Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:10

«Hakimiyyət nəyə desəz əl atacaq»


Ələkbər Məmmədov
«Misir kimi ölkələr güc strukturları hesabına bu günə kimi özünü qoruyub saxlaya bilmişdi».

Bunu «İşdən sonra» proqramına qonaq olan Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti İctimai Birliyinin rəhbəri Ələkbər Məmmədov Misirdəki qarşıdurmalar haqqında danışarkən deyib. Onun fikrincə, Misirdə ordu gözləmə mövqeyindədir:

«Ordu sonda öz sözünü deməli olacaq. Burda ordu hadisələrə iki istiqamətdə müdaxilə edə bilər. Birinci odur ki, ordu komandanın əmri ilə dinc əhaliyə divan tuta bilər. Ona görə ki, bu ölkələr güc strukturları hesabına bu günə kimi hakimiyyətlərini qoruyub saxlaya biliblər. Digər tərəfdən, ehtiyat olunur. Ordu sabah bu məsələyə müdaxilə etsə, bunun sonrakı aqibəti ola bilər. Ordu xalqın tərəfinə keçə bilər. Onda artıq prezident ətrafı ilə təklənmiş olacaq».

«MÜLKİ GEYİMLİLƏR ƏHALİDƏ ƏLAVƏ QƏZƏB YARADIR»


Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev isə deyib ki, belə aksiyalara polisin müdaxiləsi düzgün deyil:

«Demokratik yolla, dinc aksiyalarla, konstitusion hüquqlarından istifadə etməklə hakimiyyəti devirmək istəyirlərsə, polis onlara müdaxilə edə bilməz. Onlar kənarda durub müşahidə etməlidirlər. Polis ictimai təhlükəsizlik qaydalarının pozulmasının qarşısını almalıdır».

Mahmud Hacıyev düşünür ki, polisin mülki geyimdə hadisələrdə iştirak etməsi əhalidə əlavə qəzəb yaradır. O deyir ki, mülki geyimli polislər Azərbaycanda da artıq 5-6 ildir peyda olub.

Mahmud Hacıyev
Ələkbər Məmmədovun fikrincə, hökumətin belə addımlar atması özünü qoruyub saxlamaq üçündür:

«Ölkə sağlam ölkə deyilsə, hakimiyyət özünü qoruyub saxlamaq üçün bu cür qeyri-qanuni hərəkətlərə yol verəcək, nəyə desəz əl atacaqlar».

«BİZİM POLİS TAM SİYASİLƏŞİB»

Sabiq polis rəisi Mahmud Hacıyev isə deyib ki, heç bir ölkə polisin siyasiləşməsinə yol verməməlidir:

«Həmişə bizdə polisin adı pis mənada çox hallanır. Azərbaycan polisinin adı son 10 ildə KİV-də pis hallarda çox çəkilir. Səbəb odur ki, bizim polisi yazıq edib siyasiləşdirdilər. Bizim polis orqanı tam siyasiləşib. Siyasi bir quruma çevrilir. Güc strukturunu, hüquq-mühafizə orqanını siyasi quruma çevirmək olmaz».

Mahmud Hacıyev bunun bir səbəbini də polisin komplektləşdirilməsində görür. O deyir ki, polis orqanlarında nə qədər ki, qohum-əqrəbalar çalışacaq, onlar işlərini itirməmək üçün mülki geyim də geyinəcəklər, vətəndaşların hüquqlarını da pozacaqlar.

XS
SM
MD
LG