Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:36

Azərbaycan hökumətinin qoca nazirləri


«Əgər köklü islahatlar getməli olsaydı, Nazirlər Kabineti buraxılmalıydı. Yeni baş nazir təyin olunmalıydı». İqtisadçı Natiq Cəfərli belə deyir. Azərbaycan hakimiyyətinin son günlər korrupsiya ilə bağlı keçirdiyi müşavirələri qiymətləndirərkən. Onun qənaətincə, korrupsiyanı ləğv etmək üçün hökumət yenisiylə, bu günün nəbzini tuta bilənlərlə əvəzlənməlidir.

«GÖZDƏN PƏRDƏ ASMAQ»

«Nazirliklərin sayı bizdən həddən artıq çoxdur. Təsəvvür edin ki, Azərbaycanda nazirlik və dövlət qurumlarının sayı Gürcüstandan üç dəfə çoxdur. Saakaşvili islahatlara başlayanda ilk addım olaraq struktur islahatı apardı. Vətəndaşa və iş adamına mane olan, bürokratik əngəllər yaradan qurumları ləğv etdi və ya bir neçəsini birləşdirdi. Çox güclü kadr islahatı getdi. Bundan sonra da müəyyən prioritetlər elan etdildi. Azərbaycanda isə bu görünmür. Sistemdə dəyişiklik getməsə, yuxarılarda güclü kadr islahatı getməsə dəyişikliklər haqda deyilənlər gözdən pərdə asmağa xidmət edəcək».


GÜRCÜ DÜSTURU

Natiq Cəfərli Gürcüstan modelini yada salır. Bu ölkənin prezidenti islahatçı imiciylə tanınır, hakimiyyətə gələndən az sonra korrupsiyanın miqyasını azaltmağa nail oldu.
Prezident Mixail Sakaşvili bunun düsturunu müsahibələrinin birində açmışdı. O demişdi ki, gürcü hökumətində yaşı 40-dan çox olan bir nəfər var - Xarici İşlər naziri Qriqol Vaşadze.

«Əgər onu nəzərə almasaq, mən indiki komandanın ən yaşlı adamıyam. Komanda üzvlərinin heç biri faktiki olaraq SSRİ zamanında vəzifədə olmayıblar. Mən özüm, məsələn, Sovet İttifaqı canını tapşıranda beşinci kursda oxuyurdum. Bizdə elə nazir var ki, 27-28 yaşındadır. Heç vaxt pioner olmayıb. Cavan adamlar sovet nomenklaturasının doqmaları ilə xəstələnməyiblər».

AZƏRBAYCANIN 75 YAŞLI BAŞ NAZİRİ

Azərbaycana baxaq. Nazirlər Kabinetinə başçılıq edən Artur Rasizadənin 75 yaşı var. Sovet sisteminin yetirməsi 1996-cı ildən kabinetin rəhbəridir. Bu günə qədər baş nazir demək olar ki, kölgədə qalıb. Səlahiyyətlərinə görə, hökumətdə ikinci fiqur olan bu adam fəaliyyəti ilə diqqət cəlb etməyib. Onun kabinetin iclasını keçirdiyi bəlkə də yada düşmür. Səbəb nədir?

Natiq Cəfərli:
«Bizdə Nazirlər Kabinetinin qanunla səlahiyyətləri çoxdur. Amma praktikada hökumətin işi görünmür. Amma halbuki Rusiyada da prezident üsuli-idarəsidir. Heç olmasa həftədə üç-dörd dəfə baş nazir iclas keçirir. Mən inanmıram biz yada salaq ki, Artur Rasizadənin başçılığı ilə iclas keçirilsin».

«BAŞ NAZİR LAZIMDIRMI»

Ekspert Toğrul Cuvarlı isə sualı başqa cür qoyur: baş nazir lazımdırmı?
«ABŞ-da baş nazir varmı? Yoxdur. Ölkə də işləyir, hər şey yerində. Bu Artur Rasizadənin söhbəti deyil. Bizdə görünən fiqurlar göz qabağındadır. Ziya Məmmədov, Kəmaləddin Heydərov, heç sadalamağa ehtiyac yoxdu. Artur Rasizadə sanki yoxdur. Nəsə yeri görünmür».

