Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:37

Hikmət Carçılı ORHUN "Oğru it" (Hekayə)


Surxay kişi yetmiş yaş yaşamışdı, bu yaşa gəlib çatana kimi də ağlının yarısını salıb itirmişdi.

Onun ömrünün yarıdan çoxu sovet dövründə əlindən çıxıb quş olub havaya uçmuşdu, hürküdülmüş qaranquşlar kimi bir daha geri dönməmək şərtiylə.

O, sovet dövründə bir çox vəzifələrdə işləmişdi, nə bilim ferma müdirindən tutmuş ta “kənd soveti” vəzifəsinə kimi.

Bu adamın sovet dövrü var olan müddətdə heç nədən korluq çəkdiyi olmamışdı. Hər şeydə bəxti gətirmişdi desək, yanıldığımızı üzümüzə vuran olmaz.

Bircə atası Süleyman kişinin bədxahların güdazına qurban getdiyini saymasaq.

Bu söhbət də açıldımı, di gəl dur, dura bilirsənsə Surxay kişinin qabağında.

Nə Stalinin ağzı üzü qalırdı, nə Leninin, nə Stalini gorunda dinc durmağa qoyurdu, nə də Lenini. Bircə mənim o yerdə gülməyim tuturdu bu kişi danışanda ki, deyirdi fağır kişi yaşasaydı indi yüz əlli yaşı var idi.

Elə ki, sən duraydın “Tarixi-nadiri” açıb deyəydin ki, ay bu sovet hakimiyyəti quranların allah evini yıxsın, ölüblərsə, gorbagor olsun, ordan da o yana getsin, xalqımızın qaymaqlarını, ziyalılarını güllənin qabağına qoyub məhv etdi bu hakimiyyət, məhkəməsiz filansız.

Elə bircə dediyin bitkin cümlə bu olacaqdı. Surxay kişi dastan başlayacaqdı ki, balam, Stalin köpəyloğlu haradan biləydi ki, mənim atam və yaxud bir başqası günahkardır ya yox.

Buradan “sukalar”, danosbazlar bir balaca öz xoşlarına gəlməyənlərin, öz xətirlərinə dəyənlərin haqqında qondarma məlumat toplayıb göndərirdilər, o yuxarıda duran köpəyoğlular da işə keçirdirdilər, qoyurdular güllənin qabağına.

Misal üçün mənim atam heç hərf yazmağı da bilmirdi, imza at deyəndə barmağını mürəkkəbə batırırdı, halbu ki, danos yazanlar onun haqqında belə məlumat vermişdilər ki, guya Süleyman kişi dövlət əleyhinə gizli işlər aparır.

Surxay kişini anlamaq olmurdu. O gah sovet hakimiyyətini bu məsələ də günahlandırırdı, gah da rəhbərin heç bir günahı olmadığını deyirdi.

Deyəndə ki, ağsaqqal, bir rəhbərin ki, ölkə daxilində nələr baş verdiyindən xəbəri yoxdur, o nə işə yarayır.

Ölkədə ki, başı pozuqluq olacaqdı, hər kəs öz bildiyini edəcəkdi, daha neynirdim o rəhbəri?

Bu kimi sualları eşidəndə həmişə Surxay kişi bircə bunu deyirdi ki, yaxşı sən deyən olsun!

Bizim hekayəmizin mövzusu o deyil ki, biz Surxay əminin sovet hakimiyyətindən nifrətindən və yaxud sovet hakimiyyətinə hüsnü-rəğbətindən danışaq.

Biz tam başqa bir şeydən danışmaq istəyirik. Əslində bu hekayəni yazmaqda məqsədim sovet hakimiyyətinin dağılmasından heyfislənən Surxay kişinin bu hakimiyyəti dağıdanlara (daha doğrusu sovet hakimiyyəti dağılandan sonra qurulan hazır hakimiyyətə nazir olanlara) nifrətindən və bir hadisəyə şəxsi yanaşmasından danışmaqdır...

Belə ki, Surxay kişinin YAP tayfasından zəhləsi gedirdi.

Həmişə toyda, yasda insanlar nəsə tam başqa bir şeydən danışanda belə, gətirib söhbəti YAP-çıların üzərinə çıxarırdı. Həmişə deyirdi. “Bu zalım uşağı gəldi, mənim qolum qanadım qırıldı.

Həmişə vəzifədə olmuşam, necə deyərlər heç zaman puldan korluq çəkməmişəm. İndi bunlar gəliblər və mənim kimi təcrübəli bir adamı işdən çıxarıb atıblar.

Nədi, nədi Elçibəy hakimiyyətə gələndə mən icra nümayəndəsi olmuşam.”

Əslində onun işdən çıxması haqq işiydi. Həm ona görə ki, köhnə düşüncənin daşıyıcısıydı, həm də yaş ötüb keçmişdi.

