Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:06

Ən çox satılan kitab - ən yaxşı kitab sayıla bilərmi?


"Bu il münsiflər rəylərini açıq şəkildə əsaslandıracaqlar.

Mənim ideyam var ki, münsiflər canlı efirdə, teledebatda seçimlərini açıqlasınlar.

İzah etsinlər ki, nəyə görə bu seçimi ediblər".

Bunu Azadlıq Radiosunun Pen klub verilişindəki müzakirədə Milli Kitab Müsabiqəsinin təşkilatçısı, "Əli və Nino" nəşriyyatı və kitab dükanlarının sahibi Nigar Köçərli deyib.

"Ədalətli müsabiqəni necə keçirməli?" mövzusunda verilişə Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin təşkilatçısı Zahir Əzəmət (o həm də keçən il MKM-də ekspert olub) və tənqidçi Tehran Əlişanoğlu da qatılıblar.

Nigar Köçərli:

- Məncə, biz artıq bunun yolunu tapmışıq.

Bu dəfə müsabiqəyə təqdim olunan bütün əsərlər kodlaşdırılıb tənqidçilərdən, ədəbiyyatçılardan ibarət ekspert qrupuna veriləcək.

Seçilmiş on əsərin arasından qaliblərisə 17 nəfərlik Münsiflər Heyəti müəyyən edir.

Azadlıq Radiosu:

- Sizcə, bütün bunlar ədalətli, obyektiv müsabiqə keçirməyə bəs edirmi?

Nigar Köçərli:

- Bəli, birinci mərhələdə peşəkarlar işləyirlər.

Bundan sonra nüfuzlu, cəmiyyətdə zövqünə etibar olunan insanlar seçim edəcəklər.

Azadlıq Radiosu:

- Amma bununla belə, Milli Kitab Mükafatının nəticələrinə, onun obyektivliyinə şübhələr var.

Nigar Köçərli:

Nigar Köçərli
- Nobel mükafatı veriləndə də hər il onu şübhə altına salanlar olur.

"Nobel" heç vaxt Tolstoya, Borxesə, Jeyms Joysa verilməyib.

Mənim fikrimcə, hər müsabiqədə belə söhbətlər olmalıdır. Amma qərəzsiz.

Zahir Əzəmət: Mütləq obyektivliyə nail olmaq yalnız Allaha xas xüsusiyyətdir

Azadlıq Radiosu:

- Zahir bəy, bəs əksəriyyətin etimadını qazanacaq müsabiqə keçirilməsi üçün sizin düsturunuz nədir?

Zahir Əzəmət

- Azərbaycanda əksəriyyətdə belə bir baxış var - qalib mənim zövqümə uyğun əsər deyilsə, deməli, nəticə obyektiv deyil.

Belə söz-söhbətdən qaçmaq üçün konkret kriterilər müəyyənləşdirilməlidir, prosesə daha çox peşəkar cəlb olunmalıdır.

Həm də seçimə nə qədər ədəbiyyat adamı cəlb etsən, ortaq rəyi müəyyənləşdirməyə kömək edəcək.

Bizdə debüt nominasiyasında qayda belədir ki, müəlliflərin adlarını münsiflərə təqdim etmirik, çap olunmamış əsəri münsiflərə veririk.

Burda tərəfkeşlik etmək, müəllifi tanımaq mümkün deyil.

Bəs çıxan kitabları necə dəyərləndirəsən? Belə şərt qoyduq, bu kitab on ildi çıxıbsa, bu müddətdə hansı uğuru qazanıb, hansı yerli və xarici ölkədə peşəkar resenziya alıb, hansı ölkədə dərc olunub.

Biz bu yolla prosesləri stimullaşdırırıq. Qaldı münsiflərə, bizim müsabiqədə kənar ixtisas sahibləri yoxdur.

