlı məsələyə də aydınlıq gətirib. O deyir ki, AXCP qurultayında qeyd-şərtsiz birləşmə məsələsini qəbul etdi. Amma Müsavat Partiyasının seçkidən sonra bu məsələyə biganə yanaşması onu bu addımı atmağa vadar edib:

ANLAYANDA Kİ, PARTİYA RƏHBƏRLİYİNDƏ BU BİRLİYİ İSTƏMİRLƏR...

“Söhbət yenə də gəlir, şəxsi məsələlərə, liderlik məsələsinə. Deyilə bilər ki, liderlik şəxsi məsələ deyil, siyasi məsələdir. Real siyasət ümumi maraqlarla şəxsi maraqların uzlaşdırılmasını tələb edir. Müsavat Partiyasını tərk etməyim məhz bu birliyin baş tutması üçün idi. Mən anlayanda ki, artıq partiya rəhbərliyində bu birliyi istəmirlər, o zaman bu addımı atmışam”.

XS
SM
MD
LG