Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:25

Qanunsuz dini fəaliyyətə görə cərimələr artırılır


Yevda Abramov
Yevda Abramov
Dini qurumların yaradılması və fəaliyyət qaydasını pozan fiziki şəxslər 1500 manatdan 2 min manatadək, vəzifəli şəxslər 7 min manatdan 8 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manatadək cərimə oluna bilər. Bu təklif Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də İnsan hüquqları komitələrində “İnzibati xətalar məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı irəli sürülüb.

Təklifin tərəfdarlarından olan, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyir ki, Məcəlləyə dəyişikliklər qanun pozuntularının qarşısını almaq üçün hazırlanıb:

“BƏZƏN SƏRTLƏŞDİRMƏK LAZIMDIR”


“Bundan sonra Azərbaycan dövlətinin suverenliyinə, insanların ümumi işinə, vicdanına xələl gətirə biləcək dini ədəbiyyatlar gətirilərsə və dövlət qeydiyyatına alınmayan dini qurumlar fəaliyyət göstərərlərsə, onlara qarşı sanksiyalar, cərimələr nəzərdə tutulacaq. Bu qanunda dəyişiklik etmək lazımdır. Mən demirəm sərtləşdirmək, amma bəzən sərtləşdirmək də lazımdır”.

Yevda Abramov deyir ki, dekabrın 13-də bu dəyişiklikləri müzakirə etmək üçün dini qurumların nümayəndələri rəsmilərlə görüş də keçiriblər:

“Görüşdə iştirak edən bəzi dini qurumların nümayəndələri bildirdi ki, əvvəllər qeydiyyatda olsalar da, indi qeydiyyata alına bilmirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də öz iradlarımızı bildirdik ki, əgər bu insanların sənədləşməsində problemləri varsa, sizin təlimatçılar bu işdə onlara köməklik etsinlər”.

“DÖVLƏT QURUMLARINI CƏRİMƏLƏMƏK LAZIMDIR”


Mübariz Qaçayev
Qeydiyyatsız fəaliyyət göstərən dini icmalardan biri - Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev deyir ki, ilk öncə dini qurumları bilərəkdən qeydiyyata almayan dövlət müəssisələri cərimələnməlidir:

“İcmaların qeydiyyatdan keçməsi bu dövlət qurumlarının özündən asılıdır. Əgər onlar bizi qeydiyyatdan bilərəkdən keçirmirlərsə, elə əvvəlcə onların özünü cərimələmək lazımdır. Hansı ki, bu dini icmalar fəaliyyət göstərib, indi nədən bizi qeydiyyata almırlar? Bizim sənədlərimiz Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsində təqdim olunmuş forma ilə tamamilə eynidir. Necə bizə göstəriblər, biz də buna uyğun sənədlərimizi hazırlamışıq və təqdim etmişik”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov isə AzadlıqRadiosuna müsahibəsində deyir ki, qeydiyyata alnmasından imtina edilən dini icmaların sənədləri qaydasında olmayıb. O, qeydiyyatın yubanmasında hər hansı başqa məqsədin olmadığını deyir.

“MƏQSƏD DİNİ İCMALARA MANE OLMAQDIR”

Elşad Miri
Din eksperti Elşad Miri isə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər dini icmaların fəaliyyətini məhdudlaşdırmaq, onlara maneçilik törətmək üçün hazırlanıb:

“Hər hansı formada qeydiyyatdan keçməməsinə görə, cərimələnməsi məsələsi dini icmalara maneə törətmək üçün xüsusi bir addımdır. Elə dini icmalar var ki, onların qeydiyyata alınmamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin özü maraqlıdır. Özlərindən hər dəfə bir əlavə və dəyişiklik eləmək təbii ki, absurddur”.

“Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və dəyişiklikdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 750-dən çox dini icma müraciət edib. Bu günədək 510 dini icma dövlət qeydiyyatına alınıb. Onlardan 493-ü islam, 9-u xristian, 6-ı yəhudi, biri krişna və biri bəhai təmayüllüdür.
XS
SM
MD
LG