("Yağ kimi" romanı "Qanun" nəşriyyatına məxsus "Ən yeni ədəbiyyat" seriyasında çap edilib).
Sovet sədri Yasin Fətullayev bu yaşa çatmışdı, hələ başına belə bir iş gəlməmişdi; kişi durduğu yerdə işə, daha doğrusu, eşqə düşmüşdü.
Gözü naxırçı Allahqulunun qızını almışdı, ama cınqırını da çıxara bilmirdi.
Bilirdi ki, cınqırını çıxarsa dalına paz keçirərlər.
Heç kommunistə yaraşan işdimi ki, evində hallıca- dulluca kişmiş kimi arvadın ola, xalxın südəmər qızına göz dikəsən?
Səssizcə yanıb- qovrulurdu, dərdini də bir Allah bəndəsinə deyə bilmirdi.
Naxırçı Allahqulunun qızı hələ o yaşda deyildi ki, öz gözəlliyinin nələrə qadir olduğunu biləydi, hələ özünü düz-əməlli tanımırdı.
Hər səhər anası təzəcə sağılmış südü badyadan qazana süzüb ocağın üstünə qoyurdu, qız yuxudan durar-durmaz bir kasa buğlanan südü başına çəkirdi, qızı elə bil təndirin içinə salıb çıxarmışdın, ətli yanaqları pörtmüş halda nazlana- nazlana yerindəcə gərnəşirdi, sonra ayaqlarını çarpayıdan sallayıb xeyli müddət gözlərini ovuşdururdu.
Ev işlərində anasına kömək etməkdən savayı görəcəyi iş, gedəcəyi yer yox idi, anası harasa gedəndə məsləhət bilsəydi, onu da qoltuğuna vurub aparırdı, onda da südəmər quzu kimi anasından bircə addım da aralı durmurdu.
Fətullayev isə marığa yatmışdı, kənardan hiss etdirmədən qızın dövrəsində hərim-hərim hərlənirdi.
Niyyətini gerçəkləşdirməkdən yana fürsət gəzirdi, bu fürsət zalım da gəlib çıxmaq bilmirdi, hər dəfə yolunu lazımsız yerlərdən salırdı.
Sədr də rəncidə olub hirsindən bığlarını gəmirirdi, son vaxtlar bığlarının ucu yeyildiyindən dişi üst dodağını göyməcə eləmişdi.
Ceyran sürəyə gəlmirdi ki, gəlmirdi.
Bir dəfə sədr örüşdən qayıdan Allahqulu ilə üzbəüz gələsi oldu, kəhər atın üstündən naxırçını ayaqdan başa süzdükdən sonra ömründə ilk dəfə onunla kəlmə kəsəsi oldu.
Kişinin pinti-pələş görkəmi sədrə söhbət üçün ipucu verdi:
- Özünə niyə baxmırsan, ay Allahın fagır bəndəsi? Naxırçı olanda nə olar, sən də kənddə bir kişinin oğlusan, bir az özünə fikir ver, kişi!
Allahqulu bu gözlənilməz ünsiyyətdən şaşırdı, matı-qutu qurudu, bilmədi nə cavab versin. Axı sədr birdən ikiyə onunla kəlmə kəsməmişdi, kefini- əhvalını soruşmamışdı.
Belə bir adamın varlığı- yoxluğu bu vaxtacan sədri zərrəcə maraqlandırmamışdı, təsadüfən böyründən keçəndə də ona salam verməyi ağlının ucundan keçirməmişdi, daha doğrusu, özünə, adına –sanına sığışdırmamışdı. İndi sədr atının cılovunu çəkib naxırçı Allahquluya qayğı göstərirdi.
Binəva bilmirdi ki, bu qayğını hansı tərəfə yozsun, eləcənə döyüküb qalmışdı.
Sədr gördü ki, naxırçı gözlərini döyə-döyə qalıb, indiki dillə desək, şoka düşüb, atdan yerə endi və gəlib əlini onun çəlimsiz çiyninə qoydu:
- Allahqulu, dilinə qıfıl vurublar, nədi... Ə, bir danışsana.
- Nə danışım, ay sədr? Sən ağa, mən nökər, səninlə mənim nə alış- verişim?- naxırçı da qəsdən köntöy cavab verdi.
Fətullayev naxırçıdan belə kobudluq gözləmirdi, qaşlarını düyünləyib qarşısındakını çəp-çəp süzdü.
- Kimdi səninlə alış-veriş edən, ay bədbəxt?
Dalının tükü də ağarıb, ancaq qanacaq, mərifət nədi, bilmirsən. Vay səndən tərbiyə götürənin halına!
Naxırçı Allahqulu gördü ki, söz gəlib lap hulqumuna dirənib, deməsə, partlamaya düşəcək. Özünü toparladı:
- Jabiləti səndən öyrənmişəm, dana! Allahın quru salamını da adama vermirsən, indi məndən jabilət gözliyirsən.
