Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:23

Vive la Différence!


Cavanşir Yusifli
Cavanşir Yusifli
Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə yazıçı Elçin Hüseynbəylinin "Yolayrıcında qaçış" adlı yeni romanının "Oxu zalı"nda başlanan müzakirəsinə qoşulur.


Vive la Différence!
(Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış” romanı
Və roman janrı haqqında bəzi qeydlər)


“Roman epidemiyası” son zamanların ifadəsidir, kimlərsə onun doğurduğu mənfi emosiyadan yana möhkəm narahatdır, kimlərsə, əksinə faktiki durumu göstərdiyi üçün ondan uğurlusunun tapılmadığını israr edir.

Epidemiya o halda uğurlu (-!) ifadə sayıla bilərdi ki, yazı yüzdə yüz texniki məsələ olaydı, bizdə şübhəsiz ki, belə deyil və bir azdan o qədər böyük həcmli əsər meydana çıxacaq ki, onları mütaliə edib çatdırmaq problemə çevriləcək.

Ancaq nəsrə meyl, nəsr əsərlərinin təqdimatı, müzakirəsi, ardıcıl nəşri ... yeni imzaların görünməsi və digər yeni hadisələr nəhayət də bizdə də ədəbi prosesin yeni keyfiyyətlə görünməsinə şərait yaradacaq, Azərbaycan dilində yazılan nəsr əsərlərinin xarici dillərə çevrilməsi üstündə növbə yaranacaq.

Bu bir arzudur hələ ki...

Müzakirəyə təqdim edilən romanı bir neçə cəhətdən araşdırmaq olar.

"Əsəri oxuduqdan sonra hasil olan qənaət budur: müəllif (problemi araşdıran şəxs-!) daha çox eninə gedişlərə üstünlük verir, problemlər səthi araşdırılır, daxili məntiq güclü olmadığı üçün kompozisiyası bitkin deyil".
Mövzu, onun dərinliyi hara qədər görünür?

Bu barədə kim nə qədər danışa bilər?

Qoyulan problemə, yaxud problemlərə yanaşma metodikası necədir - ənənəvi, yoxsa ənənəyə tərs mütənasib?

Əsəri oxuduqdan sonra hasil olan qənaət budur: müəllif (problemi araşdıran şəxs-!) daha çox eninə gedişlərə üstünlük verir, problemlər səthi araşdırılır, daxili məntiq güclü olmadığı üçün kompozisiyası bitkin deyil.

Züleyxanın həyat anlayışı, ətrafından kəskin fərqlənməsi, ətrafla qarşıdurması və ondan müxtəlif yollarla öc almağa çalışması sadəcə nağıllanır, sitat kimi verilir, ancaq bu mənbə nəyisə aydınlatmağa yardımçı olmur.

Fahişəliyin cəmiyyətə görünməyən üzü. İnsanın daxildən sürüklənməsi.

Adam bu yolla gedib əvvəlcə içinin ehtirasını söndürmək, sonra iş adamı olmaq, həyat anlayışının heç də fəna olmadığını ətrafa sübut etmək istəyir.

Ancaq onu təhdid edən, durduğu yerdə itələyib dünyasından qovulduğu üçün yalnız keçmişlə, yalnız xatirələrlə yaşaya bilir.

Süjeti bu şəkildə nağıllasaq dizi poetikası haqqında danışmalı olarıq. Əsərdə serial təsiri açıq-aydın hiss edilir.

Müəllif yazı texnikası baxımından müəyyən təcrübəyə malikdir, məhsuldardır, kəmiyyət göstəricisi əladır və... bu romanın mövzusu onun yetərincə idarə edə bildiyi, müxtəlif gedişləri uğurla sonuclandıra bildiyi bir sahədir.

Elçinin bir sıra hekayələrindəki təsvir plastikası, detalla zövqlə işləyə bilmək bacarığı, süjeti istədiyi səmtdə inkişaf etdirmək gücü...bu mətndə də nəzərə çarpır.

Bəri başdan deyək ki, əsər (roman) süjet dinamikası etibarı ilə çoxşaxəli deyildir, ən müxtəlif istiqamətlərə uzanacaq xətlər sanki yumağın içinə yığılaraq minimum təfərrüatla səciyyələnir.

Bu hardasa çəkilməsi planlaşdırılan bir filmin ssenarisinin “eskizi” də sayıla bilər.

Bir forma kimi janrın konkret mövzu üzrə vəd etdiyi imkanlardan müəllif minimum istifadəyə çalışmış, hərəkət mərkəzindən hər an və potensial olaraq kənara çıxacaq xətlər bilərəkdən “kəsilmişdir”.

Mətn intriqa yaratmağa hesablanan qəzet materialının “manşetə” çıxarılması ilə başlayır:

“Dekabrın 9-da, günorta saatlarında azəri gözəli, 34 yaşlı Züleyxa Göyçək Beşiktaşda, öz malikanəsində qətlə yetirilib. “Hürriyyət+” qəzeti, 10 dekabr 2009”.

