Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:04

«Hazırkı inqilabların aparıcı qüvvəsi xalqların özüdür»


İlqar Məmmədov
AzadlıqRadiosunun «İşdən sonra» proqramında Ərəb dünyasındakı inqilabları şərh edən politoloq İlqar Məmmədov belə deyib. Onun fikrincə, bu inqilablar öz-özünə, təbii yolla yetişmiş inqilablardır:

«Dünyada əksər təhlilçilər bunu «organic revolution» adlandırılar. Nə mənada? Təbii yolla yetişdirilmiş orqanik meyvə var. Bir də genləri modifikasiya olunmuş meyvələr var. Orqanik yemək çox populyardır Avropada, Amerikada. Bunun mənası odur ki, bu məhsul təbii yetişdirilib. Doğurdan da, Misirdə baş verən hadisələr təbii yetişmiş inqilabdır. Onu nə ABŞ görə bilərdi dəqiqliklə, nə də hər hansı başqa dövlət...».

Qərbin və Birləşmiş Ştatların Misir inqilabına münasibətindən danışan politoloq deyib ki, əvvəl bu inqilaba münasibət fərqli idi. Son mesajlar isə inqilabın ritorikasını dəyişməyə başlayıb:

«Bu inqilabın aparıcı qüvvəsi Misir xalqının özüdür. Bu baxımdan, Obamanın bəyanatı yalnız o hərəkatı gücləndirə bilər. Lakin onu durdura bilməz. Bunu nəzərə alaraq düşünürəm ki, Obama dolayısı ilə də olsa, açıq-aydın deməsə də, artıq Ağ Evin, Vaşinqtonun bu inqilaba yönəlik ritorikası dəyişməyə başladı...».

Jurnalist Şahvələd Çobanoğlu isə deyib ki, bu inqilablar siyasi rejimlər haqqında yaranmış mifləri darmadağın etdi:

«Uzun illər Hüsnü Mübarək kimi rejimlər Qərbi, o cümlədən Amerikanı radikal İslamla qorxudublar. Ölkədə sabitliyin pozulacağı ilə qorxudublar. Qərbdə də bu cür illüziyalar, yanlışlar olub. Bəlkə də, bunu bəzən real hesab ediblər. Ola bilsin, bu, ayrı-ayrı dövrlərdə real da olub. Amma Misir xalqı sübut etdi ki, o illüziyalar yanlışdır. O mif dağıldı dünyada. Məncə, bu mif artıq Azərbaycanda da dağılmaqdadır. Artıq «yalnız dinçilər gəlib hakimiyyəti devirə bilər» fikri qüvvədən düşür. Yəni ortaya xalq qüvvə kimi çıxır. Bununla Qərb də razılaşır. Rejimlər özləri də bununla hesablaşırlar...».

«AZƏRBAYCANDA VƏZİYYƏT MİSİRDƏKİNDƏN DƏ PİSDİR»

Şahvələd Çobanoğlu düşünür ki, bu inqilablar avtoritar hakimiyyətlərin iç üzünü ortaya çıxardı:

Şahvələd Çobanoğlu
«Tunisdə və Misirdə baş verənlər ümumiyyətlə, dünyada yeni bir fikir yaratdı ki, avtoritar hakimiyyətlər çox dayaqsızdır. Onlar müxalifəti, fəal adamları əzə də bilərlər. Lakin bir gün Kürün bəndi daşdığı kimi, insan selinin də iradəsi daşır və bu hakimiyyətləri qaçaq edir. Bəlli olur ki, dünən təhlükəli, güclü olsa da, bu gün ölkədən qaçıb gedən, canını qurtarmaq istəyən, qorxaq bir hakimiyyətlərdir...».

Jurnalistin fikrincə, domino prinsipi ilə inqilabların baş verməsi artıq bir çox rejimləri qorxuya salıb. Şahvələd Çobanoğlu deyib ki, əslində, bir çox sahələrdə Azərbaycanda vəziyyət oradan heç də yaxşı deyil:

«Azərbaycanda vəziyyət Misirdəkindən də pisdir. Məsələn, Azərbaycan daha çox korrupsiyalaşmış ölkədir. Beynəlxalq hesabatlar sübut edir ki, Misirdə və Tunisdə korrupsiya bizdən xeyli az olub...».

Politoloq İlqar Məmmədov isə bildirib ki, adətən inqilabdan sonra əks inqilab olur. Amma bu inqilablar diktatorlara onları yerlərində otuzdurmaq üçün, millətlərə isə azadlıqlar baxımından lazımdır.

«ETİRAZLAR BAŞ QALDIRSA, MÜTLƏQ CƏBHƏDƏ TƏXRİBATLAR OLACAQ»

«Azərbaycanda belə bir inqilab olsa, cəbhə xəttində vəziyyət gərginləşəcəkmi» sualına cavabında isə politoloq deyib ki, Qarabağ münaqişəsi həm Azərbaycanda, həm də Ermənistanda hakimiyyəti əldə saxlamaq üçün bir vasitədir:

«Azərbaycanda belə etirazlar baş qaldırsa, mütləq cəbhədə ciddi təxribatlar olacaq. Bununla beynəlxalq topluma təsir etmək istəyəcəklər...».

İlqar Məmmədovun fikrincə, bu baxımdan Qarabağ münaqişəsinin həll olunmaması Azərbaycandakı rejimin qorunmasına xidmət edir. Ancaq bu, baş versə, ilk növbədə beynəlxalq nəzarət cəbhə xəttinə olacaq və onlar bu təxribatları törətməyə imkan verməyəcəklər.

XS
SM
MD
LG