Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:56

Andres Herkel «Azərbaycan məktubları» barədə


Andres Herkel
Andres Herkel
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andres Herkellə müsahibə Milad bayramında baş tutdu. Bir neçə dəfə mobil telefonuna zəng vursaq da, telefonu bağlı idi. Deyir ki, bayramda bəzəmək üçün meşədə küknar ağacı axtarırmış. Qar da çox olub, telefonunun enerjisi də qurtarıb.

Onunla bu günlərdə Estoniyada çapdan çıxmış “Azərbaycan məktubları” adlı kitabı barədə danışıdıq. Deyir estonca çıxan kitab 2 hissədən ibarətdir - birinci hissə Azərbaycan tarixi haqqındadır, ikinci hissə isə Azərbaycanla bağlı yazdıqları məktublardır.

BU KİTABI YAZMAYA BİLMƏZDİM

- Necə oldu ki, Azərbaycan barədə kitab yazmaq qərarına gəldiniz?

- Azərbaycanla bağlı o qədər zəngin təcrübəm var, o qədər yaxşı adama kömək etməyə çalışmışam ki, bu kitabı yazmaya bilməzdim. Bəzi hallarda bu köməyi göstərə bilmişəm, bəzi hallarda yox. Məncə, bu kitab mənim Azərbaycanla bağlı 6 ildə keçirdiyim hisslərimin ifadəsinə yardım eləmiş oldu. Bu kitab Azərbaycanca, rusca yaxud ingiliscəyə tərcümə olunsa, qürur duyaram. Mən Estoniya parlamentinin üzvü kimi xaricdə çox vaxt keçirmişəm. Eston ictimaiyyəti qarşısında bir borcum var idi ki, bu illər ərzində nə etdiyimin, haralarda olduğumun hesabatını verim. Kitabın 25-30 səhifəsi Azərbaycan tarixinin icmalıdır. Tarixdən bəlkə də 100 səhifə yazardım, ancaq bəzi şeyləri yazıb çatdıra bilmədim.

- Tarix deyəndə əsasən hansı illərdən danışırsız kitabda?

- Atropatena dövründən tutmuş Səfəvilər, Şirvanşahlara qədər...Çalışmışam bütün dövrləri qısaca da olsa əhatə eləyim. Azərbaycanın Nizami kimi şairləri olub. Azərbaycan Demokratik Respublikasının baniləri olan Rəsulzadə, Topçubaşov kimi şəxsiyyətlərdən, 2-ci Dünya müharibəsi dövründən bəhs edirəm.

- Bəs müasir tarix?


HAKİMİYYƏTİN BİR ƏLİYEVDƏN DİGƏR ƏLİYEVƏ ÖTÜRÜLMƏSİ

- Müasir tarixi öz məktublarımda, memuarımda açıram. “Qara Bağ” adlı fəsildə Qarabağ münaqişəsindən danışıram, həmçinin Qara Yanvar faciəsi. Əbülfəz Elçibəy dövrü, sonra yenə Qarabağda baş verənlər, dövlət çevrilişi. Ən son fəsil isə “Hakimiyyətin bir Əliyevdən digər Əliyevə ötürülməsi” adlanır.

- Sovet İttifaqından ayrılandan sonra Estoniya ilə Azərbaycan arasında hansı paralel aparmısız?

- Azərbaycanın 20-ci əsrin sonlarında yaşadığı dövr bir çox Avropa ölkələrinin vaxtilə keçirdiyi milli oyanış dövrünə oxşayır. Ancaq Cənubi Qafqaz respublikaları oyanışdan sonrakı dövrdə də kommunistlər tərəfindən əzilib.

- Daha Azərbaycan üzrə məruzəçi deyilsiz. Altı illik məruzəçi kimi mübarizədən sonra özünüzü rahat hiss edirsinizmi?

