Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:31

Döyülən müsavatçının kəndi nəzarətə götürülüb?


Çapay Əliyevin dağıdılmış mağazası
Çapay Əliyevin dağıdılmış mağazası
Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyi Şərur rayonunun Püsyan kəndində müxalifətçi Səxavət Əliyevin qohumlarının döyülməsilə bağlı mətbuatda gedən xəbərləri təkzib edib.

Nümayəndəliyin dekabrın 14-də yaydığı məlumatda deyilir ki, 7 noyabr parlament seçkisində AXCP-Müsavat seçki blokunun 2 saylı Şərur dairəsindən namizəd olmuş Səxavət Əliyevin qardaşı Çapay Əliyevə və digər qohumlarına təzyiq göstərilməsi və onların döyülməsiylə bağlı xəbərlər yanlışdır:

TİCARƏT OBYEKTİ SANİTAR QAYDALARA CAVAB VERMƏYİB

“Səxavət Əliyevin qardaşı Çapay Əliyev həyətyanı sahəsində inşa etdiyi sanitar qaydalara cavab verməyən binada müvafiq lisenziya almadan qeyri-qanuni ticarətlə məşğul olub. Çapay Əliyevə bir neçə dəfə xəbərdarlıq edilib, qeydiyyatdan keçməsi üçün Vergilər İdarəsinə dəvət olunub”.

Dekabrın 10-da Səxavət Əliyevin əmiqızısı Balaxanım Əliyeva AzadlıqRadiosuna bildirmişdi ki, Çapay Əliyev və onun digər qohumları Şərur rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Püsyan kəndində döyülüblər. İnsidentə səbəb polislərin Çapay Əiyevin həyətyanı sahəsində yerləşən dükanını sökməsi olub.

POLİSƏ DAŞ PARÇASIYLA MÜQAVİMƏT

Naxçıvanın Bakıdakı Nümayəndəliyi isə bildirir ki, xəbərdarlıqlara məhəl qoymayan, qanunsuz fəaliyyətini davam etdirən Çapay Əliyev və onun ailə üzvləri faktı araşdırmaq üçün mağaza yerləşən əraziyə gedən müvafiq orqanların nümayəndələrinə qarşı aqressivlik göstərərək, onlara fiziki müqavimət göstərib, əllərindəki daş parçasıyla əraziyə yaxınlaşmağa imkan verməyiblər:

“Asayişin bərpa olunması üçün hadisə yerinə çağırılmış polis əməkdaşlarının təkidli tələbinə baxmayaraq, Çapay Əliyev və ətrafındakılar sakitləşməyiblər. Öz vəzifəsini yerinə yetirən polis əməkdaşları asayişi bərpa ediblər. Çapay Əliyev və ətrafındakı qadınların döyülməsi faktı isə yalan və böhtandır”.

NAXÇIVAN NÜMAYƏNDƏLƏRİ NAXÇIVANA GETSİN

7 noyabr parlament seçkisində AXCP-Müsavat seçki blokunun 2 saylı Şərur dairəsindən namizədi olmuş Səxavət Əliyev isə Bakıdakı nümayəndəliyin işçilərinə məsləhət görür ki, hadisəyə obyektiv münasibət öyrənmək üçün Naxçıvana getsinlər:

“Onların bəyanatı yalandı, böhtandır. Polislərin törətdiyi cinayəti ört-basdır etmək üçün hesablanmış bəyanatdır. İctimaiyyətin, medianın nümayəndələri ilə bərabər nümayəndəliyin bir işçisini Naxçıvana ezam edə bilərlər. Orada obyektiv araşdırma aparsalar görərlər ki, polislər necə vəhşilik törədiblər. Fakt ortadadı, şəkillər ortadadı. Dörd gündü döyülənlərə tibbi yardım göstərilmir. Bu, antihumanist bir hərəkətdir”.

Çapay Əliyev
Mağazanın bütün sənədlərinin qaydasında olduğunu bildirən Çapay Əliyevin əmiqızısı Balaxanım Əliyeva isə hadisə baş verən vaxt evdə Çapaydan başqa heç kimin olmadığını deyir:

“Mən üç gündür mətbuata bildirdiyim fikirlərin üstündə dururam. Mən gələndə artıq dükan sökülmüşdü. Polislər hamısı yolda durmuşdu. Biz heç bir müqavimət göstərməmişik. Yəni, biz o qədər güclüyük? Bir qadın otuz kişiyə nə edə bilər? Əgər, daş atmışıqsa niyə daşlardan biri heç kimə dəyməyib? Onlar polis formasında deyildilər. Ev sahibinin qış üçün hazırladığı turşuları, kompotları, boçkadakı şoru, pendiri, digər yeməkləri aparıblar. Bu da dükanın malı deyildi ki...”.

ƏMİOĞLU İLƏ GÖRÜŞƏ POLİS NƏZARƏTİ ALTINDA

Çapay Əliyevin hazırkı vəziyyətinin acınacaqlı olduğunu deyən Balaxanım Əliyeva onun qapalı kəllə-beyin travması aldığını bildirir. Balaxanım Əliyeva deyir ki, kəndin giriş-çıxışı və evlərinin ətrafı mülki geyimli polislər tərəfindən nəzarətə götürüldüyündən Çapayı nə həkimə apara bilirlər, nə də ki, evə həkim gətirə bilirlər:

“Əsarət altında bizi dəstəylə gətirirlər Çapayın evinə, oradan qaytarırlar kəndə. Biri bizi yola salır, biri qarşılayıb evə aparır. Mən belə dövlətdə yaşamaq istəmirəm. Azyaşlı uşaqlarımız məktəbə də gedə bilmir”.

Püsyan kəndinin və Çapay Əliyevin evinin polislər tərəfindən nəzarətə götürülməsiylə bağlı iddialara gəlincə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən bu məsələ haqda danışmaq istəmədilər.
XS
SM
MD
LG