Onun yerini yeni kadrlar tutmalıydı əlbəttə ki. Ancaq indi sən gəl bu kişiyə başa sal görüm, necə başa salırsan...

Surxay əmi bütün idarələrin qulağını dəng eləmişdi, ora yazırdı, bura yazırdı. Heç onun yazdıqlarına cavab verən olmurdu.

Müxalifət qəzetlərində çap olunan ara-sıra yazılarını çıxmaqla onun yazdıqları heç yerdə işə keçmirdi.

Müxalifət qəzetləri də ona canı yandığından deyil, YAP-a qarşı faktlar qoymaq, onları bu yolla susdurmaq kimi bir fürsət düşmüşdü əllərinə.

Yazılanları da qarşı tərəf oxuyurdu oxumurdu, onu buraxaq YAP-çıların öz vicdanına...

Surxay kişi harada bir qanun pozuntusu olsaydı, qonşusuyla dalaşsaydı onu müxalifət qəzetlərində siyasi məsələ səviyyəsinə gətirib çıxarardı. Bu kimi dolu ya boş (mən bilmirəm özünüz qərar verin) işlərlə məşğul olardı.

YAP-çı görən gözü yoxuydu. YAP-çı görəndə ağaca dolanmış ilan görürdü elə bil. Əslində bu kişi heç müxalifətçi də deyildi, sadəcə olaraq öz vəzifəsinin arxasınca təəssüflə baxan fağır bəni-adəm idi.

Müxalifət qəzetləri isə belə qanırdılar ki, bu adam müxalifətin tərəfində durur və bunun hər yazdığını bir siyasi-publisistik hadisə kimi qəbul etmək lazımdır.

Surxay kişinin qonşularının onunla davasını YAP-ın müxalifətə qarşı təzyiqi kimi gündəmə çıxarırdılar.

Belə deyək, Surxay kişi yazı-pozuyla gününü keçirirdi...

Surxay kişi yenə adi günlərdən birini yaşayırdı. Kənddə xəbər yayıldı ki, toyuqlara oğru dadanıb. Cinsi, irqi, siyasi mənsubiyyəti bəlli deyil, heyvan olduğu da heç kimin ağlına batmır.

Toyuqlar aparıldıqdan sonra heç bir iz qalmadığına görə cinayətkarın yaxalnıb cinayət məsuliyyətinə cəlb olunması ləngiyirdi.

Bu hadisənin xeyli zaman bundan əvvəl baş verməsinə baxmayaraq hələlik problemin həll olunmasında heç bir irəliləyiş yox idi. Qonşularının xahişiylə Surxay kişi movcud problemə, cinayətkarın axtarışı işinə əl qoydu.

Bir neçə gün də Surxay kişi özü araşdırdı bu məsələni, istintaq araşdırmaları da aparıldı. Lakin belədə də, intintaq araşdırmalarıyla da heç bir uğur əldə edilmədi.

Nə əl izi, nə qan izi olmadığından bu şey təbii ki, mümkün deyildi...

Hər şey yenə də öz qaydasında, daha doğrusu qayda-qanunsuzluğunda idi.

Hər gecənin gələcəyə doğru yol gedən sabahı açılanda bir evdən soraq gəlirdi ki, filankəsin toyuqları da bu gecə yoxa çıxdı, filan, filan filan, filankəsin də toyuqlarının başına filankəsin toyuqlarının başına açılan oyun açıldı.

Hər kəs bu kənddə yaşayan, ömürünü-gününü araq içməklə keçirən, dünyanın ləzzətini araq “butulka”sından süzülüb stəkanına tökülən damlalarda görən Rüstəmdən şübhələnməyə başlamışdı son günlər. Ancaq heç kim onu cinayət üstündə tutmadığına görə o qədər də açıb ağartmırdı.

Belə də olmazdı axı, hər gün eyni şey, hər gün eyni dərd . Bu qədər də toyuqmu bada vermək olardı, heç yerdə görünməmiş bir zad idi bu.

Belə getsə, kənddə bir dənə də olsun toyuq qalmayacaqdı, bir dənə də olsun xoruz qalmayacaqdı ki, banlayıb da kənd camaatını yuxudan oyada.

Tez bir çarə tapmaq lazım idi...

Günlər payızda ağacdan sökülüb tökülən saralmış yarpaqlar kimi bir-bir ötüb keçirdi.

Nəhayət...

Nəhayət, növbət gəlib Surxay kişinin toyuqlarına da çatdı.

Bu məsələ əvvəl Surxay kişinin bir o qədər beyninə batmasa da, növbət onun toyuqlarına çatanda bu işin artıq böyüməyinin fərqinə vardı. Səbri daşdı Surxay kişinin.