HEYDƏR ƏLİYEVİN UZUNÖMÜRLÜ KADRLARI

Yeri gəlmişkən, Azərbaycanda ölkə başçısının özünü çıxmaqla – onun 50 yaşı yoxdur – əksər postlarda nisbətən yaşlılar oturub. Həm də bu vəzifədə onlar uzun illərdir oturublar.

Məsələn, prezidentin tapşırıq və sərəncamlarının yerinə yetrilməsinə nəzarət etməli qurumun- Prezident Administrasiyasının rəhbəri də yaşlıdır. Ramiz Mehdiyevin 73 yaşı var. Bu vəzifədə 1995-ci ildən çalışır. Düzdür, Artur Rasizadə ilə müqayisədə bu siyasətçi daha fəaldır.

Azərbaycan hökumətində elə nazirlər və ya komitə sədrləri var ki, 17 ildir vəzifələrində qalıblar. Məsələn, 63 yaşlı daxili işlər naziri Ramil Usubov 17 ildir, 61 yaşlı müdafiə naziri Səfər Əbiyev 16 ildir vəzifədədir. 65 yaşlı təhsil naziri Misir Mərdanov 1998-ci ildən nazirdir.

Onlarla müqayisədə cavan olan, 55 yaşlı Əbülfəs Qarayev də ən uzunömürlü nazirlərdəndir. 1994-2001-ci illərdə Gənclər və İdman Naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm Naziri olub. Son beş ildəsə ildən Mədəniyyət və Turizm Naziridir.

Beş ildir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov 67 yaşındadır. 1992-1993-cü illərdə prezidentin millətlərarası münasibətlər üzrə müşaviri, 1993-2006-cı illərdə milli siyasət məsələləri üzrə dövlət müşaviri olub. 2005-2006-cı illərdə prezidentin Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri işləyib.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədov 65 yaşındadır, 1997-ci ildən sədrdir.

ƏN GƏNC NAZİRİN 46 YAŞI VAR

Siyahını uzatmayaq. Hökumətdə ən gənc nazirin 46-47 yaşı var. İqtisadi inkişaf naziri Şahin Mustafayevlə Gənclər və idman naziri Azad Rəhimovun 46 yaşı var. Birincisi bu vəzifədə 2008-ci ildən, ikincisi 2006-cı ildən işləyir.

47 yaşlı Fazil Məmmədov artıq on bir ildir vergilər naziridir.

Bunlar İlham Əliyevin atası ilə işləmiş nazir və ya komitə rəhbərləridir. Onun iş başına gətirdikləri kimlərdir.

Məsələn, 2004-cü ildə təyin olunmuş xarici işlər naziri Elmar Məmmədyarovun 51, milli təhlükəsizlik naziri Eldar Mahmudovun 55 yaşı var. Elmar Məmmədyarov ona qədərki nazirlərdən onunla fərqlənir ki, peşəkardır – diplomatdır. Eldar Mahmudovsa əksinə MTN-də yeni adamdır, o nazir olana qədər Daxili İşlər Nazirliyində çalışıb.


«AVTORİTAR MODERNLƏŞMƏ»

Azərbaycanlı ekspert Toğrul Cuvarlı deyir ki, əslində kadrların yaşlı və ya cavan olması önəmli deyil.

«Qocaları cavanlarla əvəzləməklə iş bitmir. Modernləşmə iki yolla mümkündür. Təbii və ya avtoritar modernləşmə. Rəhbərlikdə siyasi iradə olanda, ölkəni dəyişməklə bağlı proqram olanda avtoritar modernləşmə də işləyir. Amma bilmirəm bizdə bu varmı? Mən bu iradəni görmürəm».

İqtisadçılara görə, Azərbaycan dövlətinin başçısı kosmetik dəyişiklik aparmaqdansa, islahatlara başlamalıdır. Toğrul Cuvarlıya görə, islahat daha mühümdür, nəinki yolüstü korrupsiya ilə mübarizə aparmaq.

Bunun üçünsə siyasi iradə ortaya qoyulmalıdır. Qoyulacaqmı? Sual budur. Cavabı hökumətdən gözləyək.

XS
SM
MD
LG