Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:56

Əli Həsənov: "Radikalizmə yer yoxdur"


Əli Həsənov
Əli Həsənov
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2010-cu ilin yekunları ilə bağlı Trend informasiya agentliyinə müsahibə verib. Müsahibədə iqtisadi böhran, Kür daşqınları, sosial islahatlar, Xəzəryanı ölkələrinin dövlət başçılarının Bakıda keçirilən zirvə görüşü, parlament seçkisi, söz azadlığı kimi məsələlərə toxunulub. Müsahibədən bəzi hissələri çatdırırıq.

- Bu il Azərbaycanda parlament seçkiləri keçirildi. Seçkiləri izləyən yerli və xarici müşahidəçilərin qiymətləndirmələri müxtəlif oldu. Sizin fikrinizcə, demokratik standartlara uyğunluq baxımından seçkilər ümidləri doğrultdumu?

- Kimin necə yanaşmasından asılı olmayaraq bu seçkilər demokratik, şəffaf, beynəlxalq standartlara uyğun keçirildi. Avropa Şurası, Avropa Birliyi, ATƏT, MDB, GUAM-ın, digər nüfuzlu təşkilatların nümayəndələri, müstəqil müşahidəçilər seçki komissiyalarının fəaliyyətində, səsvermə prosesi zamanı, səslərin hesablanmasında seçkilərin nəticələrinə təsir göstərə biləcək qanun pozuntularının müşahidə olunmadığını, seçkilərin demokratik keçirildiyini bəyan etdilər.
Ən əsası odur ki, seçkilər əhalinin etimadını qazandı, seçicilər seçki prosesinin bütün mərhələlərindən razı qaldılar. Düzdür, seçkini dəyərləndirən bəzi siyasi qüvvələr radikal müxalifət namizədlərinin parlamentə düşməməsini əsas götürərək nəticələrə şübhə ilə yanaşmağa cəhd edirlər. Lakin etiraf etməliyik ki, bu nəticə son 5 ildə Azərbaycan cəmiyyətindəki ovqatın göstəricisidir. Sürətli sosial-iqtisadi inkişaf, cəmiyyət həyatında demokratiyanın dərinləşməsi ilə şərtlənən pozitiv dəyişikliklər, ictimai şüurun yeniləşməsi cəmiyyətdə yeni münasibətlər modelini formalaşdırıb. İctimai tələbat olmadığına görə, siyasi fəaliyyətdə radikallıq, dağıdıcılıq kimi zərərli meyllər daha müasir mübarizə metodları ilə əvəzlənir. Son illər radikal müxalifətin heç bir aksiyası sosial dəstək qazanmayıb, cəmiyyət heç bir radikal çağırışa reaksiya verməyib. Azərbaycan ictimaiyyətində formalaşmış "radikalizmə yer yoxdur" fikri seçkinin nəticələrinə təsir göstərməyə bilməzdi. Aparıcı sosioloqlar, politoloqlar Azərbaycan cəmiyyətindəki ovqatın keçirilən seçkilərin nəticələri ilə üst-üstə düşdüyü qənaətindədirlər. Seçki bir daha açıq nümayiş etdirdi ki, Azərbaycan cəmiyyətində radikalizm bir mərhələ kimi öz yerini konstruktivliyə, qlobal düşüncəyə, praqmatik fəaliyyətə verməkdədir. Gözləyirik ki, gələcəkdə siyasi partiyalar bu seçkinin nəticələrindən düzgün nəticə çıxaracaqlar, öz fəaliyyət prinsiplərinə, cəmiyyətdə tutduqları mövqeyə yenidən baxacaqlar.

- Əli müəllim, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi irəliləyiş olacağına böyük ümidlər var idi. Lakin Ermənistan ATƏT-in Minsk qrupunun səylərini, davamlı danışıqlar prosesinin praktiki nəticələrini qəbul etməkdən boyun qaçırdı. ATƏT-in Astana sammiti ərəfəsində də müəyyən nikbin proqnozlar verilirdi, lakin hər hansı irəliləyiş olmadı. Bundan sonra münaqişənin həlli ilə bağlı gözləntiləriniz nədir və Azərbaycan hansı addımları atmağı planlaşdırır?

