Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:17

Hökumət işçiləri də etiraz aksiyasına çıxdı


Hakim partiya üzvlərinin etiraz aksiyası, 27 dekabr 2010
Hakim partiya üzvlərinin etiraz aksiyası, 27 dekabr 2010
Dekabrın 27-də yüzdən artıq hökumət işçisi Yerevanın küçələrinə çıxaraq etiraz aksiyası keçirib. Onlar bağlanmaq təhlükəsi ilə üzləşmiş Dövlət Sosial Təhlükəsizlik Xidmətinin işçiləri olublar.

AzadliqRadiosunun erməni xidməti məlumat verir ki, hökumət keçən ay bu idarənin qismən Əmək və Sosial İşlər Nazirliyinə Birləşdirilməsi barədə qərar verib. Bu planla yaşlıların pensiyaları onların bank hesablarına ödənməli, ya da onlar özləri gedib poçt şöbələrindən pullarını götürməlidirlər. Bu isə pensiyaları paylayan 300 nəfərin bu ayın sonundan işini itirməsi deməkdir.

Buna etiraz edən xidmət işçiləri isə əvvəlcə Prezident Aparatına, oradan da hökumət evinə yürüş ediblər. Onlar hökumətdən bu planın icrasını dayandırmasını tələb ediblər.

Aksiya iştirakçıları həmçinin iddia edirlər ki, 2008-ci ilin mübahisəli prezident seçkisi ərəfəsində 300 nəfər işçini bir günün içində zorla hakim Respublikaçılar Partiyasına üzv yazdırıblar. Müxalifət həmin partiyanın lideri Serj Sarkisyanın qalib elan edildiyi bu seçkinin saxtalaşdırldığını bildirir.

Aksiya iştirakçılarını hakim partiyanın sədr müavinlərindən biri qəbul edib. O söz verib ki, bu partiyanın məşğul olduğu iş olmasa da Baş nazirə problemi çatdıracaq.

Ermənistanda pensiya agentliyinin rəhbəri, hakim partiyanın nüfuzlu şəxslərindən olmuş Vazgen Xaçikyan da keçən ay istefaya göndərilib. Bundan onun agentliyində struktur islahatlarına başlanıb.
Bu gün Ermənistanda həmçinin Kənd Təsərrüfatı naziri Gerasim Alaverdiyan istefaya göndərilib. Onu hökumət koalisiyasındakı partiyası geri çəkib. Səbəb kimi də kənd təsərrüfatı sahəsində geriləmə göstərilib.
XS
SM
MD
LG