Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:33

2011-ci il dünya üçün seçki ili olacaq


“Foreign Policy”

2010-cu il ABŞ-dan tutmuş Belorusa qədər seçki ili oldu. 2011-ci il də dünyanın müxtəlif ölkələrində keçiriləcək seçkilər baxımından olduqca əhəmiyyətli ildir.

“Foreign Policy” 2011-ci ildə seçki keçiriləcək ölkələri belə sıralayıb:

1. SUDAN
---------------

Yanvarın 9-da Sudanda referendum keçiriləcək. Yarı muxtariyyət şəklində Cənubi Sudanda yaşayanlar keçiriləcək referendumda Sudandan ayrılıb-ayrılmamağa qərar verəcək.

Bu səsvermə çoxdandır ki, gözlənilir. Səsvermə 2005-ci ildə 22 illik daxili müharibənin sona çatmasının şərtlərindən biri idi. Əgər Cənubi Sudan xalqının əksəriyyəti müstəqilliyə səs versə, dünyanın yeni dövləti meydana çıxacaq. Ancaq hər şeyin bu qədər asan olacağı gözlənilmir.

Analitiklər referendumun nəticəsinin hər iki tərəfin silaha əl atmasına səbəb ola biləcək xaosa yol aça biləcəyi haqqında xəbərdarlıq edirlər. Sudan rəhbəri Ömər Bəşir deyib ki, əgər ölkənin cənubunda müstəqillik elan olunsa, paytaxt Khartoumda daha sərt şəriət qaydaları tətbiq olunacaq.

2. HAİTİ
---------------

Yanvarın 16-da Haitidə prezident seçkiləri ikinci mərhələsi keçiriləcək. Bu ilin yanvar ayında baş vermiş və 250 min insanın ölümü ilə nəticələnmiş 7 ballıq zəlzələ, ondan sonra tüğyan edən vəba xəstəliyi və hakimiyyətin bacarıqsızlığı 2010-cu ili Haiti üçün dəhşətə çevirdi.

Ancaq təhlilçilər bildirirlər ki, tarixində 39 dəfə çevriliş olmuş Haitidə demokratik seçki keçiriləcəyi elə də inandırıcı görünmür.

3. İRLANDİYA
-----------------------

İrlandiyada yanvar ayında parlament seçkiləri keçiriləcək. Ölkənin baş naziri Brian Cowen Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan 100 milyon dollar yardım istəyib. Yaşıllar Partiyası hökumət koalisiyasından çıxandan sonra Cowen hökuməti dağıldı. Seçkidə onun kreslosundan əl çəkəcəyi gözlənilir.

İrlandiyada bu seçkidən sonra kimin iqtidara gələcəyi isə ölkə iqtisadiyyatı üçün olduqca əhəmiyyətlidir.

4. NİGERİYA
---------------------

Yanvarın 13-ü və aprelin 9-da Nigeriyada prezident seçkisi keçiriləcək. Bir il əvvələ qədər heç kim Nigeriya rəhbərinin kim olduğunu bilmirdi. Prezident Umari YarAdua ürək və ciyərinin müalicəsi üçün Səudiyyə Ərəbistanına getmişdi. May ayında onun ölümü ilə yerinə köməkçisi Goodluck Jonathan keçdi.

İndi Jonathan baş verənlərdən 6 ay sonra seçkiyə gedir. Ancaq onun çətinliyi tək bununla bitmir. Nigeriya qanunlarına görə, ölkəni idarə edəcək lider bölgələrə görə seçilir. Şimal və cənub bölgəsindən olan liderlər iki müddət vəzifədə ola bilər. YarAdua şimaldan olmasına baxmayaraq, Jonathan cənubdandır.

5. ZİMBABVE
------------------

May ayında Zimbabvedə parlament seçkiləri keçiriləcək. Demokratik Dəyişiklik Hərəkatının lideri Morgan Tsvangirai 2008-ci ildə keçirilmiş seçkilərdə qalib gəlmişdi. Ancaq nəticələri tanımayan Robert Mugabe hakimiyyətdən getməyi qəbul etmədi. Mugabe Tsvangiraini baş nazir olmağa məcbur etdi.