Bu gecə onun toyuqlarından birini, daha doğrusu onun toyuqlarının nəsil artıranını götürüb aparmışdı, dördayaqlı ya ikiayaqlı olub olmadığı məlum olmayan oğru.

Kənd camaatını başına yığıb məsləhət məşvərət apardı ki, gəlin görək bu oğru köpəyoğlunu və yaxud köpəyoğlunun itidi pişiyidir hər nəyidirsə, onu necə tutub cəzasına yetirə bilirik.

Camaat yığıldı. Birinci məsləhət bu oldu ki, gəlin polisə məlumat verək. Surxay kişi fikirləşdi ki, birdən bu oğru köpəyoğlu YAP-ın adamı olar, polis də onun cəzasına çatdırılmasına can yandırmaz, bir-iki toyuq da özünə götürüb azad buraxar oğrunu.

Bu nəinki Surxay kişinin ürəyindən deyildi, hətta bir neçə polisə ürəyi yanan insanların da ürəyindən olmadı. Onlar fikirləşdilər ki, bir kiçicik məsələdən ötəri niyə polisləri narahat edək axı? Elə bu məsələni özümüz də həll edə bilərik.

Surxay kişi gördü ki, belə getsə, bu iş çox çəkəcək. Qollarını çırmayıb özünü atdı işə, buyurdu görək nə dedi. “Ay camaat, mən belə bir təkliflə çıxış etmək istəyirəm gəlin, növbəylə mənim toyuq damımın qapısında keşik çəkək. Və beləliklə yəqin ki, oğrunu tapıb cəzasına çatdıra biləcəyik.”

Hər kəs bu təklifə şərik çıxdı. Və başladılar növbət çəkməyə...

Birinci gecənin yarısında sabaha doğru gedən saatlarda ( təxminən saat üçdə) növbət sırası Surxay kişiyə çatdı. Surxay kişi sabaha yaxın havanın soyuduğunu bildiyindən əyinini qalın geyindi ki, soyuq onun canına dəyməsin.

Surxay kişi işıqları söndürülmüş həyətində tək-tənha oturub gələcək oğrunun yolunu gözləməyə başladı, səbirsizliklə.

Hər kəs, onun yaşında olanların hamısı evində şirin-şirin uyuduğu halda Surxay kişi bayırda soyuq havanın ağuşunda əlləri qoynunda otururdu.

Bir stəkan çay içməyə belə getmirdi ki, birdən oğru gəlib gedər yaxalaya bilmərəm, kənd camaatı deyər ki, ay kişi özgə vaxtı deyirsən ki, “mən belə, mən elə” bir neçə saatlıq növbəyə dözə bilmədin.

Elə bu vaxt dərin bir ah çəkdi “Bir oğlum ya qızım da olmadı ki qulluğumda duraydı”.
Bəli, Surxay kişini bu sözləri deyən zaman görsəydiniz, inanın ki, kövrələrdiniz.

Ona görə ki, Surxay kişi oğul uşaq sahibi ola bilməmişdi. Sonsuz idi. Harada bir uşaq görsə ürəyindən gizli bir sızıltı keçərdi.

Taleyin ona belə bir həyat bəxş etməsindən narazı idi. Amma bəlkə də övladı olmadığını ilk dəfə idi ki, bu səviyyədə faciə şəklində yadına salıb köks ötürürdü.

Yəni bəlkə ömründə bu qədər böyük ehtirasla övladı olmasını arzu etməmişdi.

Həyat yoldaşı isə onu vaxtından əvvəl tərk etmişdi, dünyasını dəyişmişdi və azı qırx il olardı ki, hər gecə başını yastığa qoyanda sağ yanının boş olduğunu görüb üşüyürdü. Yalnız uyuyurdu hər gecə.

Bəlkə də onun hər şeyə yuxarıda dediyimiz kimi bu qədər aqressiv yanaşmasının səbəbi onun təkliyiydi.

Ancaq bəlkə... heç kim bu kişinin hər şeyə bu qədər aqressiv yanaşmasının konkret səbəbini bilmirdi. Xülasə...

Azı iki saat olardı ki, Surxay kişi növbətdəydi.

Birdən darvaza tərəfdən bir səs eşitdi. Nəsə qaranlıq bir şey oğrun-oğrun qapıya tökülmüş xırda daşların üzərində ona sarı irəliləyirdi. Surxay kişi bir balaca qorxdu.

Amma özünü toplayıb səbrini boğdu və oturduğu yerdə cınqırını çıxarmadan gözlədi, naməlum cinsə, irqə aid oğrunu...

Bir azdan toyuq damının ağzında qara, ala-bula qulaqlı bir it göründü.

Surxay kişi bu iti tanıdı. Bu it Bayram dayının iti idi. O Bayram dayının ki, hər gün Surxay kişi ilə çay evində bir-birilərini yeyirdilər.