Tənqidçilərdi, ədəbiyyatçılardı, həm də müxtəlif qurumları, müxtəlif yaş qruplarını, müxtəlif cəbhələri təmsil edirlər.

Bununla da ortaq rəyi təmsil etməyə, ümumi ədəbi-ictimai rəyin ortaq nöqtəsini tapmağa çalışırıq.

Mütləq obyektivliyə nail olmaq yalnız Allaha xas xüsusiyyətdir.

Biz çalışırıq ki, obyektiv olaq.

"Ədəbi ictimaiyyət birinci nəticəni ədalətli hesab etmədi"

Tehran Əlişanoğlu:

- Mənə elə gəlir ki, təşkilatçılar hansı müsabiqəni keçirdiklərini, neyləmək istədiklərini bilirlərsə, o halda hamının təqdirini qazanmasalar da, müəyyən qədər obyektiv və ədalətli seçim apara biləcəklər.

O ki qadı, nəticələrə, Nigar xanım burda iddia elədi ki, keçən ilki nəticə obyektiv olub, bütün cəmiyyəti, ədəbi ictimaiyyəti razı salıb.

Zahir Əzəmət və Tehran Əlişanoğlu (sağda)
Faktlar etibarilə bu belə deyil. İndiyə qədər müsabiqələrdə ədəbiyyatın meyarları ilə əsərlərə dəyər vermək cəhdləri olub.

Nigar xanım kitabçıdır, cəmiyyətin kitaba, ədəbiyyata münasibətini üzə çıxarmaq istəyir.

Mən dedim ki, ədəbi ictimaiyyət birinci nəticəni ədalətli hesab etmədi.

Məhz birinci ilin konkret nəticəsi bu ilki müsabiqəni təşkil etməyə çətinlik törədir.

Azadlıq Radiosu:

- Nə çətinlik törədir?

Tehran Əlişanoğlu:

- Ədəbi ictimaiyyətin gözlədiyi nəticə əldə edilməyib, obyektivlik əldə olunmayıb.

Bu da yazarları bir qədər qorxudur, yan salır.

Bir şeylə razılaşmıram ki, bu müsabiqənin təşkilatçıları israrla nəticələrin obyektiv olduğunu deməyə çalışırlar.

Belə olsaydı, onluq ətrafında bu qədər ajiotaj olmazdı.

“Nəsimi” müsabiqəsinə gələndə, neçə illərdi sakit keçir. Nəticələr ictimaiyyətin diqqətini bu müsabiqə qədər cəlb etməyib.

Amma “Nəsimi” ortaya bir xeyli təzə imza ortaya çıxarıb.

"Bizim məqsədimiz populyar müsabiqə keçirmək deyil"

Zahir Əzəmət:

- Tehran bəy çox doğru vurğuladı ki, Nigar xanım kitabçıdır.

Onun marağındadır ki, cəmiyyətin oxuduğu kitabı müəyyənləşdirsin.

Təsadüfü deyil ki, Milli Kitab Mükafatını son bir neçə ildə dəfələrlə çap olunan, yüksək tirajlı kitab aldı.

Bizim məqsədimizsə populyar müsabiqə keçirmək deyil.

Nəsimi müsabiqəsinin məqsədi kiçik dairədə ədəbiyyatçılar içindən ən yaxşını, yeni imzalar tapmaq, seçmək, təqdim etməkdir.

Milli Kitab Mükafatının məqsədi oxunan kitabı ortaya qoymaqdır.

Tehran Əlişanoğlu:

- Cəmiyyətin oxuduğu kitabı tirajla müəyyənləşdirmək olmurmu?..

Mən Milli Kitab Mükafatının nəticələrindən danışanda ədəbi mühitin münsiflərə, cəmiyyətə təklif etdiyi kitablardan narazıyam.

Mən AzadlıqRadiousuna da yazmışam ki, bu, ekspertlərin səhvidir.