Sadə bir təhkiyə yumağı. Hadisə, sadə sxem üzrə bir nöqtədən şaxələnir.

Müəllif uşaqlıq yoldaşını tapmaq üçün İstanbula gedir. Tapır.

Dadlı söhbətlər keçmişdə ürəkdə qalan qəribə hisləri oyadır. Keçmiş baş dumanlandırır, elə qəribə ovqat yaradır ki, az qalır indiləşsin.

Züleyxa başına gələnləri özü danışır, heç nəyi, heç bir detalı ötürmədən, keçmişin indiləşdirilməsi naminə uşaqlıq dostunun qayğısına da qalır, otelə onun üçün “Z” hərfi ilə başlayan bir hədiyyə də göndərir.

Məlumdur ki, bir forma kimi janr danışılan əhvalatın, yaxud baş verən hadisənin funksiyasıdır, bu funksiya olmadan hər hansı mətn heç nə anlatmayan bir şeyə çevrilər.

Elçin Hüseynbəyli
İndi bizdəki “roman epidemiyasının” bir görünən tərəfi var ki, bu mətn bu forma daxilində heç nə anlatmır, bu həqiqəti “romançıların” özləri də bilir ... nə yaxşı ki, ortada dekonstruksiya, kollaj... kimi terminlər var, nə olur-olsun mətn “dillənmirsə”, yaşadığın həyatın problemlərini araşdırma müstəvisinə gətirmirsə, demək mətn əsərə çevrilməyib, “roman” deməklə deyil, romanı yazmaq lazımdır.

Bəhs etdiyimiz əsərin bu anlamda dili necədir?

Bu suala kəsə cavab verməyib, əvvəlcə bir az başqa mətləblərdən danışaq. “Yolayrıcında qaçış” romanında bir neçə problem qoyulub.

Bunlardan başlıcası qloballaşmadır.

Türkiyədə keçirilən konfransda müəllifin çıxışı, onun baxışını ifadə etmək baxımından aydındır, o qədər aydındır ki, mübahisəsiz olaraq bir çoxlarının fikri, əqidəsi kimi qəbul edilə bilər.

Yəni, bu – hardasa qloballaşmaya populyar, ənənəvi baxışıdır.

Problemin dibi yox, səthi görünür.

“- Qloballaşmadan danışırsınız. Qloballaşma dinsizliyi, dilsizliyi, imansızlığı, sərhədsizliyi təbliğ edir.

Çünki monodil dilsizlik, dinsizlik deməkdir. Hər quşun, ağacın dili olduğu kimi, millətlərin də öz dili olmalıdır. Yalnız quldurların, terrorçuların, fahişələrin vahid dili və dini ola bilər.

Çaşan insanlar yolunu azmış heyvan sürüsünə bənzəyir, qarşısına çıxan hər şeyi və hər kəsi tapdalayırlar...”.


Bu sətirləri oxuyursan və adamı dəhşət bürüyür, hadisənin bu şəkildə təfsiri şübhəsiz ki, düzgün deyil, mədəniyyətlərin yürüşü, yarışı, tarix boyunca müəyyən ideyaların iflasa uğraması, dünya çapında baş alıb gedən məkrli oyunlar və insanların bu şəkildə düşünməyə vadar edilməsi (...hər quşun, hər ağacın dili olduğu kimi...) əslində baxdıqca göz ağrıdan sürətli prosesin qarşısında ağlın yetməməsi, müəyyən radikal fikirlərin bütöv toplumlar üçün fanatizmə çevrilməsi... insanın maşın məntiqinə uduzmasıdır.

Ona gərə “problemin səthi görünür” deyirik ki, ifadə edilən mülahizələrlə təhkiyə məkanındakı olaylar elə düz xətt boyunca qovuşur.

İnformasiya mətn üzərində sadəcə peyda olur, onun doğulması, aid olduğu digər nüanslarla təmas tapıb çarpazlaşması, əsərin ideyasını dərinlərdə itirib azdırması, işarənin, onun yaratdığı kontekstin canlanması ... həddindən artıq zəifdir.

Əsər oxucu kontekstinə adlayar-adlamaz bitir, taleyi həll edilir, müəllifdən ayrılan əsərin oxucuda yenidən doğulmaması, əksinə qurtarıb bitməsi böyük nöqsandır.

Yalnız bir yerdə qloballaşmanın siyasi alət olmasına işarə edilir. Terrorçular, bölücülər amerikan mallarından istifadə edirlər: “made in America”.

Qloballaşma haqqında mətndəki mülahizələr insanlar arasındakı münasibətlərdən keçmir, keçirsə də məlum informasiyanın açımına yardımçı olmur.

Belə ki, mətnin içinə gömülən əhvalat dirildikcə, şaxələnib bizi müxtəlif istiqamət və yönlərə göndərdikcə, bir sözlə, əsərin dili açıldıqca janr potensialı işə düşür və sanki enerjinin bir formadan başqa bir formaya çevrilməsinin şahidi oluruq.

Baxın, Əkrəm Əylislinin “Ürək yaman şeydir” hekayəsinin əsasında adi bir əhvalat durur.