Surxay kişi Bayram dayı ilə ona görə yola getmirdi ki, bu adam bir neçə il bundan qabaq məktəbdə məcburi, icra hakimiyyətinin adamları tərəfindən təhdid olunaraq YAP-a üzv yazılmışdı.

İndi Bayram dayı YAP cərgələrinə o dərəcədə alışmışdı ki, hər gün Surxay kişi ilə dava etmək bahasına belə olsa oradan ayrılmaq istəmirdi... Ancaq bir az yalnış danışdım deyəsən.

Ona görə ki, Bayram dayı YAP-dan ayrılmaqdan çox, işdən ayrılmağından qorxurdu.

Qorxurdu ki, birdən onu işdən atarlar və bu neçə illik əziyyəti, “stajı” heyif olar...

Hə ora gələk ki, Surxay kişi əlindəki ağacı itin arxasınca atıb onu vurmaq istədi. Lakin ağac ünvanına yetmədi. İt qaçıb canını qurtardı. Kişi təəssüf eləməliykən sevindi, sevindi ki, elə yaxşı oldu. Səhər açılar. İti öldürərik.

Səhər açıldı.

Surxay kişi bütün kənd camaatına bəyan etdi ki, “ay camaat bu Bayramı hamınız yaxşı tanıyırsınız eləmi, bəli, bəli tanıyırsınız.

Və bilirsiniz ki, o adamın mənə münasibəti elə də yaxşı deyil. Özünün mənə qarşı münasibətinin yaxşı olmadığı bəs deyilmiş kimi iti də mənə qarşıdır. Dünən axşam növbət çəkdiyim vaxt, saat beşə yaxın gördüm ki, nəsə gəlir, gəldi, gəldi, gəldi... bir də gördüm bu Bayram kişinin tulası.

Cin vurdu təpəmə. Demək, bu adam iqtidarın adamı olduğu üçün iqtidar özünü hər şeydə hər kəsdən bir addım irəli olduğunu göstərdiyi üçün, bu adam da itini bizə qarşı yönəldir ki, bizim toyuqlarımızı yesin və bu Bayram əkə bizdən bir addım irəli olsun. Ay hay! Ölmüşdü Surxay kişi, baş tutmadı kələyin.”

Bayram kişi də eşidirdi bunları “Ay Surxay, hər ağlına gələni danışma, mən it dili bilirəm ki, iti yönəldim və sənin toyuqlarının canına salım?

Vallah, itin dilini bilsəydim, sənin üstünə göndərərdim və beləliklə səndən canı qurtarardı bu kənd camaatının... İtdi də, nə biləydim ki, bu qudurmuşdur kənddə toyuqların canına calanan.

İndi gedib öldürərəm.”

Və Bayram kişi dediyi kimi də etdi. Kənd camaatının gözünün qabağında yabaya çaxdı iti...

Bu itin ölməsi kənddə hamının sevincinə səbəb oldu. Düzdür, itin öldürülməsini bəziləri qəddarlıq kimi qarşılayıb bu fikrə etiraz edənlər, itin gözlərindən axan yaşı görüb kövrəlməkdən özlərini saxlaya bilməyənlər olsa da. Ancaq it öldükdən sonra hamı rahatlaşdı...

Bircə Surxay kişidən başqa. O itin öldürülməsini məlum işin ört basdır olunması kimi qələmə verib polisə şikayət etdi.

Polislərsə, Surxay kişini qeyri-ciddilikdə, polisləri dolamaqda suçlandırıb – həm də mövcud vəziyyəti dəyərləndirib – cərimə etdilər.

Bundan sonra isə Surxay kişi hüquqlarının tapdandığını görüb və şifahi şikayətlə heç bir şey əldə edə bilməyəcəyini görüb qələmə sarıldı. “Müsavat” qəzetinə yeni bir məktub yazdı...

Məktubdan bir neçə cümlə...

“...Kəndimizdə müəllim işləyən Bayram kişi məni “əlacım olsaydı itimi sənin üstünə göndərərdim, səni parçalasın və kənd camaatının səndən canı qurtarsın” deyə təhdid etdi, itini mənim üstümə yönləndirməmişdən qabaq kənd camaatının toyuqlarının üstünə göndərmişdi və iti öldürdü ki, cinayət bağlı qalsın.

Bununla bağlı polisə məlumat vermişdim ki, bu adama bir əncam qılsınlar ancaq ki, onlar mənim müxalifətçi olduğuma görə, qarşı tərəfin YAP-çı olduğuna görə işi araşdırmaqdan boyun qaçırmaq üçün məni qeyri-ciddilikdə, polisə yalan satmaqda suçladılar. Belə olan halda biz hansı demokratiyadan danışa bilərik?!...”
XS
SM
MD
LG