Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

«Hökumət Misirdə, Tunisdə baş verənlərdən qorxur»



İŞDƏNÇIXARMA KAMPANİYASI

Son üç gündə Azərbaycanın nazir və komitə rəhbərləri ard-arda operativ müşavirə və toplantılar keçirirlər. İşində səhvə yol verən əməkdaşları işdən çıxarır, cəzalandırır, töhmət verirlər.

Bütün bunlar Prezident Administrasiyasının rəhbərt Ramiz Mehdiyev yanvarın 27-də Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirəndən sonra baş verir.
Prezidentin tapşırığı ilə keçirilən toplantıda Ramiz Mehdiyev neqativ halların Azərbaycanın işgüzar nüfuzuna xələl gətirdiyini deyib. O bildirib ki, qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalıdır.

Birinci xəbər Əmlak Məsələləri Dövlət Komitəsindən gəldi. Komitədən verilən məlumata görə, neqativ hallara yol vermiş 15 nəfər işdən azad edilib, 40-a yaxın işçiyə qarşı ciddi tənbeh tədbirləri görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gələn növbəti xəbərdə deyilir ki, işdə nöqsana yol verdiyinə görə bu il 2 nəfər vəzifədən kənarlaşdırılıb. Ötən il isə 116 nəfərə töhmət verilib, 34 nəfərə xəbərdarlıq edilib. 1 nəfər barədə hüquq mühafizə orqanlarına müraciət olunub.
İqtisadi İnkişaf Nazirliyində işdən çıxarılan olmasa da, fevralın 1-də kollegiya iclası keçirilib.

«BU KAMPANİYADIR, KORRUPSİYA İLƏ MÜBARİZƏ DEYİL».

Nazirlər Kabientinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev belə deyir. Hökumətin son addımlarını şərh edərkən.
«Əvvəla o çıxardıqları adamların adını, familiyasını, tutduğu vəzifəni desinlər ki, görək onlar nə səviyyədə korrpsionerdir. Bəlkə 50 manat götürüb, deyiblər ki, korrupsionerdir. Dekorasiya qurulub. Aktyorlar tapılıb cəzalandırılmalıdır. Amma öncə bu işin ssenaristindən, ideoloji rəhbərlərdən başlamaq lazımdır. Yəni bununla məşğul olmaq üçün həm siyasi iradə olmalıdır, həm effektli mexanizm olmalıdır».

«TƏCİLİ BURDA ƏHALİYƏ GÖSTƏRİRLƏR Kİ...»

Oqtay Haqverdiyev hökumətin korrupsiya ilə bağlı tələm-tələsik kampaniyaya başlamasının səbəblərini də izah edir. İqtisadçıya görə, görünür, Yaxın Şərqdə baş verənlər hökuməti tərpədib.

«Tunisdir, Misirdir, başqalarıdır, hamısında aləm qarışıb. Həmin ölkələrdə rüşvətxorluq baş alıb gedir. Ona görə də təcili burda əhaliyə göstərirlər ki, biz də mübarizə aparırıq, müşavirələr keçiririk. Amma nəticə olmalıdır. Konkret bilinməlidir, mübarizə gedir. Yoxsa xırda-xuruş 15 nəfər işdən çıxarılıb. Onu da axtarsan gülməli adamlar otraya çıxacaq».

BAYRAQ QÜLLƏSİNİ KORRUPSİYA ƏYDİ?

Hökumət korrupsioner məmurları cəzalndırdığı bir vaxtda Bakıda Bayraq Qülləsi əyildi. Maraqlıdır ki, bəziləri burda da korrupsiya izi axtarır. Uzağa getməyək, bu xəbəri oxuyan saytımızın istifadəçilərinin çoxu qüllənin əyilməsini də korrupsiya ilə bağlayırlar. Şərhlərdən birində deyilir:
«Bu 20 milyonu hara xərcləyiblər görəsən?»
«Hara xərcləyəcəklər ciblərinə».

Bayraq Qülləsini korrupsiya əydi ya yox, bunu deyə bilmərik. Amma iqtisadçı Məhəmməd Talıblı deyir ki, Azərbaycanda gerçəkləşdirilən bir çox layihələrdə korrupsiya izi var. Bəzən də bu layihələr korrupsiya, böyük vəsaitləri mənimsəmək məqsədilə nəzərdə tutulur.

«Artıq iki ilə yaxındır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yığışmamışdı. Birdən-birə nələrsə baş verir. Hüquq-mühafizə orqanları ilə bağlı narazılqılar yaranır və bu durumda yadlarına düşür ki, belə komissiya var. Onun simvolik olaraq toplanmasına zərurət var».

Məhəmməd Talıblı deyir ki, bu iclasdan sonrasa bəsit addımlar atılır. Bir neçə adamı korrupsiyada ittiham edib işdən çıxarmaq çıxış yolu deyil. O hesab edir ki, bu cür addımlar təsir gücünə malik olmayacaq.
Beynəlxalq “Transparency İnternational” təşkilatının hesabatına görə, Azərbaycan korrupsiyanın səviyyəsinə görə, 178 ölkə arasında 134-cü yerdədir. Ötən illərlə müqayisədə korrupsiyanın səviyyəsi azalmayıb.
XS
SM
MD
LG