Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:48

«İnternetlə bilet, hətta kofe sifariş etmək olacaq»


Nadir Əzməmmədov
Nadir Əzməmmədov
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzadlıqRadiosu dinləyicilərinə bunları vəd edir.

«Dəmiryolda qiymət artımını sürpriz saymaq olmaz!»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov söylədi.

DƏMİRYOL TƏSƏRRÜFATINI SAXLAMAQ LAZIMDIR

«Can Bakı»nın «Dəmiryol xidməti niyə bahalandı?» mövzusunda açdığı müzakirəyə qatılan mətbuat sözçüsü Tarif Şurasına dəfələrlə müraciət etdiklərini diqqətə çatdırdı:

«Bu sistemdə yeni tariflər 14 il əvvəl qəbul olunmuşdu. Ölkədə bu müddət ərzində bütün xərclərin—yanacaq, su və kommunal xərclərin artmasına baxmayaraq, dəmiryol xidməti köhnə tariflərlə xidmət göstərirdi. İnsanları, belə demək mümkünsə, yola verirdik. Artıq bu, dözülməz hala gəlib çatmışdı. Təsərrüfatı saxlamaq lazım idi».

ÇALXALANAN DÜNYADA QİYMƏT ARTIMI?

Aparıcının: «Dünyada baş verən siyasi çaxnaşmalar fonunda bu bahalaşma yersiz görünmürmü»-- sualına cavabında qonağımız dedi:

«Mən ancaq öz təsərrüfatımız haqda danışa bilərəm. Dəfələrlə Tarif Şurasına müraciət etmişdik. Şura etiraz etmişdi, yenidən işlənməyə göndərmişdi. Bu barədə məlumatlar mediada da yayılmışdı. İnsanlar bilirdilər ki, bu, baş verəcək. Vaxt tamam oldu və tariflər qalxdı».

NİYƏ QATARLARIN TƏMİZ OLMASINI İSTƏYİRLƏR?

Nadir Əzməmmədov əhalinin qatarların təmiz, effektli və rahat olmasını tələb etdiklərini bildirdi:

«Bəs onda burada çalışanlar da dolanmalıdır, ailələrini saxlamalıdır. Gərək gəlirli olsun ki, təsərrüfatı inkişaf etdirə bilək».

QİYMƏTLƏR 10-15 İL ARTMAYACAQ?


Mətbuat katibi qiymətlərin birdən-birə ikiqat bahalanmasına da münasibət bildirdi:

Yeni qiymətlər 10-15 ilə hesablanıb
«Düzdür, arada böyük fərq var. Tarif Şurasına hər dəqiqə müraciət etmək olmur. Bu, 10-15 ilə hesablanıb. Qiymətlər elə götürülüb ki, biz işimizi tənzimləyə bilək».

MƏTBUATA AÇIQ TƏŞKİLATIQ


Nadir Əzməmmədov təmsil etdiyi qurumun mətbuata açıq olduğunu da vurğuladı:

«Gəlirlərimiz, daşınan yüklər haqqında daim məlumat veririk. Heç nəyi gizlətmirik. Nəyimiz varsa, aşkarlıqdadır. Fikrimcə, idarəmiz öz təbliğatını yetərincə aparır və sərnişinlərə gərəkli xəbərləri çatdırır. Deyərdim ki, Dəmiryol İdarəsi kimi mətbuata açıq idarə yoxdur».

25 YENİ VAQON ALINACAQ


Nadir Əzməmmədov 2010-2014-cü il Dövlət Proqramına əsasən, sərnişindaşımada 25 yeni vaqonun alınmasının gözləndiyini dedi:

«20 vaqon əsaslı təmir ediləcək. Xaricdə əsaslı təmir olunan 5 vaqon artıq ölkəyə gətirilib. Bakı Vaqon Deposu yenidən qurulacaq. Yaxın vaxtlarda sərnişinlər özləri bunun şahidi olacaqlar».

--Dəmiryol işçiləri nə qədər maaş alırlar? Qiymətlərin artması işçilərin əmək haqqına təsir edəcəkmi?

--Dəmiryolunda qiymətlərin artmasına ancaq 3 şərtlə razı olacağını bildirən dinləyicinin tələbi necə qəbul olundu?

--Ölkə daxilində daha hansı istiqamətlərdə kompüterləşmə tətbiq olunacaq?

--Mərkəzləşmiş bilet satışı sistemi nə vaxtdan işə düşəcək?

-- Bəs evdə oturub, internetdə kofe də daxil, bilet sifarişi nə zaman gerçəkləşəcək?

-- Bakıətrafı elektrik qatarlarının taleyi necə olacaq?

--Dövlət Proqramında daha nələr nəzərdə tutulur?

--Gələcəkdə işə düşəcək Bakı-Tbilisi-Qars dəmiryolunda hansı hazırlıq işləri aparılır?

«Can Bakı»nı dinləsəniz, bu suallara cavab ala biləcəksiniz.

XS
SM
MD
LG