Müəyyənləşdirə bilməyiblər ki, 60 yaşlı Rafiq Tağı ilə - peşəkar ədəbiyyat adamı ilə 17 yaşlı gəncin yazdıqlarını bir yerdə müsabiqəyə çıxartmaq olarmı?

Deməli, kriteriləri müəyyənləşdirəndə səhv olub və münsiflərin 17 yaşlı oğlanın kitabı xoşuna gəlib.

Azadlıq Radiosu:

- Zahir bəy, razısızmı bu iradla?

- Ekspertlər kriteri yaratmayıblar. Müsabiqənin kriteriləri vardı. Biz də bəlli kriterilər üstündən seçim etmişik.

Düzdü, müzakirə oluna bilər ki, romanla hekayə, detektiv əsərlə ciddi roman bir yerdə yarışmalıdımı?

Bu da artıq təşkilatçıların işidir.

Nigar Köçərli: "Tehran bəy, narazılığınız nədəndir?"

Azadlıq Radiosu:

- Nigar xanım, bu qeydləri təşkilatçı kimi nəzərə alacaqsızmı?

- Hələ ki yox. Ola bilsin. Biz hələ axtarışdayıq. Ümumən konsepsiya, mexanizm var, yeniliksə həmişə olacaq.

Mən istəyirəm obyektivliyə şübhə olmasın.

Tehran bəyə sual vermək istəyirəm.

Keçən il 12 nəfərin – münsiflərin rəyi sizdə niyə sual yaradır: ədalətli seçim aparmayıblar, proses gizli gedib, narazılığınız nədəndi?

"Bu, detektiv müsabiqəsidirsə, “milli kitab” deyil"

- Etirazım ədəbi seçimlə bağlıdır. Münsiflərdən Şahbaz Xuduoğlunun müsahibəsini oxudum.

Zahir Əzəmət
Məni qane etmədi. O deyir ki, ekspertlərin qarşısında tələblər qoyacağıq.

Ekspertin qarşısına kitabçının şərt qoyması düz deyil, onu çərçivəyə salmaqdır.

Müsabiqənin məqsədini, ideyasını bilmək lazımdır. Bu, detektiv müsabiqəsidirsə, “milli kitab” deyil.

Nigar Köçərli:

- Niyə ki yox? Niyə detektiv əsərlə sevgi romanı və ya daha ciddi əsər bir yerdə yarışmasın?

Zahirin dediyini düz başa düşmədik.

Ekspertlərin qabağına sərt bir kriteri qoyulmuşdu: yalnız və yalnız obyektivlik.

Tehran Əlişanoğlu:

- Zahir bəy, sizə sualım var. Birinci müsabiqənin nəticəsindən ədəbiyyatçı kimi razısızmı?

- Mən ilk üç yeri üç nəfər arasında görürdüm: Rafiq Tağı, Şərif Ağayar, Fəxri Uğurlu.

Ədəbi ictimaiyyət də bu üç nəfərin üstündə dururdu.

Amma cəmiyyət peşəkar ədəbiyyatçılardan – ekspertlərdən daha az səs alan yazarı istədi.

Mənə qalsa, bu üç nəfərdən biri qalib olsa, ədəbiyyat bəlkə daha çox qazanardı.

Amma o da var ki, Rafiq Tağının kitabları ilə müqayisədə Qaraqanın kitabı bazarda daha çox satılır.

Nigar Köçərli Tehran Əlişanoğlu ilə razılaşmır

Azadlıq Radiosu:

- Ən çox oxunan kitab milli kitab sayıla bilərmi?

Tehran Əlişanoğlu:

- Məncə, yox. Ən çox oxunan kitab cəmiyyətin bu günkü kütləvi marağı ilə bağlıdır.

Kütləviliklə ədəbiyyatı qarışdırmaq lazım deyil.

Kütləvi müsabiqə keçirmək istəyiriksə ayrı məsələ, “milli kitab” ayrı məsələ. Qarışdırmayaq.