Yox, bu ayağı patavalı naxırçı lap ağ elədi, ona həddini göstərməsən, quduracaq. Fətullayevin hirsdən yanağı səyridi, ayağını üzəngiyə qoyub çevikliklə atın belinə qalxdı.
- Deyəsən səninlə adam dilində danışmaqla böyük səhvə yol verdim. Səndə günah görmürəm, səhərdən axşamacan qabağında ancaq qoyun görürsən. Elə bildin ki, indi də qarşındakı sürüdən ayrı düşmüş xam heyvandır. Səni əhliləşdirmək lazımdır, ay heyvərə! Eybi yoxdu, bu işlə də məşğul olarıq.
Sədr naxırçının cavabını gözləməyib ata qamçı çəkdi.
At yerindən sıçrayıb yamaca doğru götürüldü. Naxırçı Allahqulunun qarnına sancı doldu, dediklərinə peşiman olmuşdu.
“Əşşi, mənə nə oldu birdən-birə? Dilimə tikan batsın, bunun mənə yaxşılığı keçməsə də, pisliyi də keçməyib.
Niyə durduğu yerdə kişini acıladım? Mütləq bunun əvəzini çıxacaq, deyirlər, yaman kinli adamdır. Yox yerdən özümə düşmən qazandım, mən başı batmış.”
Naxırçı şələdən ayrılmış yorğun eşşək kimi evinə qayıdırdı, yol boyu özünü yaş yuyub quru sərdi, yeddi arxa dönənini qəbirdən çıxarıb sıraya düzdü, axırda bu qərara gəldi ki, günü sabah idarəyə gedib sədrin könlünü alsın, bununla da məsələ bitsin.
...Fətullayev dimdikli kepkasını təzəcə asılqana keçirmişdi ki, dəhlizdə hay-küy eşitdi, çevrilib eşiyə çıxanda naxırçı Allahqulu ilə burun-buruna gəldi.
Sədr bu gəlişi gözləmirdi, fikirləşdi ki, sübh tezdən gözünün zılığını silməmiş idarəyə gəlməyi naxırçının gic ağlına görəsən kim yerləşdirib?
Bu düdük öz xoşuna bu tərəflərə üzükən deyil, onu bura mənim sözümün zəhmi gətirib.
- Çıx çölə, ayağının zığ-zımırığını sil, sonra gəl, öz komana fikrin getməsin, bura səninçün mal tövləsi deyil!
Allahqulu sədrin salam-kəlamsız onun üstünə bağırmasını görüb istədi gəldiyi yolla geri qayıtsın, ayaqqabılarını daş pilləkanın aşağı qurtaracağındakı cındaya sürtə- sürtə nə fikirləşdisə “lənət şeytana!” deyib yenidən yuxarı qalxdı.
Fətullayev bu dəfə naxırçı ilə məzələnmək istədi:
- Zalım oğlu, üzündə elə bil ayran qaxsıyıb, bəyəm yuxudan durub əl-üzünü yumamısan?
Naxıçı Allahqulu yalan danışa bilmədi, doğrudan da səhər yuxudan qalxanda əl-üzünü yumağı unutmuşdu. Fikir-zikri ancaq oydu ki, gedib sədrin könlünü alsın. Fikrindən keçənləri sadəlövhlüklə dilinə gətirdi:
-Məni o qədər də pinti adam hesab eləmə, sədr. Dünən necə oldusa, sənnən bir az köntöy danışdım, gecəni də çox narahat yatmışam. Dedim, sədrin könlünü almasam, olmaz. Sözün düzü, əl-üzümü yumaq da yadımdan çıxdı.
Naxırçı sözünü deyib qurtardı və kötük təki tilişgəli əlini tütün çəkməkdən saralmış bığlarına çəkib avamcasına xısın-xısın gülməyə başladı.
Sədr keçib öz kreslosunda yayxandı, sifətinin sərt ifadəsi yumşaldı, fikirləşdi ki, bu heyvərəni plastilin kimi hansı formaya desən, salmaq olar.
- Elə bununçün şirin yuxuna haram qatmısan, ay kişi? Mən də deyirəm, görən nə baş verib ki, tülkü durmazdan yolu əlinə alıb başılovlu üstümə gəlmisən. Sən Allahın zərərsiz, fağır bir bəndəsisən, üç kəlmə sözü bir-birinin dalınca düzə bilmirsən, ay bədbəxt, mən sənin nəyindən inciyəcəm?- Sədr bunu deyib əlini əlinə çırpdı və ucadan çiyinləri atıla-atıla gülməyə başladı.- Məzən olsun, ay Allahqulu, sənin hesabına səhər-səhər kefim bir balaca açıldı. Yoxsa hərə bir bəd xəbərnən cumur üstümə. Hi-hi-hi-hi...
