Bakının bir çox kəndləri kimi Xocəsən kəndi də soyuq, boz təpələrin ətəyində yerləşir. Xocasən şəhərdən təxminən 10 kilometrlikdədir. Bu kəndin yaşlı sakinləri deyirlər ki, son bir neçə ildə Xocasən öz görkəmini xeyli dəyişib. Çoxlu evlər tikilib. O qədər tikilib ki, artıq evlər təpələrə də gedib çıxıb.
Ancaq tikilən təkcə evlərdir. Bu evlər üçün yollar, kanalizasiya sistemi, başqa infrastruktur salınmayıb. Kəndin yaxınlığındakı göl kanalizasiya sularının töküldüyü yerdir. Çünki kənddə kanalizasiya sistemi yoxdur.
Xocəsənin nisbətən abad ümumi yolundan ayrılıb hər bir məhəlləsinə girəndə burdakı evləri kasıb, yolları bərbad vəziyyətdə görürsən.
NİSYƏNİN BOLLUĞU
- Satdığım gündəlik tələbat mallarıdır. Dolanışığa kömək eləməsə də, birtəhər çulumuzu sudan çıxarmağa kömək edir...
Kənd sakinlərindən biri Manaf evinin qarşındakı kiçik dükanında özünün dediyi kimi, kasıbçılığını edir. Satdığı çörəyin pulunu karton qutuya atıb sovet dövründən qalmış, üstünə Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin şəklini vurduğu tərəzisinin arxasına keçir. Manaf deyir ki, bu kənddə bütün mağazalarda olduğu kimi, nisyə dəftəri var:
- Hamı nisyə mal alır. Xocəsən kəndində nisyənin bol olmağı elə camaatın vəziyyətinin bir göstəricisidir. Camaat normal yerdə işləyib maaş almır. Bu kəndin əhalisi süd-qatıq satmaqla dolanır, ya da fəhləlik edir. Ona görə də çox şeyi nisyə alırlar. İşsizlik bu kənddə boğazdan yuxarıdır, nə boyda desən...
«BEKARÇILIQDAN NƏRD, DOMİNO OYNAYIRIQ»
Manafın dediyi kimi, «işsizliyin nə boyda olmasını» kənddə hər addımbaşı görmək olar. Qapıların qarşısında üçbir-dördbir oturmuş cavanlar, nisbətən yaşlılar, kimi danışdırsan, işsizlikdən dad çəkir:
- Kim necə bacarır, başını saxlayır.
- Kimə baxsan, bekarçılıqdan nərd, domino oynayır.
- Mən özüm sürücülüyü də bacarıram, ancaq heç sürücülük işi də tapmıram, iş olsa, gedib işləyərdik.
- İşsizliyə görə adam axşam evə də getmək istəmir...
Zahid Qafarov danışır ki, əvvəl kənd sakinlərinin çoxu mal-qara saxlayırmış. İndi isə sakinlər heç bununla da məşğul ola bilmirlər:
- Mən demək olar ki, sovet hökuməti dağılandan işləmirəm. Heyvan saxlayırdım, o da çıxdı əlimizdən, Allaha pənah dolanırıq.
Sabir kişi isə deyir ki, aldığı təqaüdünü işləmək qabiliyyəti olan, ancaq işləməyən 6 övladı arasında bölməyə məcburdur:
- Altı övladım var, işləmirlər. O gəlib deyir dədə ver, bu deyir dədə ver. Təqaüdümdən özümə ancaq bir qutu siqaret ala bilirəm.
CAMAAT ATA YURDUNU SATMAĞA MƏCBURDUR
Xocəsəndə də üstünə «satılır» elanı yazılmış evləri, həyətləri çox görmək olar. Kənd sakinləri deyirlər ki, bu da pulsuzluğa görədir. Əvvəllər adamların evini, torpağını satmağa əli gəlməzmiş. İndi ağır dolanışıq üzündən buna əl atırlar:
- Camaat neyləsin, deyir heç olmasa həyətimin yarısını satım, o puldan gedim bir inək alım, bağlayım qapıma, onu sağım, dolanım. Çünki başqa yol yoxdur. Kim istəyər ki, həyətini, atasının yurdunu satsın, hamısı kasıbçılıqdandır.
YAMAQLI YOLLAR
Xocəsəndə mərkəzi yoldan başqa digər yollar bərbad vəziyyətdədir. Ara-sıra bir az asfaltı olan yollar da gözə dəyir:
- Bu, sovet dövründən qalma asfaltdır. Deyir, abad kənd yolundan məlum olar. Buralar-uçulub dağılır.
Kənd sakini İrfi Əliyev Xocəsənin «Yeni Yol» adlı ərazisində yaşayır:
- Kanalizasiya, qaz kəmərləri sovet dövründən qalıb. Yağış-qar düşəndə yoldan keçmək mümkün olmur, qaz problemi olur. 70 il sovet, 20 il müstəqillik dövründə «Yeni Yol» küçəsinin nə asfaltı, nə də kanalizasiya xətti oldu. Biz özümüz də o yoldan palçığı basa-basa gəlmişik, uşaqlarımızın 14-15 yaşı var, onlar da palçığı basa-basa gəlirlər.
Xocəsən icra qurumları ilə kəndin problemləri haqqında danışmaq istəsək də, İcra Nümayəndəliyində bir kimsə tapmadıq. Yerli bələdiyyədən isə kəndin problemlərinin həlli üzrə görülən işlər barədə danışmaq istəmədilər.
Xocəsənin problemləri isə kənd sakinləri demiş, nəsildən-nəsilə keçməkdə davam edir...