Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:38

Cəbhə xəttində yaşayan dissidentlər…


Christel Fricke
«Bu il çinli dissident Lui Xiaobo Nobel Sülh Mükafatına layiq görüldü və Çin bir daha totalitar dövlətin çirkin üzünü nümayiş etdirdi. Komitənin bu seçimi Çində demokratik dəyişikliyə töhfə verəcək ya yox hələ də sual olaraq qalır. Ümid edirik ki, beynəlxalq diqqət və təzyiq bu dissidenti müdafiə çətiri altına ala biləcək. Ancaq demokratik dəyişiklik tələbini insanlar dəstəkləməyincə məqsədinə çata bilməz. Unutmaq lazım deyil ki, dünyanın totalitar ölkələrində özünü demokratiya, söz azadlığı, qanunun aliliyi və insan haqlarına həsr edən çoxlu sayda demokratik dissident var. Bu isə onların özləri və ailələri üçün baha başa gəlir».

Bu fikirlər Norveçin Oslo Universitetinin professoru Christel Fricke-ə məxsusdur. O, bu yaxınlarda Bakıda səfərdə olduğunu, Xəzər sahili boyunca müasir, bahalı binalar gördüyünü yazır. Ancaq bunun arxasında hakim siyasi dairələri azlıqda olan demokratik dissidentlərdən ayıran cəbhə xəttinin durduğunu qeyd edir:

AZƏRBAYCAN TOTALİTAR DÖVLƏT KİMİ İDARƏ OLUNUR


«Cəbhə xətti? Azərbaycan demokratik respublikadır? Konstitusiyaya görə, bəli. Ancaq Konstitusiya bir şeydir, siyasi mədəniyyət və təcrübə başqa. Faktiki olaraq başında güclü prezidenti olan Azərbaycan totalitar dövlət kimi idarə olunur və siyasi institular əsasən onun göstərişlərini həyata keçirir. Müxalifət sıxışdırılıb, ifadə azadlığı yoxdur. Bu il rəsmi mətbuatda Nobel Sülh Mükafatı laureatının kim olduğu barədə məlumat getməyib. Qanunun aliliyi təmin edilmir. Və insan hüquqları mütəmadi olaraq pozulur».

Christel Fricke yazır ki, Azərbaycanda demokratik dissidentlər iş tapa bilmir:

«Onlar ictimaiyyətin diqqətini cəlb etməyə cəhd edirsə, həbsə düşmək, casusluq və ya xuliqanlıqda günahlandırılmaq riskləri var. Demokratik fəalların çoxu Sovet İttifaqı dağılandan və Azərbaycan müstəqilliyini élan edəndən sonar mühacirət ediblər. Azərbaycanda qalanlar isə həyatlarını ölkənin daha yaxşı gələcəyinə həsr edir».

Christel Fricke qeyd edir ki, 2006-cı ildən Azərbaycan Dillər Universitetində «Skandinaviya tədqiqatları» proqramı açılıb. Bu proqram Norveçin Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir və builki proqramın təşkilatçısı
Bakıda olduğum zaman 2 gənc həbsdən azad edildi
Oslo Universitetidir:

OLA BİLSİN Kİ, AZƏRBAYCAN PREZİDENTİ BLOQU DÜZGÜN BAŞA DÜŞMƏYİB


«Mən Bakıya bu proqram çərçivəsində 10 gün dərs demək üçün getmişdim. Orda olduğum zaman 2 gənc həbsdən azad edildi. İki «bloqqerin» məsələsi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Demokratik müxalifətin üzvləri kimi onlar döyülüb və daha sonra güclü ancaq görünməz hökumət tərəfindən zərərçəkmişdən təqsirləndirilənə çevrilib. Onlar xuliqanlıqda ittiham edilib, 2 il və 2.5 il həbs cəzası alıblar. Ölkə prezidentini məyus edən saxta mətbuat konfransı zamanı eşşəyin ölkədə korrupsiya ilə bağlı sualları cavablandırması haqda videobloq olub. Ola bilsin ki, Azərbaycan prezidenti bloqu düzgün başa düşməyib və özünü təhqir olunmuş hiss edib...»

Oslo Universtitetinin professoru yazır ki, bloqqerlərdən birinin atası onun keçmiş dostudur. Və dostu Bakıda tələbələrdən bloqqerlərin məsələsi ilə bağlı bildiklərini öyrənməyi təklif edəndə düşünüb ki, «bunu müzakirə etmək maraqlı olar – rəsmi mətbuat bu məsələni işıqlandırmayıb»:

MƏNƏ TAPŞIRDILAR Kİ, TƏLƏBƏLƏRİMLƏ AZƏRBAYCAN SİYASƏTİNİ MÜZAKİRƏ ETMƏYİM

«Ancaq məsələni qaldırmaq alınmadı. Mənə tapşırdılar ki, tələbələrimlə Azərbaycan siyasətini müzakirə etməyim. Yalnız bundan sonra demokratik hərəkatın cəbhə xəttinə nə qədər yaxınlaşdığını anladım - hər hansı riskə getməkdən imtina etdim.

Skandinaviya proqramının mühazirəçisi kimi mənə dedilər ki, siyasətdən kənar durum və proqramın bağlanmasına səbəb olmayım. Dostum təəssüfləndi, ancaq təəccüblənmədi».

Lui Xiaobo yanlış siyasi şəraitdə doğru yaşamağın yolunu göstərir. Necə ki, Azərbaycanın demokratik dissidentləri bunu edirlər
Christel Fricke yazır ki, Lui Xiaobo yanlış siyasi şəraitdə doğru yaşamağın yolunu göstərir. Necə ki, Azərbaycanın demokratik dissidentləri bunu edirlər:

ONLAR BİZİM DİQQƏT VƏ DƏSTƏYİMİZƏ LAYİQDİRLƏR

«Biz onları doğru həyatın qəhrəmanları kimi tanımalıyıq. Onlar siyasi azadlığımızın nə qədər dəyərli olduğunu və coğrafi cəhətdən məhdud olduğunu xatırladır. Onlar bizim diqqət və dəstəyimizə layiqdirlər və buna ehtiyacları var. Mənim Bakıdakı dostum onlardan biridir. Onun məsələsinə və Azərbaycanda real demokratiyanın çatışmazlığına beynəlxalq diqqət yardım edə bilər».

Professor hələ də sual edir ki, Bakıda tələbələrin diqqətinə bloqqerlərin məsələsini çatdırmamağına səbəb nə olub - siyasi ehtiyat yoxsa şəxsi cəsarətsizlik?

«Bilmirəm. Ancaq demokratik dissidentlərin – cəbhə xəttində yaşayan, geriyə biletləri olmayanların üzləşdiyi çətinlikləri daha yaxşı anladım. Və əmin deyiləm ki, əgər demokratik, ifadə azadlığı, insan haqları, qanunun təhlükəsizliyi təmin olunan dövlətin vətəndaşı olmasaydım, mən səhv yerdə doğru yaşamağa həvəsləndirilə bilərdimmi? Doğrunun ortasında doğru yaşamaq asandır. Demokratik dissident olmaq daha cəlbedicidir».

/Sayta hazırladı: Sevinc Hüseynzadə/
XS
SM
MD
LG