Fətullayev danışdıqca Allahqulunun sütül qızı Tubunun təzəcə tumurcuqlayan xırda məmələri gözlərinin önündə cilvələnirdi, gecələr xəyalən Allah bilir, neçə dəfə bu məmələri somurub şirəsini çıxarmışdı.
Sədr içində baş qaldırmış şəhvət hissini cilovlamağı bacarmırdı, elə naxırçı Allahquluyla da nəfsinin ucbatından dilləşirdi.
Yoxsa Fətullayev hara, bu naxırçı hara? Durub qapını arxadan kilidlədi.
Allahqulunun gümanı əlli yerə getdi, dünəndən anlaya bilmirdi ki, bu nə sirri-xudadır, Fətullayev ona nə verib ki, ala bilmir.
- Eşidirsən, kişi?!- Fətullayevin səsi hökmlü idi.- Deyəsən bəxtin üzünə gülməyə başlayır, di gəl, Tanrına təpik atmayasan. Kasıb bir az tez quduran olur axı...
Naxırçı Allahqulu eşitdiklərindən bir şey kəsdirəmmədi, necə yəni, bəxtin üzünə gülməyə başlayır, bu nə deməkdir? “Savadım yoxdu ki, deyəm, mənə vəzifə verəcək, bu dəyyus elə səxavət yiyəsi də deyil ki, cibimə puldan-paradan qoysun ki, get yaşa.” Bu dar macalda ancaq bunları fikirləşə bildi.
- Nə gözünü döyürsən? Bir yaxın gəl, yanını yerə qoy görək.
Naxırçı Allahqulunun səbri tükəndi, elə ayaq üstəcə üyüdüb tökdü: - Sədr, nəsə dünənnən sözlü adama oxşayırsan, sözünün mabədini de, mənim canım nigarançılıqdan qurtarsın. Bilirəm, sən elə-belə mənə salam verən deyilsən. De sözünü, sədr!
Fətullayev deyəcəyi sözün təsirini yüngülləşdirməkdən ötrü qəfildən əlini qulağının dibinə aparıb zümzümə eləməyə başladı:
Tut ağacı boyunca,
Tut yemədim doyunca.
Yarı xəlvətdə gördüm,
Ay aman, ay aman,
Danışmadım doyunca!..
Naxırçının bu yerdə dalağı sancdı: - Hansı yarı görmüsən, ay sədr? Olmaya təzə eşqə düşmüsən?!.
Sədrin çiçəyi çırtladı, ayağa sıçrayıb naxırçıya tərəf addımladı, onun arıq, sısqa çiyinlərindən tutub sıxdı və: - axır ki, dərdimdən agah oldun, naxırçı!- dedi. – Eşqə düşmüşəm, özü də necə eşqə! Yuxum ərşə çəkilib, gecəm- gündüzüm yoxdu.
Naxırçı hələ də məsələnin mahiyyətindən xəbərsizdi, ona görə yenə də avamcasına gülüb dedi:
- Sədr, deyəsən məni bu görkəmdə elçi yollamaq istəyirsən... Hıy?
Fətullayev əlini yelləyib “gic musurman!” söylədi, ardınca ağzını naxırçının qulağına yaxınlaşdırıb: -day elçiliyi özüm eliyirəm dana...- pıçıldadı.
Naxırçı Allahqulunun gic ağlına hardan yerləşəydi ki, Fətullayev ağzının dadını dəyişmək üçün onun qızını marıtlayıb.
Neçə vaxtdan bəri bunun erkək buğa kimi böyürə-böyürə gəzməyinin azarını axır ki, anladı.
Otaqdakı yeganə taxta stulu qapıb sədrin təpəsinə nə vaxt çırpdığını xatırlamırdı. “Əbləh oğlu, əbləh! Evdə halal cabəca arvadın ola-ola mənim qızıma gözünü dikmisən? Oğraşın biri oğraş! Onu istiyirsən ki, səni burdaca axtalıyım, hə?!”
Naxırçı qapını çırpıb vəhşi heyvan kimi idarədən çıxdı, o anda qabağına çıxan olsaydı, ayağı altına salıb çığnayacaqdı. Gözləri qan çanağına dönmüşdü.
Fətullayev handan-hana özünə gəlib əllərini yerə dayaq verərək dikəldi, cibindən yaylıq çıxarıb ağzının şoralanan qanını sildi, bir neçə dəfə içini çəkib qəzəbindən nərildədi:
- Yaxşı, it oğlu! Sənin qızını murdar əsgi kimi öz üstünə atmasam, itin belindən gəlmişəm! Deyəsən, yemin çox düşüb, köpək! Sənə həddini bildirmək mənə borc olsun!
Fətullayev haqqında yaddaşlara yazılmış tarixi cümlənin müəllifi də elə bu avam naxırçı idi: “Bu əbləhin dalı qabağında olsaydı, öz dalına da tamah salardı!”
Sədrin xislətini açmaq üçün bundan uğurlu cümlə tapa bilmədim və gözünə döndüyüm Allahquludan sitat gətirəsi oldum.
