Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:13

Koelyonun kitablarına İranda qadağa qoyuldu


Dünya şöhrətli Braziliya yazıçısı Paulo Koelyo yanvarın 11-də öz bloqunda yerləşdirdiyi bir yazıda İranda onun əsərlərinin satışına və çapına qadağa qoyulduğunu bildirib.

“Media forum” saytının məlumatına görə, Paulo Koelyo yazıb ki, İran rəsmilərinin bu qadağasına etiraz olaraq o, fars dilinə çevrilmiş əsərlərini internet vasitəsilə pulsuz yayacaq: “Mən ümid edirəm ki, bu anlaşılmazlıq bir həftəyə həllini tapacaq.

Bu işdə Braziliya hökumətinin yardımına arxalanıram. Mən istəyirəm ki, Braziliya hökuməti bizim üçün əhəmiyyət daşıyan bütün dəyərlərə görə mənə və əsərlərimə dəstək versin”.

İranda əsərlərinə qoyulan qadağanın səbəbindən xəbərsiz olduğunu bildirən yazıçı qadağa haqda xəbəri onun əsərlərini fars dilinə tərcümə edən, hazırda mühacirətdə yaşayan Arəş Hecazidən eşitdiyini qeyd edib.

Paulo Koelyo deyib ki, o, 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlar zamanı öldürülən Neda Ağasultanın bu hadisədən dərhal sonra xaricə mühacirət etmiş nişanlısı Arəş Hecaziyə internetdəki ictimai şəbəkələrdə dəstək vermişdi.

Ancaq yazıçı onu da vurğulayıb ki, əsərlərinə qoyulan qadağanın bununla bağlı olub-olmadığını bilmir.

Paulo Koelyo 1947-ci ildə anadan olub. Ən çox oxunan əsərlərindən biri 1988-ci ildə çap etdirdiyi “Kimyagər” romanıdır.

Bu roman dünyanın 67 dilinə tərcümə edilib, milyonlarla nüsxədə satılıb və 2008-ci ildə “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.
XS
SM
MD
LG