Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:09

Davos forumunda iştirak azı 71 min dollardır


“İsveçrənin dağ kurortu Davos ildə bir dəfə hakimiyyətin, pulun, nüfuzun cəmləndiyi məkana çevrilir.”

Bunu Britaniyanın “İndependent” qəzeti yazır.

Davosda 5 gün çəkəcək Dünya İqtisadi Forumunda 30-dan çox dövlət başçısı, 1400 biznes lideri, bank prezidentləri, alimlər, beynəlxalq təşkilatların rəhbərləri, media nümayəndələri iştirak edir.

Foruma Azərbaycan prezidenti İlham Əliyev də gəlib.

YERİ GƏLMİŞKƏN, QİYMƏTLƏR

New York Times yazır ki, Davos Forumuna dəvət almağın qiyməti 50 min frankdır. Bu da təxminən 52 min dollardır. Ancaq dəvətnamə azdır, gərək bilet alasan, bunun qiyməti isə 19 min dollardır.

Qəzet yazır ki, bu 71 min dolları ödəmək yalnız Davos Forumunda iştiraka imkan verir. Özəl müzakirələrə qatılmaq üçünsə, gərək "Sənaye Assosiasiyası" adlı klubun üzvü olasan. Bunun da qiyməti 137 min dollardır... Üstəgəl bilet - 19 min dollar.

QAYDA HAMI ÜÇÜNDÜR

41-ci dəfədir ki, keçirilən forumun bu ilki şüarı “Yeni reallıq naminə normaların bölüşdürülməsi”dir.

Forumun yaradıcısı və təşkilatçısı Klaus Şvabın izahı belədir ki, bu şüar dünyadakı arzunu ifadə edir- böyük güclər, istər dövlətlər, istər banklar hamı ilə və öz aralarında eyni dəyərlərə və qaydalara riayət etsinlər.

Dünyanın yeni reallıqları haqda isə Şvab deyir:
Klaus Schwab


“Çinin, Hindistanın iqtisadi güc kimi peyda olmasını götürün. Sosial medianın yaranmasının nəticələrinə baxın. Sosial media, yeni iqtisadi güclər – bunların hamısı siyasəti də dəyişir.
Dünyadakı borc problemini ya da işsizlik problemini götürün. Bütün bunlar yeni reallıqdır”.

Forum təşkilatçılarının dediyinə görə, dünyada güc nisbətlərinin dəyişməsinə bir misal elə forumda iştirak edən ölkələrin təmsilçilərinin sayıdır.
10 il əvvəllə müqayisədə Davos Forumunda Çin təmsilçilərinin sayı 5 dəfə artıb, Hindistan təmsilçiləri isə 4 dəfə çoxalıb.

Davos Forumunda bu il müzakirə olunacaq əsas məsələlər isə Avropa ölkələrinin borcları, sürətlə inkişaf edən iqtisadiyyatlarda inflyasiya, eləcə də dünyadakı kasıblıq, gəlirlərin bərabər bölüşdürülməməsi kimi problemlər olacaq.

Davos Forumu həmçinin Risklərə Reaksiya Şəbəkəsi adlı layihəsini təqdim edəcək. Bu proqramın məqsədi risklə üzləşən hökumətlərə, şirkətlərə kömək göstərməkdir.

NİYƏ MƏHZ DAVOS?

Davos Forumunun digər toplantılardan fərqi nədir?
Əvvəla, İndependent qəzetinin yazdığı kimi 2 min alim, biznesmen, ölkə prezidenti, jurnalist, aktyor heç vaxt , heç yerdə belə toplaşıb söhbət edə bilmirlər.

Şvab Reuters agentliyinə deyir:

“Davosda əsas olan odur ki, bütün problemlər müstəqil şəkildə, sistemli müzakirə olunur. Mən demək istəyirəm ki, bizim dünya hələ də həddən artıq strukturlaşdırılıb, bir məsələ ortaya çıxanda onun həllinin idarələr formatı çox güclüdür, məsələn, ticarətlə bağlı problemi həll edəndə gərək Dünya Ticarət Təşkilatından razılıq alasan, səhiyyə ilə bağlı gərək Dünya Səhiyyə Təşkilatına üz tutasan. Sonda isə idarələr problemi bir-birlərinə ötürməklə məşğul olurlar”.

DAVOS BU DƏFƏ OPTİMİSTDİR

İndiki Davos Forumu iştirakçıları 2 il əvvəllə müqayisədə qat-qat optimistdirlər. Foruma gələn biznes liderləri arasında keçirilmiş sorğuya görə, onların optimizmi dünya maliyyə böhranı başlanana qədər olan səviyyədədir.

Şirkət rəhbərlərinin çoxu 2011-ci ildə risklərə baxmayaraq əhəmiyyətli iqtisadi artım gözləyirlər.

Sonda onu da qeyd edək ki, Davos Forumunun təhlükəsizliyini polisdən başqa 4 min əsgər qoruyur.
XS
SM
MD
LG