Tubunu görəndən bəri arvadından soyumuşdu, daha gecələr onun iri döşlərini ovuclayıb sıxmalamırdı, soyunub yerinə girəndə ürəyində arvadını o ki, var söyüb batırırdı: “Qancıq mənim belimi az qala qurudub, içi-iççalatı kor quyu kimidir, nə atdınsa içində qalacaq, əvəzini verən deyil.
Dünyadan sonsuz gedəsi deyiləm ki... Nə olursa olsun, mənim nəslim davam eləməlidir!”
Son vaxtlar yerli-yersiz vəhşi ayı kimi arvadın üstünə bağırırdı, söyüşünün əvvəli də “qısır köpəyin qızı!” olurdu, axırı da.
Aralarında dəfələrlə bu barədə söhbət olmuşdu, arvadı hər dəfə gözlərindəki sonsuz kədəri ərindən gizlətməyə çalışaraq titrək səslə “vallah, mən bir söz demirəm, get üstümə cavan arvad alıb gətir, səninçün uşaq doğsun,” deyirdi.
Sədr də hər dəfə “eeeh,” deyib əlini yelləyirdi və arxasını arvadına çevirib tezcənə xoruldamağa başlayırdı.
Arvad əri əbləhi özündən də yaxşı tanıyırdı, onun dabbaqda gönünə bələddi, bilirdi ki, dinsiz- imansızın yekəsidir.
Allahın ver günü ona gəldiyi günə lənətlər yağdırırdı, intəhası, el üzünə sus-pus olub oturmuşdu, cınqırını çəkə bilmirdi. Həm də qorxurdu ki, bir az o yan- bu yan eləsə, əri başını boynunun ardından kəsib bədənini quduz itlərə yem eləyər.
Fətullayev zalım adam idi; əlindən hər əclaflıq gələrdi.
Naxırçı Allahqulunun qızı Tubu məsələdən hali olunca qarnına sancı doldu, quş ürəyi boyda bapbalaca ürəyi sinəsində çırpınmağa başladı; ipək saçlarına tumar çəkən xoşüzlü tale birdən birə qorxunc sifətli cadugərə çevrilmişdi, qızın başının üstündə bəd dualar oxuyur, onun gələcəyini insan əli yetməyəcək qədər uzaq olan qaranlıq bir mağaraya yönəldirdi.
Bəlkə də bu məlun heç tale deyildi, hər kimdisə, qızın həyatının sükanı artıq bu naməlum qüvvənin əlindəydi; bu naməlum qüvvə Fətullayevin xeyrinə işləyirdi; onun istəklərini yerinə yetirirdi, doymaq bilməyən tamahını, nəfsini yemləyirdi.
Qız evdən geyinib çıxsa da ona elə gəlirdi ki, çılçılpaqdır, Fətullayevin quduz baxışlarını öz üzərində hiss edirdi. Kənddə dolaşan söz-söhbətin həniri gün boyu qulaqlarından çəkilmir, rahatlığını əlindən alırdı.
Atasının Fətullayevi döydüyünü məmə deyəndən pəpə yeyənəcən hamı pıçapıçla bir-birinə ötürürdü, sədrin qaraltısını alan kimi xırp səslərini kəsirdilər, guya heç nədən xəbərləri yoxdu.
Ama Fətullayev kimin ürəyindən nə keçirdi, hamısından xəbərdar idi, əks təqdirdə o, Fətullayev olmazdı. Sədrin içində şeytan qaval vururdu; səsi ürəyini yerindən oynadırdı, o, ürəyini şeytana təslim etmişdi, bilirdi ki, şeytan onu öz istəyinə çatdıracaq.
Axır ki, qızı bulaq başından qayıdanda hündür təpənin yamacında yaxalaya bildi.
Qaş qaralan vədəydi. Tubunun bir anlıq dizləri əsdi, kəhər atın dırnaqları iki addımlığında yeri eşsə də başını qaldırıb atın üstündə oturanın üzünə baxmadı.
- Səni yanasan, qız! Nə yaman yetişmisən...
At belində oturan adamın yırtıcı ehtirasına yem olmamaq üçün Tubu var gücüylə “ay ana!!!” qışqıraraq qəfildən yel kimi yerindən qopdu, əlindən sürüşüb düşən su dolu səhəng enişə doğru dığırlandı.
Fətullayev bir müddət qızın arxasınca baxa- baxa qaldı, sonra atının cilovunu buraxdı, at tənbəlcəsinə yerindən dəbərdi.
Sədr öz cəsarətsizliyinə görə dünyanın söyüşünü üstünə yağdırdı: “Ağzındakı hazır tikəni də uda bilmirsən, hanı sənin dağ yaran zəhmin, ay əbləh!”
El içində özünə kişi deyib gəzən sədr ürəyinin dərinliyində anlayırdı və etiraf edirdi ki, əbləhin yekəsidir.
