Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:21

20 Yanvar əlili: «Neft sənayesində süpürgəçi də işləməyə hazıram»


Əsəd Əsədzadə
Əsəd Əsədzadə
...Əlillərin Sosial Müdafiəsi Mərkəzinə tələsirdilər. 20 Yanvar əlilləri hər il yanvarın 19-da bura yığışır, görüşür, bir-birləri ilə dərdləşirlər.

21 il əvvəl aldıqları yaralar bir yana çoxu işsizlikdən, güzəranın ağırlığından əziyyət çəkir. Ancaq həmin günün şahidləri olmaqları ilə də fəxr edirlər.

PAPAĞI O GÜNÜN XATİRƏSİ KİMİ SAXLAYIR...

Həmsöhbətlərimdən biri alim Əsəd Əsədzadədir. Həmin gün güllə dəymiş papağını o günün xatirəsi kimi saxlayır:

«Salyan kazarmalarının yanından qaydanda maşınıma iki güllə dəydi. Lermantov küçəsinə çıxdım. Gəlib çıxdım Prezident Aparatını qarşısına. Səhərə qədər orada qaldım. Səhər evə gedəndə məni haqladılar. Badamdara çatanda məni gülləyə tutdular. İkisi papağıma dəydi güllələrdən. O papağı indiyə qədər saxlamışam».

20 Yanvardan başqa bir xatirə kimi, Əsəd Əsədzadənin bədənində 43 tikiş yeri də var. Alim deyir ki, həmin gün güllə yarası alsa da, iş qabiliyyəti var. İşlə bağlı çoxsaylı müraciətlərinə isə müsbət cavab verilmir:

«NEFT SƏNAYESİNDƏ SÜPÜRGƏÇİ DƏ İŞLƏMƏYƏ HAZIRAM»

«1997-ci ildən işləmirəm. Mən neft üzrə aliməm. Keçmiş Sovet İttifaqının fəxri ixtiraçısıyam. Qızıl medalım, 30-dan artıq ixtiram var. İş üçün müraciət etmişdim. Neft Şirkətindən məktub gəldi ki, yerimiz olanda səni işlə təmin edəcəyik. Mən məktub yazmışdım ki, neft sənayesində süpürgəçi də işləməyə hazıram. Niyə görə məni işə götürmürlər? İlham Əliyev deyir 900 min iş yeri açmışam. Soruşmaq istəyirəm, bu 900 min iş yerindən biri niyə mənə çatmır?»

«SOL BARMAĞIMI SINDIRIB ÜZÜYÜ ÇIXARTDILAR»

Ataməli Yadigar oğlu
İkinci həmsöhbətim Ataməli Yadigar oğludur. 20 Yanvar əlili kimi 140 manat təqaüd alır. Deyir əlilliyinə görə ancaq oturaq işdə işləyə bilər, o da yoxdur.

Deyir 21 il onun üçün asan keçməyib. Ancaq həmin gün onun yenidən həyata qayıtdığı gündür:

«Soyuq qış gecəsi idi. Biz Bakının girəcəyində Şamaxı yolunun üstündə dayanmışdıq. Barrikadalar qurulmuşdu. Hamı əliyalın idi. Onda mənim 26 yaşım vardı. İndi 47 yaşım var. Yanvarın 19-u 12-yə 5 dəqiqə qalmış gülləboran başladı. Mənə də ayağımdan 3 güllə dəydi. Yerdən qalxa bilmədim. İki əsgər mənə yaxınlaşdı. Sol barmağımı sındırıb üzüyü çıxartdılar. Ayağımdan qan axırdı. Biri avtomatı ağzıma dirədi, ayağını da sinəmə qoydu. Gözüm o əsgərin barmağında idi. Gözləyirdim ki, tətiyi nə vaxt çəkəcək. O dəqiqələri yaşamaq lazımdır. Yaşamasan başa düşməzsən. Onlar məni öldürmək istəmədilər. İstəsəydilər, öldürərdilər. Demək ömrüm qalıbmış».

Ataməli Yadigar oğlunun 140 manatlıq təqaüdündən başqa gəliri yoxdur. 4 uşağı var. Dərmanlarını da özü alır. Baxmayaraq ki, dövlətin onlar üçün ayırdığı aptek var:

«Bizim güzəştləri götürəndən sonra dərman almaq hüququmuz qaldı. Üç-dörd dəfə gedib əliboş qayıdandan sonra daha getmədim. Dərmanlarımı da özüm alıram».

Ataməli Yadigar oğlu deyir özünü şanslı adam sayır. Bir də tarixi gecənin canlı şahidi olmağına görə fəxr edir:

«Heç olmasa, gələcək nəsillərə danışmağa sözüm var».
XS
SM
MD
LG