Nigar Köçərli:

- İcazənizlə, Tehran bəy, sizinlə bir balaca razılaşmıram.

Məncə, ən oxunan kitab elə milli kitab olmalıdır.

Məsələn, dünyada ən çox satılan kitab Şekspirin əsərləridir.

Tehran Əlişanoğlu:

- 500 ildən sonra.

Nigar Köçərli:

- Tamam. Başqa misal. Bütün mükafatların üstünlüyü ondadır ki, qalib əsər çap olunan kimi milyonlarla satılır.

Tehran Əlişanoğlu:

- Yəni Qaraqanın kitabının satışına müsabiqə təsir eləyib, yoxsa ən çox oxunan kitabdı deyə onu seçiblər?

Nigar Köçərli:

- Qaraqanın kitabı yaxşı satılırdı.

Tehran Əlişanoğlu:

- Bir halda ki, yaxşı satılan kitaba birincilik verilirsə, onda müsabiqənin nə əhəmiyyəti var?

Nigar Köçərli:

- Biz axı demirik ki, ən yaxşı satılan kitaba mükafat veririk.

Onluğa düşən yazarların kitablarını çap etdik və təbii ki, qaliblərin kitabı daha yaxşı satılır.

"O ki qaldı, bu ilki nəticələrin ədalətli olub-olmayacağına..."

Zahir Əzəmət:

- Məncə, Nigar xanım bu məsələlərdə tələsməməlidir, münsifləri müdafiə etməməlidir.

Seçim Nigar xanıma məxsus deyil. O təşkilatçı olaraq mexanizmə cavabdehdir.

Necə ki mən təşkilatçı kimi boşluğu, axsadığımız yeri görəndə, gələn dəfə onu aradan qaldırmağa çalışıram, eləcə də Nigar xanım buna cəhd etməlidir.

İndi basqılar altında o hər şeyi müdafiə etmək zorunda qalır.

Əslində bu 12 münsifin seçimidir. Necə ki, iyirmiliyi də müəyyənləşdirərkən təşkilatçı Nigar Köçərliydi.

Nigar xanım razılaşmasa da, yəqin keçən dəfəki boşluqları özü də hiss etdi, ona görə, münsiflərin tərkibini genişləndirdi, 17-yə çatdırdı.

Peşəkarların tənqidləri işin inkişafı naminə nəzərə alınmalıdır.

Milli Kitab Mükafatı populyar müsabiqədir, cəmiyyətə on kitab verdi.

Bununla belə, mexanizm təkmilləşməyə doğru getməlidir. Başqa yolu yoxdu.

Tehran Əlişanoğlu:

- Müsabiqəni indiki halda təşkil edənlər kitabçılardılar.

Prosesə Şahbaz bəyin də qoşulmağından belə başa düşürəm.

Bu yaxşıdı. Mən ona görə həyəcan siqnalı qaldırıram ki, biz nə iş görürüksə, mütləq onu müdafiə edib, nöqsansız olduğunu deməyək.

O biri tərəfdən, keçən ilin nəticələri bu ilə də təsir edir.

Bəzi yazarlar müsabiqədən kənarda qalmaq istəyirlər.

Mən də onların seçiminə qətiyyən etiraz etmirəm. Çünki ortaya məhsul, kitab qoyanlar ədalət gözləyirlər.

Amma müsabiqəyə əsər vermək istəyən yazarların iştiraklarını da istəyirəm.

O mənada ki, bizim başqa müsabiqə yoxdu, üçüncü olsa başqa məsələ.

O ki qaldı, bu ilki nəticələrin ədalətli olub-olmayacağına, bu son halda müsabiqənin öz taleyini həll edəcək.

Hər şey nəticələrdən asılıdır.

PROQRAMI TAM ŞƏKİLDƏ BURDA DİNLƏ
XS
SM
MD
LG