Keçid linkləri

2025, 05 Yanvar, bazar, Bakı vaxtı 06:51

ABŞ-da 1 il pulsuz təhsil almaq istəyirsən?


Könül Əzimzadə və Aynurə Piriyeva
Könül Əzimzadə və Aynurə Piriyeva
“Amerikada kimsə əlinə qutu götürə bilər, universitetə də girə bilər, sinif-sinif pul yığa bilər ki, xeyriyyə tədbiri keçirsin. Və ya məsələn, küçədə oynaya bilər, yığdığı pulu xeyriyyəyə sərf edə bilər. Amma bizdə uzun prosesdir bu, məsələn küçədə rəqs etmək üçün də Bakı Şəhər İcra Hakimiyyətindən icazə almaq lazımdır, çünki bu, “asayişi pozur”.

Könül Əzimzadə ABŞ-da təhsil alıb Azərbaycana qayıdandan sonra əsl mədəniyyət şoku yaşadığını deyir.

Könül Qlobal Tələbə Mübadiləsi (UGRAD) proqramının məzunudur. O, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu Tərəfindən maliyyələşdirilən proqramla 1 il ABŞ-da pulsuz təhsil alıb. Tələbə deyir ki, təhsil aldığı müddətdə Amerika cəmiyyəti onun dünyagörüşünün formalaşmasına xeyli təsir göstərib:

AZƏRBAYCAN KİMİ MÜKƏMMƏL ÖLKƏ YOXDUR


“Biz burdan getməzdən əvvəl elə bilirik ki, Azərbaycan kimi mükəmməl ölkə yoxdur. Təhsil alıb gəldikdən sonra cəmiyyətimizdəki problemləri görürük, köhnəfikirliliyi, konservativliyi görürük və s. Amma həmişə də ölkəmizdə təriflər eşidirik: “Ölkəmiz dünya standartlarına uyğundur və s. və ilaxır”. Doğurdan, bu, insanı dəli edən bir şeydir. Gələndən sonra bir müddət depressiyaya düşürük. Heç kim bizim dilimizdə danışmır. Məcazi mənada dilimizdə danışmır. Nəyisə dəyişmək istəyəndə alınmır, bu da bizə ayrı bir stress verir”.

UGRAD-ın digər məzunu Aynurə Piriyeva da tələbə həmkarı ilə razıdır:

5 İLLİK UNİVERSİTET TƏHSİLİNİ ƏVƏZ EDƏN 1 İLLİK TƏCRÜBƏ

“Mən getməzdən əvvəl başqa bir insan idim, oxuyub gələndən sonra başqa. Birinci, insan komplekslərdən azad olur. Bizdə qapalı cəmiyyət olduğu üçün müəyyən komplekslər var ki, onları qıra bilmirsən. Amma orda gördüyüm azad cəmiyyət, insanların sənin fikrinə hörmət etməyi, səni necə varsan elə qəbul etməyi bu kompleksləri qırdı”.

Aynurə deyir ki, bir il ərzində ABŞ-da əldə etdiyi təcrübə 5 il universitetdə oxumağa dəyər:

“Təkcə təhsil baxımından deyil, proqram elə qurulub ki, sən hərtərəfli inkişaf edirsən. Məsələn proqrama hansısa böyük bir Amerika müəssisəsində təcrübə keçmək daxildir”.

1 İLDƏ 10 TƏLƏBƏ ABŞ-A GÖNDƏRİLİR

UGRAD proqramı koordinatoru Fidan Hüseynovanın sözlərinə görə, indiyədək 200-dən artıq azərbaycanlı gənc bu proqram vasitəsilə ABŞ-da bir illik bakalavr təhsili alıb.

“Qlobal Tələbə Mübadiləsi proqramı 1-2-3-cü kurs tələbələri üçün ABŞ-da bir illik ödənişsiz təhsil proqramıdır. Proqram ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu Tərəfindən maliyyələşdirilir. UGRAD proqramı çərçivəsində hər il 10 nəfər tələbə ABŞ-a göndərilir. Proqram pulsuzdur, tələbələrin bütün xərcləri ödəniləcək, onlara J1 vizası təmin ediləcək”.

Bu proqramda tələbələrin seçimi 3 mərhələdən ibarətdir. Hazırda 1-ci mərhələdir - ərizə qəbulu mərhələsi. Yanvarın 14-də ərizələrin qəbulu başa çatır.

Fidan Hüseynovanın sözlərinə görə, ikinci mərhələyə adlamış tələbələrdən ABŞ səfirliyinin əməkdaşları, amerikalı professor və proqramın məzunu müsahibə götürəcək. Müraciətçinin müsahibəsi uğurlu alınsa, onlar TOEFL imtahanına çağırılacaq.

Proqrama müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr qatıla bilər.

Fidan Hüseynova:

“Vacib deyil ki, ABŞ-da təhsil almaq istədiyi ixtisas burda oxuduğu sahə olsun. Tam fərqli bir ixtisas da seçə bilərlər”.

"UGRAD"IN ƏMMASI...

UGRAD-la Amerikada bir il təhsil almağa gedən tələbə Azərbaycana qayıdanda 1 il kursda da qala bilər:

“Əksər tələbələr akademik məzuniyyət götürür Azərbaycanda oxuduğu universitetdən, ABŞ-da təhsil aldıqdan sonra həmin ili burada yenidən oxuyur”.

Məzunlardan Aynurə Piriyeva isə deyir ki, o, təhsil aldığı Xarici Dillər Universitetində kursda qalmayıb:

“Bizdə Boloniya sistemi olduğu üçün kursda qalmadım. 3-cü kursu orada oxudum, kredit sistemi olduğu üçün mənə icazə verdilər ki, burda 4-cü kursdan təhsilimə davam edim. Bu, universitetdən asılıdır. Elələri var ki, Amerikada oxuduğun 1 ili qəbul edirlər, eləsi də var ki, fənlər uyğun gəlmirsə, tələbələri 1 il kursda saxlayırlar”.

UGRAD proqramından daha nələri bilmək istəyirsiniz?

Verilişi dinlədikdən sonra suallarınız yarandı? Elə isə suallarınızı foruma yazın, UGRAD məzunları və ekspertlər qaranlıq məqamları sizə aydınlaşdırsın.


XS
SM
MD
LG