Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:03

Müsəlmana Yeni İl yolkası və Novruz tonqalı olmaz?


Yeni ili qeyd etmək və yolka bəzəmək, yaxud da Novruz bayramında tonqal üstündən tullanmaq. Özünü müsəlman sayan kəslər illərdir formalaşan bu ənənələrə uymağa necə baxırlar? İslam ümumi adətlərdən çəkinməyə çağırır, yoxsa onlara qaynayıb-qarışmağa? Bu suallara AzadlıqRadiosu və “İnternyus-Azərbaycan” təşkilatı ilə birgə hazırlanan “İslam və demokratiya” proqramında cavab tapmağa çalışmışıq.

YEN İL BAYRAMI - İSLAMA ZİDD OLMAYAN ADƏTDİR

Mövzunu şərh edən dini yazar Kənan Rövşənoğlu İslamın qızıl qaydasını xatırladır – o adət ki şəriətlə əks deyil, İslam onu qəbul edir:

“Bayrama da belə yanaşırıq. Yeni il bayramını adət kimi qəbul edirik və müsəlmanların onu qeyd etməsində problem yoxdur. Hətta bu bayramı Həzrəti İsanın mövludu kimi qeyd etsək belə, bu, gözəl adətdir”.

MİLADIN SANTA KLAUS KİMİ DİNİ MOTİVLƏRİ VAR

İlahiyyatçı Ramin Vəkilov isə bayramı qeyd edib-etməməyin hər bir kəsin şəxsi işi sayır. Lakin İslamın bu məsələyə münasibəti gəlincə, R.Vəkilov deyir ki, Milad bayramı sadəcə İsanın ad gününü qeyd etmək deyil, onun mahiyyətində dini motivlər də var:

“Santa-Klaus, yolkanı özü, yolkanın ətrafında toplanmalar. Bütün bunlar dini motivlərdir. Həm də yavaş-yavaş müşahidə edirik ki, artıq bizim Santa-Klauslar peyda olur, heç kim Şaxta baba ifadəsini işlətmir və tədricən məsələnin dini nüansları daha qabarıq formada ortaya çıxmağa başlayır. Hər şey ondan asılıdır ki, bayram necə təqdim olunur. Bayram Noel günü, Santa Klaus kimi dini motivlərlə təqdim olunarsa, onda İslam bunu qəbul edə bilməz. Və müsəlmanlardan bunu dəstəkləməyi gözləmək zənnimcə, yersizdir”.
Ramin Vəkilov


“FRANSADA YAŞASAM DA, UŞAQLARIMA YOLKA QURMURAM”

Məhz bu dini motivlər üzündən 10 ildən artıqdır Fransada yaşayan azərbaycanlı Mehri Quliyeva uşaqlarına yolka qurmur. Uşaq vaxtında özü səbirsizliklə yolka bəzənməsini gözləsə də, indi öz övladları üçün bunu etmir.

“Apardığım araşdırmalara görə, bu, əslində bütpərəstlərin bayramı olub. Sonradan xristianlar bunu İsanın doğumu ilə əlaqələndiriblər. Bir sözlə, burda nə bizim dinimiz, nə millətimiz, nə də adət-ənənəmizlə bağlı bir şey yoxdur. Uşaqlarım böyüyəndə onlara da öz baxışlarımı çatdıracağam. Amma onlar Fransada doğulduqları üçün bu məsələyə fərqi yanaşa bilərlər”.

YENİ İL BAYRAMINDA GÜNAH BIR ŞEY GÖRMÜRƏM

Bakı sakini Qabil Qarayev isə Yeni ildə yolka qurub uşaqlarına hədiyyə almaqda qəbahətli bir şey görmür və bunu günah əməl saymır:

“Kimsə bunu xristian adəti hesab edə bilə. Kimsə bunun bizim adət-ənənələrə, müsəlmançılığa dəxli olmadığını deyə bilər. Mənsə fikirləşirəm ki, əgər insan hər hansı bir işdən xoşhal olursa, niyə də bunu keçirməyək? yeni ili qeyd etməklə yanaşı, onlara bu bayramın tarixi haqqında dolğun məlumat vermək də lazımdır”.

MÜSƏLMANLARIN XRİSTİANLAR QARŞISINDA ƏZİKLİK KOMPLEKSİNİN GÖSTƏRİCİSİ

İlahiyyatçı Ramin Vəkilov deyir ki, əslində Milad bayramını İsa peyğəmbərin ad günü ilə əlaqələndirmək düzgün deyil. Çünki İslamda İsanın məhz 31 dekabrda anadan olması haqqında dəqiq görüş yoxdur:

“Digər tərəfdən, İsanın mövludunu qeyd ediriksə, onda Musanın da, ümumiyyətlə 5 böyük peyğəmbərin mövludunu da keçirək də. Məncə, son 100 ildə meydana gəlmiş bu bayramın kökündə qalib mədəniyyətin təqlidi durur. 100 il qabaq müsəlmanlar Xristian sivilizasiyası qarşısında məğlub olduqlarını etiraf ediblər. Bu toplumun qərb mədəniyyəti qarşısında əziklik kompleksinin göstəricisidir”.

NOVRUZDA İSLAMIN RAZILAŞMADIĞI ELEMENTLƏR VAR

R.Vəkilov Novruzda da Tövhidin əksinə olan ünsürlərin mövcudluğunu bildirir. Onun sözlərinə görə, Novruzun mahiyyətindəki metafizik məsələlərə inanmaq (odun üstündən tullanmaq günahları təmizləyir) İslamın razılaşmadığı şeylərdir:

“Amma bu bayramı baharın gəlişi kimi qeyd edilirsə, başqa məsələ. Amma bayramın mahiyyətinə ibadət keyfiyyətlində olan bəzi elementlər, tövhidi prinsipləri pozan şərtlər girdisə,
Kənan Rövşənoğlu
artıq bitdi, orda İslam öz sözünü deyib – bu şeylər müsəlmanlar tərəfindən qəbul olunmaz”.

MÜSƏLMANI YENİ İLƏ GÖRƏ QINAMAQ OLMAZ

Kənan Rövşənoğlu isə Yeni il bayramını qeyd etdiyinə görə, hansısa müsəlmanı qınamağın düzgün olmadığını söyləyir. Deyir ki, əgər dindar insan İslamın təməl prinsiplərinə ziddi olmayan əməllər edirsə və bunların dinə ziddiyyəti yoxdursa, onda İslam buna qarşı çıxa bilməz.

“Əgər ata İsanın mövludu ilə bağlı ata öz övladlarına hədiyyə alırsa, yolka bəzəyirsə, burda pis nə var, İslam necə buna qarşı çıxa bilər? Əgər Noel günü içki məclisi təşkil edilərsə, onda təbii, İslam bunu qadağa edəcək”.

OXUCULARA – Siz nəyi doğru sayırsınız? Bu mövzu ilə əlaqədar saytımızdakı foruma qatıla bilərsiniz.
XS
SM
MD
LG