Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:23

Eynulla Fətullayevin atası bir aydır oğlu ilə görüşə bilmir


Emin Fətullayev
Emin Fətullayev
«Mənə görüş vermirlər. Bir aydan artıqdır ki, iş Ali Məhkəməyə gedib. O vaxtdan məni Eynulla ilə görüşdürmürlər. Dünənki məhkəmədə bunun səbəbini soruşanda hakim İmran Hacıqayıbov müxtəlif məsələləri əsas gətirdi. Vəkillər isə bunları əsassız hesab edir».

Bunu həbsdə olan jurnalist Eynulla Fətullayevlə bir aydan artıqdır görüşə bilməyən atası Emin Fətullayev deyir. O hesab edir ki, məmurlar rəhbərliyin yanında «xal» qazanmaq üçün bu cür yollara əl atır, ən xırda məsələlərdə onları əziyyət salırlar.

Dekabrın 21-də hakim İmran Hacıqayıbov Emin Fətullayevin sualını belə cavablandırıb ki, görüşlər Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq verilir.

Hakim məhkumlarla görüş üçün Ali Məhkəmə tərəfindən icazə verilməsinin qanunvericilikdə nəzərdə tutulub-tutulmamasını izah etməyib.

FORMAL BƏHANƏ?

Eynulla Fətullayevin vəkili Elçin Sadıqov isə deyir ki, hakimin göstərdiyi əsas odur ki, Ali Məhkəmənin məhbusun ailə üzvləri ilə görüşə icazə verməsi səlahiyyəti qanunda göstərilməyib:

«Ümumiyyətlə, Cinayət Prosessual Məcəlləsində məhkumların yaxınları ilə görüşünə icazəni İstintaq Təcridxanasının rəhbərliyi verir. Məhkəmələrin buna icazə verməsi absurd məsələdir. Amma bir qayda olaraq məhkəmələrdən görüş üçün məktub verilir. Ali Məhkəmənin məktub verməsini qadağan edən hər hansı bir maddə yoxdur».

Elçin Sadıqov
Vəkil Ali Məhkəmənin bundan imtina etməsini formal bəhanə hesab edir.

PENİTENSİAR XİDMƏTİN SÖZÇÜSÜ XƏBƏRSİZDİR


Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsinin sözçüsü Mehman Sadıqov isə məsələdən xəbərsiz olduğunu deyir.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, irqi ayrı-seçkilik salma və vergidən yayınma ittihamları ilə üst-üstə 8 il yarım həbs cəzası alıb. Bu ilin aprelində Avropa Məhkəməsi Fətullayevin həbsinin əsassız olduğunu bildirib, Azərbaycan hakimiyyətindən jurnalisti dərhal azadlığa buraxmağı, ona təxminən 28.000 avro kompensasiya ödəməyi tələb edib.

Ötən ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin üzərindən narkotik maddə tapılıb. Buna görə, o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Bu il noyabrın 11-də Ali Məhkəmə Avropa Məhkəməsinin qərarına baxıb. Plenum terrorla hədələmə və irqi ayrı-seçkilik salmaqla bağlı jurnalistə verilmiş cəzalara xitam verilməsinə dair qərar çıxarıb. Ancaq vergi ittihamı ilə bağlı jurnalistin 2 il 3 ay 15 gün müddətinə təkrar azadlıqdan məhrum edilməsi barədə qərar verilib.

Plenuma rəhbərlik edən Ali Məhkəmənin sədri Ramiz Rzayev qərarı elan edərkən deyib ki, E.Fətullayevin 2007-ci ilin aprelindən cəza çəkdiyi nəzərə alınaraq onun barəsində çıxarılan 2 il 3 ay 15 gün cəzası çəkilmiş hesab edilir və o azad edilir.

Amma Rzayev bu qərarın narkotik ittihamı ilə bağlı məsələyə aidiyyatı olmadığını deyib.

Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin dərhal azadlığa buraxılmasını tələb ediblər.
XS
SM
MD
LG