- Keçən illərdə olduğu kimi, 2010-cu ildə həyata keçirilən danışıqlar bir daha göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, rəsmi Yerevanın münaqişənin həllini istəməməsidir. Danışıqlar prosesinin müxtəlif mərhələlərində dövlət başçısını istefaya göndərməklə, parlamenti gülləbaran etməklə, müxtəlif absurd bəhanələr ortaya atmaqla Ermənistan mövcud status-kvonu qoruyub saxlamaq istəyir. ATƏT-in Astana sammitindən öncə artıq məlum idi ki, Ermənistan qeyri-konstruktiv mövqedən çəkinməyəcək və buna görə də zirvə toplantısı Azərbaycan üçün bir daha öz mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, rəsmi Yerevanın əsl simasını ifşa etmək üçün vasitə idi.
Ermənistanın qarşısında bir perspektiv var - ya bundan sonra da işğalçılıq siyasəti yeritməklə və beynəlxalq normaları pozmaqla özünü daha da küncə sıxmalı, ya da Azərbaycanla və digər ölkələrlə normal münasibətlər yaratmalı, ərazi iddialarından imtina etməlidir. 2009-cu ildə bəzi dövlətlərin dəstəyi ilə Ermənistan-Türkiyə yaxınlaşması istiqamətində həyata keçirilən tədbirlərin, Sürix razılaşmasının iflası hamını əmin etdi ki, Azərbaycan müstəqil siyasət yürüdən güclü dövlətdir, regional proseslərə həlledici təsir imkanlarına malikdir, onun maraqları nəzərə alınmadan bölgədə hər hansı beynəlxalq təşəbbüsün, dövlətlərarası layihələrin həyata keçirilməsi mümkün deyil.
Münaqişə həll olunmayanadək Ermənistan heç bir regional əməkdaşlıq layihələrinə, iqtisadi inteqrasiyaya cəlb olunmayacaq. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycan güclənən, dinamik inkişaf edən, öz resurslarına arxalanan ölkədir. Ermənistan isə transmilli kommunikasiyalardan kənarda qalıb, başqa ölkələrin və dairələrin humanitar ianəsi ilə güclə dolanır. Bu gün Azərbaycanın hərbi büdcəsi 3.1 milyard dollar, Ermənistanın dövlət büdcəsi isə 2.36 milyard dollar təşkil edir. Zənnimcə, bu müqayisə artıq hər şeyi açıq şəkildə göstərir.

- Azərbaycanda qeyri-hökumət təşkilatlarının, söz və məlumat azadlığının inkişaf etdirilməsi ilə bağlı vəziyyət barədə fikirləriniz maraqlı olardı. Sizcə 2010-cu ildə bu sahədə həyata keçirilmiş tədbirləri qənaətbəxş hesab etmək olarmı?

- Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin və qeyri-hökumət sektorunun inkişaf etdirilməsi həmişə aktual və prioritet məsələlər olub və dövlət bu sahədə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarandıqdan sonra qeyri-hökumət təşkilatlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırması, onların cəmiyyət həyatında rolunun yüksəldilməsi, vətəndaş təşəbbüsünün artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başladı. 2011-ci ili də nəzərə alsaq, QHT layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Şuraya 10 milyon manata yaxın vəsait ayrılıb. Bu gün yüzlərlə QHT Şura ilə əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirir, dövlət və cəmiyyət üçün prioritet məsələlərin həllində fəal iştirak edir.
Kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, söz və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuat orqanları informasiya agentlikləri ilə yaxından əməkdaşlıq edir, onların layihələrini maliyyələşdirir, jurnalist müsabiqələri keçirir.
2010-cu ildə "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalandı, ölkə səviyyəsində konfranslar, dəyirmi masalar, digər tədbirlər keçirildi. İyulun 22-də Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etdi, Şura üzvləri ilə görüşdü. Həmçinin, Prezidentin sərəncamları ilə 92 jurnalist dövlət mükafatlarına və fəxri adlara layiq görüldü, 32 qəzetin hər birinə 20 min manat, 8 informasiya agentliyinə isə ayrı-ayrılıqda 10 min manat birdəfəlik maliyyə yardımı ayrıldı. Eyni zamanda, dövlət başçısının sərəncamı ilə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrıldı.
Dövlətin informasiya siyasətinin əsas məqsədi cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını effektiv yerinə yetirə bilməsi üçün kütləvi informasiya vasitələrinə zəruri şərait yaratmaqdır. Azərbaycan dövləti bundan sonra da söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin inkişaf etdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirməkdə israrlıdır.

- Əli müəllim, 2010-cu il daha hansı əlamətdar hadisələrlə yadda qaldı?

- Bu ilin aprelində Ümumdünya Dini Liderlərin Bakı Sammiti keçirildi. Bu tədbir bir daha təsdiq etdi ki, ölkəmiz dünya miqyasında dinlərarası dialoqun təşkil olunmasında və inkişafında mühüm rol oynamağa başlayıb.
Digər mühüm əhəmiyyətə malik hadisə kimi sentyabrda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamənin imzalanmasını göstərmək olar. Türkiyə və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq münasibətlərini zənginləşdirmək, yeni səviyyəyə qaldırmaq hər iki dövlət rəhbərliyinin istəyi və qarşılarında duran vəzifədir.
Əlbəttə, bu və sadalamadığım digər tədbirlər beynəlxalq və dövlətlərarası münasibətlərdə Azərbaycanın artan nüfuzunun göstəriciləridir. Əminəm ki, qarşıdan gələn illərdə uğurlarımızın sayı artacaq, Azərbaycan həm regionda lider statusunu möhkəmləndirəcək, həm də qlobal siyasi, iqtisadi, humanitar və digər proseslərə ölkəmizin təsir imkanları artacaq.
XS
SM
MD
LG