Aha, deyəsən oxuculardan kmisə Fətullayevi müəllifdən qorumaq istəyir. Buyursun meydana görək.
“A kişi, sən bu Fətullayevə nə vermisən, ala bilmirsən?
Bayaqdan kişini itdən əskik eləyib qoymusan, indi də yazığın özünü özünə söydürürsən? Fətullayevin tutduğu əməldə nə qəbahət var axı?
Kişinin arvadı da kişi qızı kimi ona icazə verib ki, ikinci dəfə evlənsin, gələcəkdə evinin çırağını yandıran olsun.
Bunun da gözü Tubunu tutub. Sən Fətullayevin yerində olsan, neyləyərsən?”
Sayğıdəyər oxucum, görünür, sən hələ Fətullayevin xislətindən büsbütün xəbərsizsən.
Bunun günahı məndədir, ancaq sən də darqursaq olma, bir hovur nəfəsini dər. İrəlidə səni bir-birindən maraqlı əhvalatlar gözləyir.
Sənin Fətullayevin çoxdan gorbagor olub, bir azdan onunla üzülüşəcəyik.
Tubu yolda başına gələn əhvalatı evdəkilərdən gizlədi, qorxdu ki, atası bu dəfə gedib Fətullayevi yabanın ağzına keçirər, kişini tutub qoduqluğa basarlar.
Atasının türmədə can “bəsləyəsi” halı yox idi, elə oradaca tezliklə qırağını qatlayacaqdı. Atasından çox anasına yazığı gəldi; yolda gələ- gələ özündən bir yalan uydurdu, guya başını qaldırıb yaxınlığında bir qaraltı görüb, axşamçağı olduğundan qaraltını seçə bilməyib; “tülküyə də oxşuyurdu, canavara da.”
Qız deyəsən onu gözləyən təhlükəni tam dərk etmək iqtidarında deyildi, bilmirdi ki, Fətullayev ovu əlindən çıxandan sonra daha da quduzlaşıb.
Biçarə Tubu ağlına da gətirməzdi ki, elə həmin vədə- şər qarışanda – üfüqlərin kürə kimi qızaran vaxtı bulaqdan qayıdanda yenə o zalım atlı ilə üzbəüz gələcək və bu dəfə atlının ona rəhmi gəlməyəcək; bir göz qırpımında əlini belinə dolayıb xırda ayaqlarını yerdən üzəcək və qızın çığırtısına məhəl qoymayıb atın yambızına zərblə qamçı çəkəcək, at qəfil ağrıdan güllə kimi yerindən sıçrayacaq və tərkindəkiləri təpənin o üzünə aşırdacaq.
Tubu timsah ağzındakı cüyür kimi çabalayırdı, sədrin nəfsi isə timsahın dişindən də iti idi; qızın bədəni bu tamah dişindən qurtula bilməyəcəkdi...
Fətullayev köhnə dəyirmanın uçuq hücrəsində qızı sümüyünəcən gəmirib axırına çıxdı. Çöldə çidarlanmış at özünü yeyib töksə də onu xilas edə bilmədi. Tubu nə qədər bacarırdısa o qədər müqavimət göstərdi...
Özünü xilas edə bilməsə də Fətullayevin bu əməl üçün olduqca yüngül olan cəzasını verə bildi; küncdə atılıb qalmış bel sapını qapıb var gücü ilə onun şər qaynadan təpəsinə çırpdı. Sədrin murdar cəmdəyi kötük kimi dəyirmanın ayağına dığırlandı.
Gör sovet hökümətini kimlər qururdu... Ayağına xrom sapok, qalife şalvar keçirib başına qaragülə papaq qoyaraq kişilikdən dəm vuran bu əbləh bolşevikin törəmələri sonradan pərpətöyün toxumu kimi artıb çoxaldılar, 37-ci ildə millətin namuslu oğullarını güllələyib Nargin sularında yırtıcı balıqlara yem etdilər, məscidləri uçurdular, torpağın namusuna təcavüz etdilər, çapıb taladılar, taladıqca quduzlaşdılar, quduzlaşdıqca iştahları günbəgün, aybaay, ilbəil artdı.
Fətullayevin qurduğu hökümət Tubunun qanına bulaşmışdı, elə bu ləkə ilə də tarixin yiyəsiz məzarlığına quylandı.
Goruna da özünün yemləyib bəslədiyi alkaş Yeltsinin köpüklü sidiyi çiləndi.
Tubunun ahı Kirovun heykəlini nə təhər tutdusa, heykəlin boğazı dəmir ilgəkdən qurtula bilmədi, ardınca Leninin boğazı ilgəyə keçdi, az keçmədi, “26 komissar” mifinə keşik çəkən məzarlıqdan 23 cəsəd çıxdı, ölüləri isə Hövsana sürgün etdilər. Lap axırda Əzizbəyovun dəmir alnı yerə gəldi. Tubunun ahı beləcə, sovet hökümətinin daşını daş üstündə qoymadı.
