Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Yeni QULAQ filmi – «Geriyə yol»




Dekabrın əvvəlində Avstraliya rejissoru Piter Uirin (Peter Weir) «Geriyə yol» adlı yeni filmi təqdim edilib. Baş rolda Kolin Farrelin (Colin Farrell) oynadığı bu film Sovet həbs düşərgəsi – QULAQ-da olmuş və sonradan xatirələrini yazmış Polşa yazıçısı Slavomir Raviçin (Slawomir Rawicz) kitabı əsasında çəkilib.

AzadlıqRadiosunun müxbiri Ceremi Bransen (Jeremy Brantsen) filmin məsləhətçisi, yazıçı-jurnalist Enn Applebaumla (Anne Applebaum) bu mövzuda söhbət edib. Müsahibəni təqdim edirik:

AzadlıqRadiosu: Maraq üçün mən «Google»da Holokost haqqında filmlər axtardım. Gözləndiyi kimi, «Şillerin siyahısı», «Avropa, Avropa» kimi o qədər filmlər çıxdı ki... Amma «QULAQ filmləri» yazanda, elə də çox siyahı çıxmır. Sizcə, bu mövzuda filmlər arasında bu qədər fərq nə ilə bağlıdır?

Enn Applebaum: Məncə, bu, həmin iki hadisə haqqında görüş müxtəlifliyindən irəli gəlir. Son vaxtlara qədər QULAQ haqqında informasiyalar məhdud idi, arxivlərdən məlumat almaq mümkün olmurdu. Yalnız son illərdə tarixçilər Sovet arxivlərini araşdırıb baş verənlər haqqında daha yaxşı məlumatlar ortaya çıxardılar.

Enn Applebaum
Başqa və daha mürəkkəb bir problem də var.

Fakt budur ki, ABŞ-da, Britaniyada, Fransada belə fikirlər var ki, biz Rusiya, Sovet İttifaqı ilə birlikdə müharibəni udmuşuq. Stalin bizim müttəfiqimiz olub. Hətta indinin özündə də Stalini bir qəddar diktator, insanlıq əleyhinə cinayətlər törətmiş adam kimi nəzərdən keçirə bilmirik. Bu da QULAQ haqda filmlər çəkməyə, romanlar yazmağa mane olub.

AzadlıqRadiosu: Siz «Geriyə yol» filmində məsləhətçi olmusunuz. Yekun nəticədən, filmin alınmasından nə qədər razı qalıbsınız?

Enn Applebaum: Mən bu filmin ərsəyə gəlməsində iştirakımı şişirtmək istəməzdim. Piter Uir ssenarini yazandan əvvəl də onunla müəyyən əlaqələrim var idi. Bu mövzunu işləmək istədiyini biləndə, öz kitabımı ona göndərdim. Bir neçə dəfə telefon söhbətlərimiz oldu. O, mənim Moskvada tanış olduğum bəzi QULAQ məhbusları ilə görüşmək istədi. Ona siyahı verdim.

Mən heç vaxt tarixi detallara bu qədər fanatikcəsinə yanaşan biri ilə işləməmişdim.O, hər şeyi yerli-yataqlı bilmək istəyirdi. Həyat necə idi? Düşərgələrdə real baş vermiş hadisələrdən istifadə etmək istəyirdi.

Bir gün də gecə saat 11-də Sidneydən zəng edib soruşdu ki, qatarda məhbuslara nəzarət edən gözətçilərin geyimləri düşərgədə onlara baxan gözətçilərin geyimləri ilə eynimi olub? Dedim, yox, onların geyimləri müxtəlif olub.

QULAQ, 30-cu illər
Ssenarini bir neçə dəfə oxumuşam. Bilirəm ki, mətni başqaları da oxuyub. O, mətni tarixçi alimlərə, mənim nişan verdiyim QULAQ qurbanlarının bəzilərinə də göndərdi. Deməliyəm ki, yekunda super bir şey alındı.

Filmdə göstərilən hadisələrin bir çoxu real baş vermiş əhvalatlardır. Bunları sağ qalmış QULAQ məhbusları, ya da yazıçı Varlam Şalamov, və ya başqa yazıçılar danışıblar. Sözlə danışılmış bu əhvalatları filmdə mən həm də görə bildim. Məncə, bu, real həyat hadisələrini əks etdirən çox gözəl ekran əsəridir.

AzadlıqRadiosu: Şalamovun adını çəkdiniz. Həyatının bir hissəsini QULAQ-da keçirmiş başqa adamların, o cümlədən Soljenitsin, Şalamov kimi yazıçıların da xatirələri var. Niyə bu filmdə əsas kimi Raviçin başına gələnlər götürülüb.

Enn Applebaum: Məncə, Piter Uirin diqqətini çəkən Raviçin özü yox, onun necə xilas olmasıdır. Raviçin kitabı bir macəradır. Mən onu 13 yaşlı oğluma verdim ki, oxusun. Oğlum kitabı çox bəyəndi. Məhbuslar Sibirin ortasındakı düşərgədən qaçırlar, Monqolustanı keçib Himalay dağlarını aşaraq Hindistana gedirlər. Onlar yolda bir-birini daha yaxşı tanıyırlar, təbiətlə olduqca çətin mübarizələrə girirlər. Yolboyu onların söhbətlərindən Sovet sistemi, QULAQ düşərgələri haqqında daha çox öyrənirik.

Raviç QULAQ-da olsa da, onun özünün qaçdığını, kitabında yazdıqlarının özünün başına gəlib-gəlmədiyini söyləmək bir qədər çətindir. Bəzi şübhələr var ki, o, kitabında yazdığı əhvalatları əslində başqa bir adamdan eşidib, sadəcə, ideyanı oğurlayıb. Amma çox gözəl, olduqca həyəcanverici şəkildə yazıb.

Slavomir Raviç
AzadlıqRadiosu: Elə mən də bu barədə soruşmaq istəyirdim. Kitabda qeyd edildiyi kimi, Raviçin qaçması, yoxsa sadəcə olaraq 1942-ci ildə azad edilməsi haqqında şübhələr dolaşır. Sizin fikrinizcə, əslində Raviç nəyi qələmə alıb?

Enn Applebaum: Məncə, o, həqiqətən də QULAQ-da olub, amma başqa polşalı məhbuslar kimi azad edilib. Onun QULAQ haqqında təsvirləri olduqca gerçəkdir. Ola bilər, Raviç düşərgədən qaçmış hansısa qrup haqqında eşidib. Oradan kimlərinsə bu şəkildə qaçması haqqında çoxlu əhvalatlar, şahidlər var. Amma yəqin ki, Raviç bunlardan biri deyildi.

Filmdə də bir qədər dəyişikliklər edilib. Rejissor başlığı, qəhrəmanların adlarını dəyişib. Amma bu, olduqca gözəl dildə yazılmış bir kitabdır. Faktiki olaraq 1950-ci illərdə İngiltərədə ən çox satılan kitab olub.

AzadlıqRadiosu: Sizcə, tamaşaçı filmdən konkret hansı mesajları ala bilir?

Enn Applebaum: Bu, olduqca həyəcanlı bir filmdir. Məncə, tamaşaçılar onu sevəcəklər. Onlar filmə baxmaqla 1940-1950-ci illərdə Avropanın şərq hissəsində nələr baş verdiyini daha aydın başa düşəcəklər.

Əsas qəhrəman polşalıdır. Amma düşərgədən qaçanlar arasında ruslar, latviyalılar, yuqoslavlar da var. Bəzən zarafatla onlar özlərini «kiçik BMT» də adlandırırlar.
XS
SM
MD
LG