Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:10

Nuridə Atəşi Betti Bleyerə cavab verdi


Nuridə Atəşi
Nuridə Atəşi
“Betti Bleyerin101 səbəbi sərsəmləmələrdən, cəfəngiyyatdan və Əsəd bəyə böhtan atmalardan ibarətdir”.

Bu sözləri AzadlıqRadiosunun “Can Bakı” proqramına qatılan şairə və araşdırmaçı Nuridə Atəşi səsləndirdi.

BLEYER FALÇILIQ EDİR

Onun qənaətincə, Betti Bleyer Azərbaycan dövlətindən həm maddi, həm mənəvi dəstək alan bir lobbiçi kimi ona edilən etimadı doğrultmayıb: “Qeyri-obyektiv, faktlara, sübutlara deyil öz mülahizələrinə, fərziyyələrinə, saxta uydurmalara və bir də danosçuların bəd əməllərinə haqq verərək qeyri-ciddi və gülünc bir araşdırma ortaya çıxardı”.

ELƏ ET Kİ, SONDA ÇƏMƏNZƏMİNLİ ÇIXSIN?!

Nuridə Atəşinin dediyinə görə, tədqiqata başladığı zamanlarda Çəmənzəminli tərəfdarları onu çağıraraq tələb eləyiblər: “Biz istəyirik ki, sən elə tədqiqat aparasan ki, “Əli və Nino” romanının müəllifi sonda Çəmənzəminli çıxsın”.

N.Atəşi xanım Bleyerin bir vaxtlar yazdığı kimi, “vicdanlı tədqiqatçı olmağa” çalışaraq tədqiqatın izi ilə getdiyini deyir: “Sübut elədim ki, “Əli və Nino” romanının əsl müəllifi tam əksinə Əsəd Bəydir. Qurban Səid məhs onun təxəllüsüdür. Və bu gün tamamilə də əminəm ki, romanın gərçək müəllifi məhz Əsəd bəydir”.

HƏVƏSKAR TƏDQİQATÇI?

Bir dinləyicimizin onu “həvəskar tədqiqatçı” adlandırmasına münasibət bildirən Nuridə xanım bunun qətiyyən doğru olmadığını dedi: “Mən yeganə azərbaycanlı tədqiqatçıyam ki, Almaniyada, İsveçrədə, İtaliyada olan bütün arxivlərdə işləmişəm. Betti Bleyerin mənim hansı arxivlərdə işlədiyimdən xəbəri də yox idi”.

YÜZ İLİN SİRLƏRİ NECƏ AÇILDI?


Qonağımız ilk dəfə Əsəd bəylə bağlı arxiv sənədlərini Azərbaycana özünün gətirdiyini də qeyd etdi: “Onları “Yüz ilin sirləri” kitabında çap etdirdim. Hətta Əsəd bəyin “Sevgidən bixəbər kişi” romanından 20 səhifəni də tərcümə edib o kitabda vermişəm. Betti Bleyer bunları danır”.

ƏSƏD BƏYİN PEŞƏKAR ARAŞDIRICISIYAM

Tədqiqatlarının üç cilddən ibarət olacağını deyən N.Atəşi maddi imkanı olmadığından ikinci hissəni yaza bilmədiyini vurğuladı: “Araşdırmalarımı imkanım daxilində təkbaşına davam etdirirəm”.

BETTİ BLEYERİ NƏ VADAR EDİR Kİ...

Aparıcının “Azərbaycanlı olmayan Betti xanımı nə vadar edir ki, “Əli və Nino”nun müəllifinin Y.V.Çəmənzəminli olduğunu sübut etməyə çalışsın” sualı belə cavablandı:

“Bleyer bilir ki, Azərbaycan xalqı Qarabağ və milli məsələlərdə çox həssasdır. O, bundan çox məharətlə istifadə edərək Əsəd bəyi qeyri-millət, hətta ermənipərəst, Azərbaycanı sevməyən, Qarabağ həqiqətlərini erməni mövqeyindən təsvir edən bir yalançı, saxtakar, plagiat kimi Azərbaycan xalqının gözündən salmağa cəhd göstərir”.

Nuridə xanım Betti Bleyerin Azərbaycanda güclü dəstəkçiləri olduğunu söylədi: “O maddi kanalların bağlanmasından qorxur”.

YUSİF VƏZİR SAĞ OLSAYDI...

N.Atəşi romanı əsl müəllifinə vermək gərək olduğunu təkrarladı: “Əminəm ki, Yusif Vəzir sağ olsaydı, bunlardan xəcalət çəkərdi. Çəmənzəminli təkcə “Qızlar bulağı” ilə özünə heykəl qoyub. Onun başqasınını yazdığına ehtiyacı yoxdur”.

HİLAL MÜNŞİ ƏSƏD BƏYDƏN DONOS YAZIB?

B.Bleyerin tədqiqatlarında əllə tutula biləcək, gözlə görüləcək fakt ortaya qoymadığını deyən qonağımız onun ən böyük istinadgahının Hilal Münşi olduğunu bildirdi: “Şərqdə neft və qan” əsəri çıxandan sonra Hilal Münşi paxıllıqdan Əsəd bəylə bağlı gestapoya donoslar yazıb. Mən “Yüz ilin sirləri” kitabımda bunların hamısını vermişəm”.