Fətullayevin canı it canıydı, nə qurbanı tərəfindən başına endirilən çomağın zərbəsi, nə də uzaq Sibirin qarlı-şaxtalı çölləri onun axırına çıxa bilmədi.
Qurd ağızlı Sibir qazamatından diri çıxıb qayıtdı. Ama ömrünün bundan sonrakı hissəsini, əgər buna yaşamaq demək olardısa, zillət içində yaşadı. Arvadı elə həmin biabırçı olayın baş verdiyi günün səhərisi öz atası evinə yığışmışdı, sədri it küçüyü kimi qulaqlayıb yatab yollayandan sonra evini də hökümətin sərəncamına vermişdilər.
Sonra bu ev xəstə uşaqlar üçün nəzərdə tutulmuş internata çevrildi. Kəndin təzə sovet sədri insaflı adam imiş; Fətullayevin səfalət içində küçələrdə sülənməsini istəmədi; köhnə kənd qəbiristanlığının gözətçiliyini ona tapşırdı və “sənə ancaq ölüləri tapşırıram, diri adamı sənə etibar eləmək olmaz, ay qoca əbləh!” dedi.
Sonra isə əlavə elədi ki, bax ha, çaşıb birdən ayağını yenə əyri qoyarsan, hansısa qəbrin üstündən bir daş yoxa çıxsa, səni gəldiyin yerə qaytararam!
Gəldiyi yerin soyuğu hələ canından çıxmayan qoca əbləh qorxudan büzüşdü, yazıqcasına təzə sədrə yaltaqlanmağa başladı:
- Sibir mənim sıxıb cəciyimi çıxardı, ay sədr. Qalan quruca cəsədimdir, bütün günü Allahla söhbət eliyirəm, deyirəm, bəlkə günahlarımnan keçə...
Təzə sədr başdan ayağa Fətullayevi süzüb dərindən köks ötürdü və başını buladı:
- Eeeh, ay Yasin... Elə günahlar var ki, onlar heç vaxt bağışlanmır... Neyləmək olar, sən belə şeyləri çox gec anlamısan. O boyda ağır günahların müqabilində bu günüvə şükür elə.
Yasin deyilən adam daxilən keçirdiyi hissin ağrısını səssizcə uddu, istəmədi ki, qarşısındakı onun əzabını duysun.
Sanki tikanlı yolla ayaqyalın yeriyirdi, qanı axdıqca ufuldamağı özünə sığışdırmırdı.
Ama bu cəhd əbəs idi, təzə sədr qocanın mənəvi işgəncə altında qovrulduğunu çoxdan anlamışdı, ona kömək etmək iqtidarında da deyildi.
Tubunun ahı tank kimi qocanın həyatının üstündən keçib onu xıncım- xıncım eləmişdi; düzələn təhəri yoxudu.
Fətullayev qarlı-sazaqlı bir qış axşamı elə qəbiristanlığın ağzındakı kirli-pasaqlı daxmada canını tapşırdı.
Ölüsü neçə gün o daxmada qalıb iylənəndən sonra ziyarətə gələnlərdən kimsə onun gəbərdiyindən xəbər tutub məscidə xəbər vermişdi.
...Nəyisə birdəfəlik itirdiyini anlayırdı, bu hiss şüuruna hakim kəsildikcə hövllənirdi, nəfəsi tıncıxırdı. O, birdəfəlik ölmək, həmişəlik yoxa çıxmaq istəmirdi.
Başını sınıq pəncərənin kirli şüşəsinə yaslayıb çölə boylandı- qəbirlərdən başqa heç nə görünmürdü, bir azdan onu da bu sarı gilli torpaq dibinə çəkəcək, çox güman ki, üstündə sinədaşı, baş daşı-filan olmayacaq, - sırayla düzülmüş baş daşlarına həsəd apardı.
Sonra fikirləşdi ki, belə yaxşıdır, baş daşının üstündə ad- familimi oxuyan qəbrimə tüpürəcək, qəbri murdarlayacaq... Ağlına gələn fikirdən azacıq təsəlli tapdı.
Bəlkə də ömründə ilk dəfəydi ki, özünü bu qədər dərindən tanıyırdı, içindəki şeytan qeybə çəkilmişdi; daha onluq bir iş qalmamışdı.
Allah ona sonuncu dəfə yaşamaq şansı verirdi; qoy özünü tanısın, şərəfsiz ömür yaşadığını etiraf eləsin.
Allahın mələyi Əzrayıl bir az bundan əvvəl ağırlığını onun sinəsinə salıb birinci xəbərdarlığını eləmişdi, - yır-yığış vaxtıdı, neyləyirsənsə, tez elə!- indisə qəbristanlığın girəcəyində çiynini divara söykəyib gözləyir, heç hara tələsənə oxşamırdı.
