Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Siyasi məhbuslarsız əfv


Səidə Qocamanlı
Prezidentin dekabrın 29-da imzaladığı əfv sərəncamının icrası başa çatıb. Həmin sərəncamla azadlıqdan məhrum olunmuş 71, azadlığı məhdudlaşdırılmış 15, cərimə cəzasına məhkum olunmuş 5, şərti məhkum olunmuş 1 nəfər əfv edilib. Onların arasında isə siyasi məhbus yoxdur.

Hüquq müdafiəçiləri deyirlər ki, siyasi məhbusların əfv olunmamağı sərəncamın elə ən diqqət çəkən məqamlarındandır. Onlar siyahılarında olan 20 məhbusun adının siyahıya düşməməyindən çox təəssüflənirlər.

Hüquq müdafiəçisi Səidə Qocamanlı deyir ki, o ilk növbədə məhbus jurnalist Eynulla Fətullayevin, Ruslan Bəşirlinin, xəstə məhbusların adının siyahıda olacağını gözləyirmiş. Ancaq yanılıb:

«Biz bütün bu addımları yüksək qiymətləndiririk. Əgər belə əfvlər nəticəsində Eynulla Fətullayevin, Ruslan Bəşirlinin, xəstə məhbusların azadlığa çıxmasına nail olsaq, sözsüz ki, bunun Azərbaycan üçün müsbət bir addım sayarıq».

Hüquq müdafiəçisindən fərqli olaraq jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev isə deyir ki, o, oğlunun əfvə düşəcəyini gözləmirmiş:

«NƏ GÖZLƏYƏCƏYƏM Kİ...»

Emin Fətullayev
«Yox heç nə gözləmirdim. Nə gözləyəcəyəm ki... Bunlar mənə Eynulla ilə bir görüş vermirlər, kompensasiyamı vermirlər. Bu gün ayın 30-dur mən hələ kompensasiyanı almamışam. 6 ay keçib üstündən, vermirlər də. O ki qala əfv. Kimə şikayət edəsən, kimə deyəsən».

Millət vəkili Zahid Oruc isə bu fikirdədir ki, hüquq müdafiəçilərinin siyasi məhbuslar haqqında dedikləri bu cür humanist addımların həcmini kiçiltməyə xidmət edir:

«DÖVLƏTİN TƏRBİYƏVİ XARAKTER DAŞIYAN BU ƏMƏLİ...»

«Hesab edirəm ki, bu mövqe əfv qərarının əhəmiyyətinə toxunan, onu hansısa formada öz müstəvisindən çıxaran bir mövqedir. İndiyə qədər bir ənənə almış, dövlətin xüsusilə humanizm, tərbiyəvi xarakter daşıyan bu əməli cəmiyyətdə birgə yaşayışa müsbət təsir edir. Vətəndaşın dövlətə münasibətinə yaxşı nümunə olub. İndi bunu siyasi kateqoriyalarla, bu cür dərəcələrə endirmək, hansısa şəxslərin azadlığa çıxanlardan fərqli bir insanlar olduğunu qabartmaq. hüquqi nihilizmdir «

Ruslan Bəşirli
Artıq 5 ildən artıqdır həbsdə olan AXCP Gənclər Təşkilatının rəhbəri Ruslan Bəşirlinin atası Cəlil Bəşirli isə deyir ki, oğlu neçə illərdir xəstədir. Elə əfv komissiyasına müraciətlərində də oğlunun xəstəliyini xüsusi qabardıb. Ancaq o da Ruslanın əfv olunacağını gəzləmirmiş:

RUSLAN BƏŞİRLİNİN BÖYRƏKLƏRİ AĞRIYIR

«Mənim ümidim yox idi. Ruslanın səhhətində çox problemlər var. Böyrəkləri xəstədir, baş ağrıları var. 6 ildir betonun üstündə yatan adam necə olar? Onun xəstəlikləri ilə bağlı müraciət etmişəm, baxmırlar. Eynulla, Ruslan gərək çoxdan çıxaydılar».

Deputat Hadı Rəcəbli isə deyir ki, əfv komissiyasında hansı müraciətlər əsasdırsa onlara baxılır:

«Komissiyada bütün məqamlar çözülüb, müraciət edənlərin vəziyyətinə baxılıb. Qərar kollegial qərardır. Müzakirəyə ehtiyacı yoxdur. Əlbəttə, bu gün həbsdə olanların hamısının iddiası ola bilər. Düşünürəm ki, əfv fərmanını yüksək qiymətləndirmək lazımdır».

Azərbaycanda 1994-cü ildən indiyə qədər 48 əfv sərəncamı imzalanıb. 5200 nəfərdən çox məhbus azad edilib».
XS
SM
MD
LG