Aparıcının: “Almaniyadaki Azərbaycan mühacirətinin ən üzdə nümayəndəsi olan Hilal Münşiyə nə düşmüşdü ki, gestapoya Əsəd bəydən yazsın” sualının cabvabında qonağımız dedi: “Hilal Münşi qatı millətçi idi. Amma Əsəd bəy millətçi deyildi. Əsəd bəy kosmopolit idi. O, dünya vətəndaşı idi”.

MARŞALLEK FİLMİ TAMAMLAYIB

“Araşdırmalarımı imkanım daxilində təkbaşına davam etdirirəm”
N.Atəşi tədqiqatçının alman dilini bilmədən o dildə yazan bir yazıçını necə tədqiq etdiyini anlamadığını da söylədi: “Bu, gülüncdür. Mən elə bu üzdən Betti Bleyeri ciddi tədqiqatçı saymıram. Çünki nə alman, nə rus, nə də Azərbaycan dilini bilir. Bu cəhətdən mən Əsəd bəy barədə film çəkən Ralf Marşalleki daha ciddi tədqiqatçı hesab edirəm. O bütün arxivlərin içindədir. Düz 5 ildir ki, filmi çəkir. Artıq tamamlayıb. Yəqin ki, o da bu gülünc tədqiqatlara aydınlıq gətirəcək”.

ƏSƏD BƏY TƏKCƏ MƏNİM DEYİL Kİ?

Əsəd bəyin son əsərini - “Sevgidən bixəbər kişi” romanını tamamilə tərcümə etdiyini bildirən Nuridə xanım imkansızlıq üzündən onun çapının ləngidiyini dedi: “Yeganə azərbaycanlıyam ki, bu əsəri oxumuşam və dilimizə çevirmişəm. Mən bunu Əbülfəs Qarayevə də söylədim. O dedi ki, əgər nazirliyin parası olmasa da, mən cibimdən verib bu romanı çap etdirəcəyəm. Bəs hanı? Üstündən 4 il keçir”.

N.Atəşi bir yandan pul tapıb bu kitabı çap etdirə biləcəyini istisna etdi: “Niyə? Əsəd bəy təkcə mənim deyil ki? Əsəd bəy bütün Azərbaycan xalqınındır. Əsəd bəyə dövlətin sahib çıxması lazımdır. Belə gülünc tədqiqatlara pul tapılır, kitabın çapına yox? Betti Bleyerin pulu hardandır ki, bu qalınlıqda jurnalı çap etsin?”.

ƏSƏD BƏY AZƏRBAYCANI SEVMİRDİ?

Xanım Bettinin Əsəd bəyi Azərbaycanı sevməməkdə suçladığını və onun 144 məqaləsinin heç birində bu ölkəni xatırlamadığını yazdığını deyən Nuridə Atəşi ona “Yüz ilin sirləri” kitabını bir də oxumasını məsləhət gördü:

“Əsəd bəy 1928-ci ildə Cümhuriyyətin10 illiyi münasibətilə “Der deutsche Spiegel” qəzetində “Azərbaycan Demokratik Respublikası” adlı bir məqalə yazıb. Məqalə başdan-ayağa ürəyi müstəqil Azərbaycan dövlətinin, demokratiyasının yolunda çırpınan bir adamın qələmindən çıxıb”.

- Əsəd bəy məqaləsində nə yazırdı ki, Nuridə xanım aparıcıdan “Azərbaycanın düşməni belə yazı yazardımı”-deyə dəfələrlə sordu?
--Dünyanın ən çox çap olunan “Əli və Nino” romanı haqqında Nuridə xanım daha nə dedi?
--Əsəd bəyin dünyada cəmi ikicə nüsxəsi olan “Sevgidən bixəbər kişi” romanı Nuridə xanımın əlinə necə düşdü?
--Əsəd bəyin doğmaca xalası oğlu ilə Parisdə görüşən Nuridə Atəşi onunla söhbəti necə kasetə yazdı? Xaloğlu Əsəd bəyin müsəlman olduğunu, gündə 4 dəfə namaz qıldığını Nuridə xanıma necə danışdı?
--Qonağımız Əsəd bəyin son günlərində yanında olan Cəmil Vakkanın qızları ilə niyə görüşmək istəyir?
--Nuridə Atəşi Əsəd bəylə bağlı daha hansı ölkələrdə xatirə lövhəsi qoymaq istəyir?
--Qonağımız İtaliyadakı Azərbaycan səfirliyinin ötən həftə Əsəd bəyin uyuduğu Pozitano şəhərini və yazıçının məzarını ziyarət etməsini necə qarşıladı? Əsəd bəyin məzarının Azərbaycana gətirilmə ehtimalını niyə etirazla qarşıladı?
--Yazışılar Birliyini nədə suçladı?
--“Bu işin axırı necə olacaq”- deyə soruşan Sankt-Peterburqlu dinləyicimizin sualını necə cavabladı?
--Əsəd bəy ölüm yatağında yazdığı “Sevgidən bixəbər kişi” romanında İçərişəhərin Qala divarlarını necə təsvir edirdi? Nuridə xanım nədən o romanı “ağı” adlandırdı?...

Ən yaxşısı, verilişi dinləməkdir.


XS
SM
MD
LG