...baxışları pəncərədən sürüşüb çılıkləndi, yaddaşı sarmaşıq kimi beyninə dolaşdı, fikri ayazıdı. Bu kirli pəncərədən ötüb keçmiş həyatına yad bir adamın gözüylə baxmağa özündə güc tapa bilmədi. Xırıldadı:- “İçimi oyurlar elə bil, nəfəsim qaralır...”
Ötüb keçmiş həyatında xatırlamağa xoş bir məqam tapa bilmirdi, ömrün hansı səhifəsini çevirirdisə, qara ləkələrlə rastlaşırdı, yaşanmış həyat qara bir kitab idi və o, indi bu qara kitabı od vurub yandırmaq istəyirdi.
Ölümün qara pərdəsi gözlərini örtməkdəydi və şüuru bu müdhiş prosesi hələ ki, izləyə bilirdi.Hələ qarşıda gor əzabı vardı, ondan o yana İnkir-Minkirin sorğu -sualı, lap axırda isə qır tiyanının dibində yanmaq vardı.
Peşmançılıq hissi içini tikan kimi dalayırdı, ölüm andıra qalmış da gəlib çıxmaq bilmirdi. Günahları onu rahat ölməyə qoymurdu.
Əzrayıl hələ də gorgahın girəcəyində uzun bir fikrə dalmışdı, baxışlarını ulduzlu səmaya dikib Allahın işarəsini gözləyirdi.
Axı mən niyə ölə bilmirəm, ay Allah?!- deyə inildədi, yerinin içində yumaq kimi bükülüb açıldı. Gözlərindən bilaixtiyar yaş axdı, bu yaşı silməyə qolu qalxmadı.
Gözünün qabağına ölüm- dirim arasında nədənsə yapışıb özünü xilas etmək istəyən bir zavallı gəldi; ölümdən bu qədər qorxmağı özünə ar bilib səssizcə son nəfəsini gözləməyə başladı.
Tubunun saçları bir anın içində düm ağardı. “Abdulla sənin qəbahətindən doğulub!” Tubu başının üstündə durub elə hey bu sözləri təkrarlayırdı.
O isə ölümə yalvarırdı ki, onu bu əzabdan qurtarsın. Əzrayılın ixtiyarı öz əlində deyildi axı.
Oxucunun qeyzli nəzərlərini öz üzərimdə hiss edirəm: “Sən canın, bu zındığı tez gəbərt, canımız dincəlsin. Bəs deyirdin, daha onluq işimiz qalmayıb?”
Bu ölən Fətullayev deyildi, adam cildindən çıxmış əcaib bir məxluq idi; onun astarı üzünə çevrilmişdi, içinin bütün çirkabı çölünə axmışdı.
Heç Əzrayılın içəri girməyini hiss eləmədi. Bura qədər hiss elədikləri bəsiydi...
...Naxırçı Allahqulu qızının bu müsibətinə dözə bilməyib tezliklə qırağını qatlayandan sonra məlum oldu ki, Əzrayıl kişini tələsdirməsəymiş birinci nəvəsini görmək ona qismət olacaqmış.
Uşağa rəhmətlik Allahqulunun atası Abdullanın adını qoydular.
Başı batmış Abdullanın ayaqları yer tutmamış Tubuya da kənddə yiyə duran tapıldı; onu müharibədən əlil qayıtmış riyaziyyat müəllimi Əbdülxalıqa nişanladılar və bir gün Əbdülxalıq müharibədə güllə yarası almış sol ayağını sürüyə-sürüyə Tubugilin taxta qapısına üz tutdu, dinməzcə qadının qolundan tutub onu kasıb komasına apardı.
Tubunun cınqırı da çıxmadı.
Tubu Ədülxalıq üçün də iki qız, bir oğlan doğdu və uşaqların “metrikası”nı düzəldəndə Abdullanın da sənədinə Əbdülxalıq oğlu yazdırdılar.
Əbdülxalıq elə bil tıxsız balıq idi, bu adamın ancaq məktəbdə dili açılırdı; yazı taxtası önündə əli təbaşırə bulaşa-bulaşa yorulmadan uşaqlara riyazı düsturları izah edirdi, sabahısı günü də tələbkarlıqla öyrətdiklərini bir-bir az qala hamıdan soruşurdu.
O, ancaq bir halda amansız ola bilərdi- dərsinə cavab almayanda.
Onda dərsini bilməyən şagirdə əməlli- başlı divan tuturdu; onu dərsdən sonraya saxlayıb istədiyini almayınca evə buraxmırdı. Kənddə danışırdılar ki, bu cür sakit, fagır adam görəsən müharibədə heç nemes-zad öldürüb?
Bir dəfə özündən soruşmuşdular, gözləri işıldaya-işıldaya demişdi ki, görəndə ki, üstünə ölüm gəlir, o məqamda adamın ürəyi bircə anın içində daşa dönür.
Ona verilən sualların cavabı hər dəfə eyni olurdu, bu o deməkdi ki, hə, mən də nemes öldürmüşəm, ama bircə dəfə də olsun, “öldürmüşəm” ifadəsini onun ağzından eşidən olmadı.
