Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:16

Astarada da İslam Partiyası üzvünün evində silah tapıldığı bildirilir


Vəkilləri iddia edirdilər ki, bu silah-sursat məqsədli şəkildə müdafiə etdikləri şəxslərin evlərinə atılıb
Vəkilləri iddia edirdilər ki, bu silah-sursat məqsədli şəkildə müdafiə etdikləri şəxslərin evlərinə atılıb
Respublika Prokurorluğu da Astara sakini Ruhulla Axundzadənin saxlanması ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, Ruhulla Axundzadə yanvarın 21-də Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir.

«BUNLAR HAMISI SİFARİŞLİDİR»

«Hacı Mövsümü şərləyib tutublar, Hacı Yusifin Gəncədə evindən silah tapıblar. Belə axmaq olduq ki, bunları görüb, silah ola-ola gizlətmədik, açıq-aşkar qoyduq fundamentin içinə. Bunlar hamısı sifarişlidir».

Bunu AzadlıqRadiosuna İslam Partiyasının Astara rayon Təşkilatının sədri Ruhulla Axundzadənin oğlu Məhəmmədəli Axundzadə deyib.

Yanvarın 21-də onların evində axtarış aparılıb. Həyətdəki yardımçı təsərrüfatdan 1 tapança, 4 avtomat, 9 ədəd qumbara aşkar edildiyi bildirilir:

«İki gün əvvəl Baş Prokurorluğa çağırmışdılar, atam dünən oraya getməyə hazırlaşırdı. Amma onlar gəldiyindən gedə bilmədi. Atam dedi ki, söz verin həqiqi axtarış aparacaqsınız. Onlar da söz verdilər. Evə daxil oldular, aşağı otaqdan yuxarı otağa qədər axtarış apardılar. Dini kitab, mərsiyə disklərindən başqa heç nə tapa bilmədilər. Düşdülər aşağı, atama dedilər ki, bizimlə şöbəyə gəlməlisən. Bu vaxt bizə aid olmayan həyətyanı sahədəki yarımtikili, yaşayış olmayan yerdən silah-sursat çıxartdılar. Bizimlə o yerin arasında hasar yoxdur deyə, bizim adımıza qoyurlar».

M. Axundzadə bildirib ki, atası hazırda Astara rayon Prokurorluğundadır.

ASTARADA DA İSLAM PARTİYASI ÜZVÜNÜN EVİNDƏ SİLAH TAPILDIĞI BİLDİRİLİR

İslam Partiyasının Astara rayon Təşkilatının sədri Ruhulla Axundzadənin həyətində silah-sursatın aşkarlandığı bildirilir.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, həyətdəki yardımçı təsərrüfatda 1 tapança, 4 avtomat, 9 ədəd də qumbara aşkar edilib.

Məlumatda həmçinin, orada alışdırıcı, trotil şaşkası və müxtəlif çaplı güllələrin də tapıldığı bildirilir.

Bundan əvvəl də İslam Partiyasının daha bir neçə üzvünün evində silah-sursatın tapılması haqda rəsmi məlumatlar yayılmışdı. Ancaq vəkilləri iddia edirdilər ki, bu silah-sursat məqsədli şəkildə müdafiə etdikləri şəxslərin evlərinə atılıb.

İslam Partiyası dövlət qeydiyyatından keçməyib.
XS
SM
MD
LG