“BOŞ HOVUZDA MƏŞQ” QÜVVƏDƏ QALIR

- İyunda məruzəçiliyi başa vuranda özümü rahat hiss etmirdim. İndi bu kitabı yazandan sonra belə demək olar. Çünki əslində indi mən borcumu tam yerinə yetirmiş oldum. Mən bunu etməliydim. İndi mən öz işimdən daha razıyam. Azərbaycan oxucusuna nəsə vermək üçün əlimdən gələni etdim. Mən ancaq vəziyyəti təsvir etmişəm. Əgər bir gün Azərbaycanda siyasi plüralizm, demokratiya artsaydı, mən daha xoşbəxt olardım. İki il əvvəl mən sizin seçkini “boş hovuzda məşqə” bənzətmişdim. Məncə, vəziyyət də heç də yaxşılaşmayıb.

- Builki parlament seçkilərini nəzərdə tutursuz?

- Məncə sizin builki seçkiləriniz daha rəqabətli mühitdə keçmədi. Daha yaxşı siyasi mühit təmin olunmadı.

- Bəs niyə məruzəçi olanda fikirlərinizi tam bölüşə bilmədiniz?

- Mən çalışırdım fikirlərimi tam açım. Ancaq bəzi suallar o qədər mürəkkəb idi ki, onlara mətbuat konfranslarında tam cavablandırmaq mümkün deyildi. Bəzi hallarda mən çox subyektiv görünə bilərdim. Yazıçı kimi isə ürəyindən keçənləri yaza bilirsən. Mən ən mühüm hesabat etdiyim suallara cavab verirdim.

KİTAB İNTİQAM VASİTƏSİ DEYİL

- Bu kitabda cavabını verdiyiniz ən çətin sual hansıdır?

- Mənim kitabda dediyim ən mühüm fikir odur ki, Azərbaycan gözəl ölkədir. Bəzi xəyal qırıqlığı keçirməyimə baxmayaraq, çox gözəl adamlarla tanış oldum. Belə kitabları yazanda bir şeydən qaçmaq lazımdır - kitab intiqam, yaxud kompensasiya vasitəsi deyil. Mənim əsas ideyam cəmiyyəti və mənim bu cəmiyyət barədə təəssüratlarımı yazmaqdır. Bir də mən bu zəngin təcrübəni necə qazandım, bunu yazdım.

- Bu yaxınlarda bir keçmiş türk diplomatı da Azərbaycanın siyasi gizlinləri barədə kitab yazıb. Ancaq bu kitabı Azərbaycanda tapmaq müşkül məsələdir. Sizcə sizin kitabı belə bir tale gözləməz?


- Kitabı heç cür qadağan eləmək olmaz. Məncə mənim kitabıma qarşı belə bir münasibət üçün əsas yoxdur. Kiminsə bu kitabdan xoşu gələ bilər, kiminsə yox.

- Azərbaycanda bloqqerlər azad olunsa da, jurnalist Eynulla Fətullayev hələ də həbsdə qalır.

- Bloqqerlərin azadlığa buraxılmasını son anda kitabıma sala bildim. Eynulla ilə həbsxanada çox görüşmüşəm. Kitabımın 11 səhifəsi də ona həsr olunub.

AZƏRBAYCANIN AVROPALI GƏLƏCƏYİNİN ƏLAMƏTİ

- Sizin məruzəçi kimi vəzifədən getdikdən sonra Azərbaycan üçün arzuolunmaz şəxs elan olunmağınız barədə söz-söhbət gəzirdi.


- Bu şayiələri şərh edə bilmərəm. Mənim vəzifədən getməyim isə sadəcə yerdəyişmə idi. Mən 6 il həmməruzəçi işləmişdim, bu iş üçün konkret vaxt limiti var.

- Bu gün prezident İlham Əliyevin ad günüdür. Keçmiş məruzəçi kimi ona hansısa mesajınız varmı?

- Doğrudan? Birinci dəfədir bu barədə eşidirəm. Prezidentin Milad ərəfəsində doğulması çox yaxşı əlamətdir. Bu, Azərbaycanın gələcəyinin Avropaya bağlılığının əlaməti ola bilər. Mən demirəm ki, xristian adətləri sizin adətləri əvəz etsin. Ancaq sizin prezidentin Milad ərəfəsində doğulması çox yaxşı əlamətdir. Azərbaycandakı bütün dostlarıma ən xoş arzularımı çatdırıram. Dostlarım çoxdur, adlarını çəksəm birdən kimsə yadımdan çıxar.
XS
SM
MD
LG