Siyasi və iqtisadi baxışları düz gəlməyən Mugabe ilə Tsvangirainin münasibətləri yaxşı deyil. Təhlilçilər deyir ki, əgər 86 yaşlı Mugabe keçiriləcək parlament seçkilərində Bütün hakimiyyəti əlinə keçirsə, ölkəni xaos yenidən başına götürəcək.

6. TÜRKİYƏ
-----------------

Türkiyədə iyul ayında parlament seçkiləri keçiriləcək. 8 ildir Türkiyədə iqtidarda olan Ərdoğan hakimiyyəti üçün bu seçki referendum qədər əhəmiyyətlidir.

Təhlilçilər deyir ki, bu seçkidə hakim Ədalət və İnkişaf Partiyası ölkə əhalisi arasında nüfuzunu itirəcək. Seçkilərdən sonra isə Ərdoğan hakimiyyəti zəifləyəcək. Koalisiya hökuməti qurulacağı haqqında da proqnozlar verilir.

7. MİSİR
--------------

Sentyabr ayında Misirdə prezident seçkisi keçiriləcək. 30 ildir hakimiyyətdə olan və hakimiyyətdən əl çəkmək istəməyən 82 yaşlı Hüsnü Mübarək bir vaxtlar “son nəfəsinə və ürəyinin son döyüntülərinə qədər” vəzifədə qalacağına söz vermişdi. Səhhəti get-gedə pisləşsə də Hüsnü Mübarəkin bu seçkidəki namizədlər arasında olacağı gözlənilir. Əgər o yenə hakimiyyətdə qalsa, öləndən sonra onun yerinə kimin gələcəyi haqqında suallar yaranır.

8. ARGENTİNA
----------------------

Oktyabr ayında Argentinada prezident seçkisi keçiriləcək. Bu ölkənin prezidenti Cristina Fernandez de Kirchner 2007-ci ildə həyat yoldaşı Nestorun yerinə vəzifəyə gəlmişdi. Əri bir müddət hakimiyyətdə olduqdan sonra xalqın narazılığına baxmayaraq hakimiyyəti arvadına verdi. Arvadının 4 illik uğursuz hakimiyyətindən sonra Nestorun yenidən vəzifəsinə qayıdacağı gözlənilirdi. Ancaq oktyabr ayında Nestor infarktdan öldü.

Cristinanın hakimiyyəti dövründə Argentina iqtisadiyyatı bir az inkişaf etsə də bu sahədən çox başı çıxmayan qadın prezidentin yerinə kimin keçə biləcəyi məlum deyil.

9. POLŞA
--------------

Oktyabr ayında Polşada parlament seçkisi keçiriləcək. Bu seçki Rusiyada qəzaya uğrayan və keçmiş prezident Leh Kaçinski də daxil olmaqla bir çox Polşa siyasətçinin ölümünə səbəb olan təyyarə qəzasından sonra keçiriləcək ilk parlament seçkisi olacaq.

Bronislov Komorovskinin prezidentliyə gəldiyi Polşada yeni liderə dəstək var. Həm də Polşa son bir neçə ildə iqtisadi böhrandan kənar qalan tək Avropa ölkəsidir. Bu seçkidə Komorovski baş nazir Donald Tusk və keçmiş prezidentin qardaşı Yaroslav Kaçinski ilə rəqib olacaq.

10. RUSİYA
--------------------

Dekabr ayında Rusiyada parlament seçkiləri keçiriləcək. Seçkilərdə ən çox gözlənilən Rusiya baş naziri Vladimir Putinin Birləşmiş Rusiya Partiyasının nə qədər səs alacağıdır. Ancaq yayda baş vermiş quraqlıq və yanğınlar Putin və Medvedyev birliyinə qarşı etirazları artırıb.

Avqust ayında Birləşmiş Rusiya Partiyası seçki strategiyasında dəyişikliklər edib. Bu seçkidə əsas diqqət Putinin necə seçki kampaniyası keçirəcəyi və bu seçkinin 2012-ci ildə keçiriləcək prezident seçkisi üçün ona yol açacağı diqqət mərkəzində olacaq.

Tərcümə etdi Kəbiran Dilavərli
XS
SM
MD
LG