Fətullayev Tubudan aldığını qaytarmaq iqtidarında deyildi; şeytan aldığını heç vaxt geri qaytarmır.
Ama tale elə bil öz rəhmsizliyindən utanıb Əbdülxalıqı bu məsum qızcığaza yolladı ki, onun əlləri ilə yarasını sarısın, acı keçmişini ona unutdursun, qadınlıq duyğularını oyatsın və ərinə arvadlıq edə- edə, uşaqları böyüdə- böyüdə qocalsın. Ama bu arvad o biri övladlarından yarısa da, Abdulladan heç oğulluq görmədi.
Deyirdi, mayasında haram var bu zatı qırığın, fırt eləyib atası dəyyusun burnundan düşüb. Hərdən də yarı hənək, yarı gerçək o boyda kişi xeylağına “göt yarası” deyirdi, qızlar da üzlərini tutaraq uğunub gedirdilər.
Abdullanın gələcəkdə bivec, karsız adam olacağını Əbdülxalıq müəllim fəhmiylə anlamışdı deyin, bu gədənin ipini boş buraxmışdı; öz belindən gələnlərə əli qalxsa da Abdullaya heç vaxt əl bulamazdı.
Deyirdi, bu vələdüzna döyüldükcə əyiləcək ki, düzəlməyəcək, indidən zay toxum olduğunu bildirir. Oğul nə bir sənətə, nə bir işə həvəs göstərir, nə də məktəbdə oxumağa girdarı çatırdı.
Tubu da məlul-müşkül əli qoynunda durub öz bic gədəsinə baxa-baxa fikrə gedirdi, necə də olsa, öz qarnından çıxmışdı. Allaha yalvarırdı ki, ərinin zənni düz çıxmasın, gədəsi heç olmuya, oxuyub özünü bir yerə çıxara bilsin.
Gədənin isə oxumaqla işi yoxudu, bütün günü kəndin avaragor uşaqlarına qoşulub gündə bir hoqqadan çıxırdı, neçə dəfə oğlunun başı yarılan, dirriyindən qarpızı oğurlanan kişilər Əbdülxalıq müəllimin taxta qapısını döyüb “xalxın uşaqlarına sən tərbiyə verirsən, öz oğlunun tutduğu əmələ bax!” deyə təhniz edirdilər.
Müəllim deyə bilmirdi ki, axı bu zırrama mənim oğlum deyil, hər dəfə bu söz ilişib boğazında qalırdı, kişi boğula- boğula rəng verib rəng alırdı.
Sonra da evə dönüb uşağın acığını arvadından çıxırdı; Tubunu döyüb eləmirdi, eləcə, səsinin tonunu azca qaldıraraq “bu itdən əmələ gəlmişin nə vaxtadək bizim üzümüzü el- oba içində qara edəcək?” deyirdi.
Tubu bilmirdi neyləsin, ərinə cavab verməkdə aciz qalırdı. Dodaqucu “kaş bunu doğunca bir qara daş doğaydım, axırda başımıza oyun açacaq, itin küçüyü!” deyə pıçıldayırdı.
O vaxtlar bu “it küçüyünün” atası Sibirdə islah olunmaqla məşğul idi, bicbalası heç ağlının ucundan da keçmirdi.
Abdulla tuği- lənət olub Əbdülxalıq müəllimin boğazına keçmişdi.
Fikirləşirdi ki, yəqin bu millətin qanını içənlər də haram nütfədən doğulublar, mayası təmiz olan adam heç vaxt əbləhlik, nadürüstlük eləyə bilməz, bu mümkün olan şey deyil.
Əbləhlik də irsi xəstəlikdir, görünür, bu gədə elə atasının yolunu gedəcək.
Kənddə tanış-biliş Əbdülxalıq müəllimə olan hörmət xatirinə bu avaraya çox baş qoşmurdu. Ancaq orda- burda deyilənlər kişinin ürəyinə qubar gətirirdi.
Bir dəfə məhlədə yerdən daş götürüb gəlib-gedənə atan Abdullanın qulağı kiminsə kəlbətinə bənzəyən əlinə keçdi, uşaq ha dartındısa qulağını bu dəmir əldən xilas edə bilmədi. Dəmir əlin sahibi Abdullaya dedi:
-Bala, ona-buna daş atma, atanı da tanımırsan, birdən daş atana dəyər!
Zaman Əbdülxalıq müəllimin gümanlarını azacıq redaktə elədi; Abdulla atası kimi zalım olmasa da, halalı haram, haramı isə halal bilərək böyüdü, atalığının öyüd-nəsihətindən, anasının danlağından bir kar aşmadı.
Atasının dölü anasının südündən güclü çıxdı; anasının sözüylə desək, sağ olmamış atasına çəkdi.
Günahdan doğulanlar şeytanın köməkçiləridirlər.