Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

Heyvanların qənimi «qırlı göl» indi muzeydir


Bakının Binəqədi qəsəbəsində yerləşən, vaxtilə heyvanların qəniminə çevrilən «qırlı göl»ün indi izləri var, isti havalarda bəzi yerlərdə qır əriyib yapışqan olsa da, daha ona ayaq basanın qəniminə çevriləcək qədər təhlükəsi yoxdur.

Binəqədi eşşəyinin də nəsli kəsilib

İndi açıq muzey kimi qorunan bu əraziyə nəzarət edən Bayram Əhmədov bizə arxeoloqların göldən tapıb çıxardıqları heyvan sümüklərini göstərir:

- Bax, bu vəhşi öküzün sümükləridi. Bu da gərgədandır. Gəlib muzeyə aparacaqlar.

Elmlər Akademiyası Geologiya İnstitutunun Təbiət Tarix Muzeyinin direktoru Tariyel Heybətov deyir ki, qazıntılar zamanı bu ərazidən tapılan minlərlə heyvanın sümüyü indi onlarda saxlanır. İndiyə kimi tapılan heyvan sümükləri Azərbaycanın qədim faunasından xəbər verir:
- Binəqədi gərgədanı, mağara kaftarları, mağara şirləri yaşayıb, indi nəsli kəsilib onların. Binəqədi eşşəyi də olub, onun da nəsli kəsilib. Müasir dövrdə eşşəyin yabanı növünə rast gəlinmir. Tapılan heyvan sümüklərinin geoloji yaşı 70 min, 280 min il bundan əvvələ gedib çıxır.

«Heyvan qəbiristanlığı»

Tariyel Heybətov deyir ki, Binəqədidə vaxtilə böyük bir ərazidə qırlı göl varmış və içməli su kimi göründüyündən susayan heyvan burdan su içmək istəyəndə batıb qalırmış, ət yeyən heyvanlar üçün də o, əla yem kimi görünürmüş. Beləliklə, burda əməlli-başlı heyvan qəbiristanlığı yaranıbmış.
«Azərbaycan arxeologiyası – Daş dövrü» kitabında göstərilir ki, Binəqədi qır yatağından tapılmış heyvan sümükləri arasında Qobustan qayalarında təsviri olan, “Məstənzadə öküzü” adını almış ibtidai öküzlərin sümükləri var.

İndi Binəqədi qəsəbəsi başdan-ayağa yaşayış məskənidir. Muzey kimi qorunan və hasara alınan bu ərazini isə 1938-ci ildə tələbə-geoloq A.Məstənzadə kəşf edib və alimlər üçün Azərbaycanın qədim fauna, flora, iqlimi barədə məlumat verə bilməsi baxımdan zəngin sərvət olub.

«Alimlər üçün isə sərvət»

Bu yer bəlkə də təpəcikli, qırlı-qətranlı yerdən başqa bir şey deyil, amma geoloqlar, arxeoloqlar üçün bu yer əvəzsiz bir tapıntıdır. Bələdçimiz Bayram Əhmədov deyir ki, əksər yerli camaatın burdan xəbəri olmasa da, tez-tez xarici turistlərə qapı açmalı olurlar:
- İngilislər gəlmişdi, türklərdən gələn olmuşdu, daşlaşmış mazutun nümunələrini götürürlər.

Qədim neft quyuları

Açıq muzeydə vaxtilə əllə qazılmış neft quyuları var, Bayram dayı bizə onların ən köhnəsini göstərir:
- Bunlar çar Rusiyasının vaxtında qazılmış quyulardı. Əllə qazılıb, əllə neft çıxarılaq neft quyularının yeridi. Vaxt keçib, istifadəsiz qaldığından quyular dolub.

Bir neçə gün əvvəl ABŞ-ın «Natural History» jurnalı bu muzey haqqında məqalə dərc edib. Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat katibi Səid Hüseynov deyir ki, «qırlı göl»ə bənzər yer ABŞ-ın Los-Anceles şəhərində də var, amma yaşı daha cavandır.
- Amerikalılar burda açıq muzey yaradıblar, tapılan heyvan sümüklərini də eksponat kimi bura qoyublar. Həm də tədqiqat obyektləridir.
Səid Hüseynov deyir, institutun rəhbərliyi amerikalı həmkarlarına əməkdaşlıq təklif ediblər ki, Bakıdakı «qırlı göl»də də belə bir muzey yaradılmasına yardımçı olsunlar.
Səid Hüseynov deyir ki, Bakının Qala kəndindəki “qırlı göl” isə hələ “qurumayıb” və onu su bilən heyvanları özünə yapışdırır.

Yeni qazıntılara ehtiyac var

Ərazidə arxeoloji qazıntılar 1938-ci ildən 1952-ci ilə qədər aparılıb. Amma Geologiya İnstitutu hesab edir ki, yenidən arxeoloji qazıntı aparmağa ehtiyac var.
Bu il dövlət büdcəsindən Elmlər Akademiyasına geoloji kəşfiyyat və elmi-tədqiqat xidmətləri üçün 2 milyon manata yaxın vəsait ayrılıb.
XS
SM
MD
LG