Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:29

Ziyalılar Milli Birlik xartiyasını müzakirə edirlər


Eldar Namazov
Eldar Namazov
Korrupsiya, qanunların aliliyinin, vətəndaşların təməl hüquqlarının qorunmaması...Ötən həftənin sonunda Bakıda «İbrus» teatrında «Azərbaycan - 2020 İctimai Forumu» adı altında toplaşan bir qrup ziyalı 2010-cu ili, həm də XXI əsrin ilk onilliyini Azərbaycanda bu problemlərlə yola saldıqlarını vurğulayıblar.

«Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazov deyir ki, onlar Azərbaycanın bu əsrdəki ilk on illiyindəki vəziyyətini təhlil ediblər:

- Bu bizə hansısa strateji məsələlərə qiymət verməyə, gələcəklə bağlı arzu və təkliflərimizi irəli sürməyə imkan verir.

Ziyalılar toplantıda Milli Birlik və İnkişaf Xartiyasını müzakirə ediblər. Ancan hələlik yekun sənəd hazır deyil.

Eldar Namazov deyir ki, onlar hesab edirlər ki, dövlət orqanlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin birgə səyləri ilə ölkənin modernləşmə strategiyasını, vacib həyat sahələri - səhiyyə, elm və mədəniyyət üzrə islahat proqramını işləyib geniş ictimai müzakirəyə çıxarmaq lazımdır. O cümlədən, kiçik və orta biznesin inkişafı, neft gəlirlərinin idarə edilməsi, məhkəmə və hüquq-mühafizə sistemi və Seçki Məcəlləsinin də ictimai müzakirəsi keçirilməlidir.

«ZİYALI AĞRIYAN YERİ GÖSTƏRİR»

Professor Cəmil Həsənli isə forumda bildirib ki, dövlətlə vətəndaş cəmiyyəti arasında dialoqun başlanması bütün insanların istədiyi dəyişikliklər zərurətindən doğur. AzadlıqRadiosuna müsahibəsində Həsənli deyib ki, ziyalılar proseslərə, ictimai-siyasi hadisələrə öz mövqeyini bildirməlidir:

Cəmil Həsənli
- Ziyalı ağrıyan yeri göstərir, onun müalicə olunub-olunması cəmiyyətin inkişafına məsul olan şəxslərin, qüvvələrin vəzifəsidir. Ümidim var ki, deyilən söz elə-belə getmir. Hətta icra olunmasa belə ümid edirəm ki, mövqeyimiz diqqət çəkəcək.

Müsahiblərim deyirlər ki, onlar gördükləri problemlərin 2020-ci ilə qədər həll olunacağına ümid edirlər və həllini gözlədikləri problemləri də yekun sənəddə göstərəcəklər, o cumlədən ikinci on illikdə Xartiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlayacaqlar.

Cəmil Həsənli deyir ki, qaldırdıqları problemlərin həlli yolları müxtəlif layihə, proqram səviyyəsində var, amma ehtiyac yaranarsa, onlar yeni islahat proqramları da hazırlayıb təqdim edə bilərlər.

SİYASİ İRADƏ OLACAQMI?


Bəs bu təkliflərin reallaşması, islahatların aparılması üçün ziyalılar hakimiyyətin siyasi iradə nümayiş etdirməsinə nail ola biləcəklərmi?

Eldar Namazovun fikrincə, onların əsas məqsədi vətəndaş cəmiyyətini gücləndirmək və ictimai rəyə təsir etməklə hakimiyyətin siyasi iradəsinə nail olmaqdır.

Emin Milli və Adnan Hacızadə
Bir müddət öncə bir qrup ziyalının jurnalist Eynulla Fətullayevin və iki bloqqer Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılması ilə bağlı ölkə başçısı İlham Əliyevə ünvanladığı müraciətə reaksiya olmaması ilə bağlı sualın cavabında Eldar Namazov deyir ki, ola bilsin, iki bloqqerin azadlığa buraxılmasında onların da müraciətinin önəmi olub, amma onlar bunu qabartmaq və öyünmək niyyətində deyillər. Sadəcə, istəyirlər ki, bu əsrin ilk onilliyində qabaran problemlər ikinci onillikdə ortadan qalxsın.

«KORRUPSİYA OLMASIN»

«Azərbaycanda 2020-ci ilə qədər hansı problemlərin həllini istəyərdiz?» deyə Bakı sakinlərindən soruşanda müsahiblərimiz Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı ikinci onillikdə görmək istəmədikləri problemləri sadaladılar:

- İş yerləri açılsın, balalarımız işlə təmin edilsin.

- Bu xəstəxanalar, poliklinikalar pulsuz işləsin, adamlar müalicə oluna bilsin.

- Qanunlar işləsin.

- Təmiz bir iqtisadiyyat olsun, yalançı yox. Korrupsiya olmasın.

Bəs siz 2020-ci ilə qədər hansı problemlərin həllini istəyərdiz? Fikirlərinizi bizimlə bölüşün.
XS
SM
MD
LG