Ancaq bu məsələ nə qədər fərqli tonlarla danışır, hekayənin bel sütunu – təhkiyə ritmi insanın başına gələn faciəni bir neçə məqamdan fokusa gətirir.

Yaxud “Ceviz ağacının nağılı”nda fərqli detalların paralelləşməsi – nəhəng bir ağacın budanması ilə xasiyyətin açılması, münasibətlərin çözülməsi anidən baş verir.

Dixatomiya – forma və məzmunun mütəmadi olaraq bir-birinə çevrilməsi janrın funksionallığını tam əyaniləşdirir. Haqqında bəhs edilən əsərdə isə əsər, mətn janrı gerçəkləşdirmir.

Istanbul
Məlum nəzəri mülahizəyə görə, janr praqmatik razılaşmadır (convention pragmatique – Antoine Compagnon, la notion du genre).

Bu, o deməkdir ki, janrın (formanın) içində əsər mətn kimi deyil, akt, nəticə və sosial inteqrasiya kimi peyda olur.

Müəllif bu istiqaməti başlanğıcda nişan vermişdi: çaşmış insanlar haqqında çaşqın bir roman...

İstiqamət aydındır. İnsan daxilən çaşıb, əvvəllər əzbər bildiyi işarələri çaş salır.

Janr müəllifə yaratdığı əsəri spesifik akt olaraq tanıdır.

Bu, Jerar Jenetin təbirincə, əsaslı razılaşmadır. Bəlli kommunikasiya qırılarsa, əsər öz mühiti içində tanınmaz. Janr əsəri bu mənanda gerçəkləşdirir.

Müəllifin niyyəti – ayrı-ayrı fraqmentləri, bəzən bir-birindən zaman və məkanca uzaq düşən əhvalatları ixtiyarı ardıcıllıqda, təhkiyənin təmas nöqtəsində araşdırmaq cəhdi tam olaraq baş tutmayıb və bu da xarakterlərin statik formada qalması ilə nəticələnib.

Əsərin bir yerində Züleyxa deyir:

- Yəqin səni maraqlandırır ki, məndə bu şeytani hislər haradan idi? Özüm də bilmirəm. Məgər dünyada hər şeyin izahı var? Amma mən uşaqlıqdan özümü qadın kimi hiss edirdim. Yalnız bircə dəfə kişinin qadını qucaqlamasını görmüşdüm. Düzdür, atamla anamı. Bəzi gecələrdə isə cürbəcür səslər. Pərdənin dalından gələn səsləri nəzərdə tuturam. Məmin içim yanırdı, odlanırdı. Mən yorğanın altında səhərə kimi qıvrılırdım, əvvəllər səbəbini bilmirdim, amma sonradan Yusifi hamamda lüt-üryan görəndə bu hissin nə olduğunu başa düşdüm... Ürəyim az qala ayağımın altına düşdü. Uçunurdum. Havasızlıqdaydım.- Sən Markiz de Sadı oxumusan? – deyə bu qəfil sualla onun sözünü kəsdim.

Bunlar etiraf, yaxud həmsöhbətini qıcıqlandıran söhbət səviyyəsində qalır.

Bu kimi bitişməyən fraqmentlər əsəri həcmcə təmin etsə də, janrın funksionallığı özünü göstərmir.

Ümumiyyətlə, son zamanların nəsr təcrübəsində bəlkə istisnasız olaraq bütün gənclər və onlardan əvvəlki nəsil janra az qala bir tərəfdən – kəmiyyətdən baxırlar.

Mahiyyət ya söhbətin predmetini təşkil etmir, ya da ən acınacaqlısı dərk edilmir!

Romanda digər aparıcı mətləb (qloballaşmadan fərqli) dini ətalətin, bir ad altında bəd əməllərin yerləşdirilməsi, bir sözlə cəmiyyətdə “işarə düşmənçiliyinin” yaradılmasıdır.

Ömrü boyu azan və dua səsi eşitmiş saf bir gəncin üsulluca təşkilata cəlb edilməsi, hadisələrin altı ilə hərəkət edən süjet kütləsi romana müəyyən mənada canlılıq gətirir.

Məhəmməd xalasını qətlə yetirərkən apatiya vəziyyətindəyidi, nə etdiyini sonralar da dərk etmir.

Təşkilatın niyyətindən söhbət belə açılmadan anasının tapşırığı ilə İstanbula dönən gənc qətlə sürüklənir (o, şübhəsiz ki, xalasını öldürəcəyini ağlına gətirmirdi).

Ancaq əsərin ümumi planı dağınıq olduğundan və müxtəlif xarakterlər əsaslı şəkildə işlənmədiyindən roman bu hadisələr haqqında bizim deyəcəyimiz sözə çevrilmir, müəllifin nələrsə etmək niyyətində olduğu improvizasiya meydanı olaraq qalır.

Həmçinin oxu
Elçin Hüseynbəyli "Yolayrıcında qaçış" (Romandan parça)
XS
SM
MD
LG