Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:46

Münsiflər heyətinin yeni üzvü Cəmil Həsənlinin ədəbi zövqü


“Media forum” saytının suallarını Milli Kitab Mükafatının münsiflər heyətinin üzvü, tarix elmləri doktoru, professor Cəmil Həsənli cavablandırır.

- Özünüzü ədəbiyyat adamı hesab edirsinizmi?


- Mənə elə gəlir ki, ixtisasından asılı olmayaraq, hər kəs ədəbiyyata yaxın olmaldır.

Bir var peşəkarlıq baxımından yaxın, bir də var ümumi ədəbi prosesi izləmək baxımından yaxın.

Mən orta məktəbdən başlayaraq özümü həmişə ədəbiyyata yaxın hiss etmişəm, bu, yazılarımda da duyulur.

Çalışıram daha çox tarixi publisistika üslubunda yazım ki, yazılarımın forması oxuculara daha yaxın olsun. Ədəbi proseslə bağlı mən “Azərbaycanda milli məsələ - siyasi rəhbərlik və ziyalılar” mövzusunu işləmişəm.

Bu monoqrafiya Azərbaycan dilində 2008-ci ildə Bakıda, 2009-cu ildə isə Moskvada rus dilində çap olunub.

Oxuyanlar deyirlər ki, bir ədəbi əsər qədər maraqlı alınıb. Bu kitabın geniş yayılmasına səbəb tarixi proseslərin ədəbi dildə çatdırılması oldu.

Ümumiyyətlə, mən özümü ədəbiyyatdan uzaq hiss etmirəm.

- Sizcə, bu gün Azərbaycan ədəbiyyatının necə əsərə ehtiyacı var?

- Bu suala konkret cavab vermək mümkün deyil. Ədəbiyyat hansısa tövsiyə ilə yarana da bilməz. Kimsə qarşısına məqsəd qoysun ki, mən belə əsər yaradacam, bu, mümkün deyil.

Yazıçının öz içində nəyə ehtiyacı varsa, ədəbi proses də elə getməlidir.

Mən çox istərdim ki, 1980-ci illərdən bu yana başımıza gələn müsibətlər ədəbi prosesdə əks olunsun.

Çünki bu, birinin çox, digərinin az formada da olsa, bütövlükdə Azərbaycan xalqının yaşadığı taledir.

Məsələn, İsa Hüseynovun “Yanar ürək” əsərinə baxırsan, bu, İkinci Dünya müharibəsində Azərbaycanın çox real təsviridir.

Doğrudan da, bir ədəbi hadisə kimi insanı özünə bağlayır. O dövrün adamları özlərini əsərdə görürlər.

Lakin bir sıra əsərləri çıxmaqla, bizim son dövrlərdə cəmiyyətimizdə gedən, milli taleyimizdəki məsələlər ədəbiyyatda əksini tapmadı, geniş mövzuya çevrilmədi.

Mən bununla heç də onu demək istəmirəm ki, kimsə qolunu çırmalayıb işə başlasın.

Bu məsələlərə tələbat yazıçının öz içindən gəlməlidir. Hansısa göstəriş və tövsiyə ilə ədəbiyyat yaratmaq mümkün deyil.

- Sizcə, əsərlərimizin dünyada məşhurlaşması məsələsinə problem yaradan nədir?

- Heç bir xalqın ərsəyə gətirdiyi bütün nümunələr dünyaya çıxa bilmir. Onların içərisindən müəyyən əsərlər məşhurlaşır.

Qəti demək olmaz ki, bizim əsərlər dünyaya çıxmır. Bildiyim qədər Ramiz Rövşənin şeirləri onlarla dilə tərcümə olunub.

Bəyəm bu o demək deyil ki, ədəbiyyat dünyaya çıxıb?

Rüstəm İbrahimbəyovun bir sıra tamaşaları dünyanın müxtəlif səhnələrində göstərilir. Bu, Azərbaycan ədəbiyyatının dünyaya çıxması deyil?

Anarın, Elçinin, Əkrəm Əylislinin, Mövlud Süleymanlının, Afaq Məsudun əsərləri müxtəlif xarici dillərə çap olunur.

Bu baxımdan mən elə bədbin deyiləm. Bizim güclü, konyunkturadan uzaq ədəbiyyatımız xaricə çıxır, tanınır.

- Sonuncu oxudunuz kitab hansıdır və sizi necə təsirləndirib?


- Mən ümumiyyətlə çalışıram ki, ədəbiyyat nümunələrini çox oxuyum, ədəbi proseslərdən geri qalmayım.

Son vaxtlar Rüstəm İbrahimbəyovun “Dalğaların düzümü” əsərini oxumuşam, hesab edirəm ki, orada son illərdə cəmiyyətdə gedən proseslərin çox yaxşı ədəbi həlli əksini tapıb və məncə, çox böyük əsərdir.

Anarın “Ədəbiyyat” qəzetində çap olunan “Yay gecəsinin yuxusu” adlı əsəri kifayət qədər maraqlı, yaxşı idi. Hazırda cavan yazıçılardan Kəramət Böyükçölün “Çöl” romanını oxuyuram və Əli Əkbərin “Amneziya” əsərini oxumağı planlaşdırıram.

Mən bir tərəfdən klassik sayılan, tanınmış yazıçılarımızı oxuyuram, bir tərəfdən də ədəbiyyata yeni gələnləri oxumağa çalışıram.

Məsələn, “Alatoran” ədəbi almanaxında çap olunan gəncləri oxumağa çalışıram.

Ümid edirəm ki, onlar yaxşı yazıçı kimi formalaşacaqlar.

Nəsr əsərlərindən başqa, poeziya nümunələrini də oxuyuram. Darıxanda Ramiz Rövşənin şeirlərini oxuyuram.

Hər dəfə oxuyanda adam rahatlıq tapır. Fikirləşirəm ki, poeziya və poeziya yaradan insan nə qədər dərin, düşüncələri nə qədər genişdir.

İlqar Fəhminin şeirləri də yaxşıdır. Adını unutduğum gənc bir müəllif var, müasir qloballaşma dövründə həyatımıza daxil olan yenilikləri poetik dildə elə ifadə edir ki, adam heyran qalır.

Ümumiyyətlə, tez-tez Vaqif Səmədoğlunun, Vaqif Bəhmənlinin, Vaqif Bayatlının şeirlərini oxuyuram. Sabir Əhmədovun isə bütün əsərlərini oxumuşam. Hər halda, çalışıram ədəbiyyatdan uzaq qalmayım.

- Milli Kitab Mükafatının münsifi kimi öz seçiminizdə hansı meyarlara üstünlük verəcəksiniz?

- İndidən deyə bilmərəm. Əsər ortada olanda onun insanda doğurduğu hər hansı təəssürat həmin meyarı müəyyən edəcək. İndidən qəlib cızmaq istəmirəm.
XS
SM
MD
LG