Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 16:49

Nemət Pənahlı: «İndi millət seyrçilikdə, biganəlikdə həmrəydir»


Nazim İbrahimov
Nazim İbrahimov
«ƏLLİ MİLYONLUQ XALQ AZƏRBAYCANLI OLMASIYLA FƏXR EDİR»

Dekabrın 31-i təkcə il təzələnmir, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.
Dekabrın 30-da tətilə gedən Milli Məclis bu münasibətlə xalqı təbrik edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov isə jurnalistlərə açıqlamasında deyib:

«Ümumilli liderimizin Dünya Azərbaycanlılarının birinci qurultayında söylədiyi bir fikri vardı: «Mən fəxr edirəm ki, azərbaycanlıyam». Bütün dünya azərbaycanlılarının hər biri, dünyanın hər yerində yaşayan əlli milyonluq xalqın hər bir nümayəndəsi azərbaycanlı olması ilə fəxr edir. Bu da azərbaycanlıların birliyinin ən yüksək nöqtəsi sayıla bilər».

XALQ NƏ DEYİR

Bu rəsmilərin söylədiyi. Bəs sıravi azərbaycanlılar nə deyir? 1989-ci ilin soyuq dekabr günlərində öz soydaşlarına qovuşmaq üçün İran və Sovet Azərbaycanı sərhədlərindəki tikanlı məftilləri söküb, Araz çayının bulanıq suyunu bir andaca üzüb keçən azərbaycanlılar arasında həmrəylik yenə qalırmı? Sıravi Bakı sakinlərinin fikirləri:

- Yox, yoxdu. Ancaq pul, rüşvət var. Başqa şey yoxdu.

- Var. Przedentimizin, Heydər Əliyevin yolu ilə gedirik.

Əli Kərimli
- O vaxt daha çox idi. O vaxtı hər şeyə qarşı millət biriydi. Yeni ayrlımışdıq, nəydi, bilmirəm.

- Vallah mən bilmirəm.

- Həmrəylik 90-cı illərdən indi daha çox olar.

«MİLLİ HƏMRƏYLİYƏ BAŞLICA MANEƏ HAKİMİYYƏTDİ»

«Çox təssüf ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəlindəki həmrəylik bu gün yoxdur».

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli belə düşünür. Partiya sədrinin qənaətincə, milli həmrəyliyə başlıca maneə hakimiyyətdir. Onun fikrincə, son illərdə aparılan siyasət təkcə hakimiyyətlə müxalifət yox, həm də xalqla hakimiyyət arasında uçurum yaradıb:

«Ötən müddətdə mütəmadi seçkilərin saxtalaşdırılması, hökumətin xalqdan uzaqlaşması, yadlaşması ona gətirib ki, Azərbaycanda hakimiyyətlə xalq arasında etimadsızlıq mühiti yaranıb.

Bu da milli həmrəyliyin əldə olunmasına ən böyük maneədir. Milli həmrəylik həm də milli maraqlar, milli ideallar ətrafında əldə oluna bilər.

Fəzail Ağamalı
Çox təəssüf ki, bu gün Azərbaycanda hakimiyyətdə elə bir komanda var ki, onlar üçün milli maraqlar, milli ideyalar yox, vəzifə, pul önəmlidir. Bu da həmrəyliyə mane olur».

«KİMSƏ XALQLA BƏRABƏR DEYİLSƏ...»

İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə deyir ki, Azərbaycanda həmrəylik var, ancaq buna mane olan qüvvələr də az deyil. O ilk növbədə radikal müxalifəti günahkar bilir:

«Ənənəvi və radikal mövqedə dayanan, əslində müxalifətçilikdən daha çox iqtidara qərəzli, qeyri-obyektiv münasibət bəsləyən qruplar, qüvvələr, siyasətçilər görüntü yaradırlar ki, guya bu baxımdan Azərbyacanda problem var.

Heç bir problem yoxdur.

Azərbyacan əhalisinin mütləq əksəriyyəti həmrəydi, fikir ayrılığı yoxdur. Kimsə Azərbaycan xalqı ilə bərabər deyilsə, bu o demək deyil ki, həmrəylik yoxdur».

«MƏDDAHLIQDA HƏMRƏYDİLƏR»

Nemət Pənahlı
1989-cu ilin dekabr ayının son günlərində İran və Sovet Azərbaycanı arasında tikanlı məftillərin sökülməsi hərəkatının öncüllərindən Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıya görə də həmrəylik var, amma bu bir başqa həmrəylikdir:

«Təbii ki, Azərbaycan tarixində 1988-1990-cı illərdə olan həmrəylik, mütəşəkillik, milli birlik heç vaxt olmayıb. Bu gün də yoxdur. Bu gün sadəcə yaltaqlıqda, məddahlıqda həmrəylik var. Azərbaycanın düşmənləri bu gün millətin mənəvi dəyərlərini dağıtmaqda həmrəydirlər. Millət də seyrçilikdə, biganəlikdə həmrəydir hələlik».

Azərbaycanda dekabrın 31-i 1992-ci ildən etibarən Milli Həmrəylik Günü kimi qeyd edilir. Bununla bağlı o vaxtkı prezident Əbülfəz Elçibəy sərəncam vermişdi. 1989-cu ilin dekabr günlərində həm İranda, həm də Sovet Azərbaycanında yaşayan azərbaycanlılar İran və SSRİ sərhədindəki tikanlı məftilləri birgə sökərək bir-birləri ilə həmrəylik nümayiş etdirmişdilər.
XS
SM
MD
LG