Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:08

Nazirliklərdən çıxarılanlar kimlərdir?


ADLARI NİYƏ AÇIQLAMIRLAR

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilova zəng vururuq. Ondan işdən yol verdiyi xətalara görə çıxarılmış 15 nəfərin adını-soyadını və tutduğu vəzifəni açıqlamasını istəyirik. Qulu Xəlilov öncə deyir ki, qoy əvvəlcə başqa nazirliklər çıxardıqları işçilərin adlarını açıqlasın. Daha sonrasa bildirir ki, adların açıqlanması etik baxımdan düzgün olmazdı. Dəstəyi qoymazdan öncəsə belə deyir:

«Yaydığım məlumata şərh vermirəm».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də işdə nöqsana yol verdiyinə görə çıxarılan 2 nəfərin və işi hüquq-mühafizə orqanına göndərilən məmurun da adını öyrənə bilmədik.

Amma Gömrük Komitəsi cinayətdə ittiham olunan dörd adamın adını açıqlayıb. Rəsmi məlumata görə, vergidən yayınma fəaliyyətini həyata keçirən cinayətkar qrup ifşa olunub. Qrupun üzvlərindən yalnız dördünün adı çəkilir: Bakı Baş Gömrük İdarəsinin Yük şöbəsinin inspektoru Müseyib Əzizov, Mirələm İsmayılov, kompüter operatoru İsmayıl ƏhmədovNatiq Quliyev. Həmin şəxslərin saxta gömrük bəyannamələri tərtib etməklə vəzifə saxtakarlığı etdikləri deyilir.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yanvarın 27-də Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının iclasını keçirib. Korrupsiya ilə mübarizənin hökumətin prioritetlərindən biri olduğunu bildirib. Bundan sonra bütün nazirlik və komitələrdə müşavirələr keçirilir, bəzi hallarda işçilərin cəzalandırıldığı deyilir, ancaq konkret adlar çəkilmir.

«ADIN AÇIQLANMAMASI ÖZÜ ELƏ KORRUPSİYADIR»

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev:
«Elə bunun özü birbaşa korrupsiyadır. Necə yəni etik baxımdan düz deyil? Bu, dövlət vəzifəsində işləyibsə, doğrudan da korrupsiyaya yol veribsə, adı açıqlanmalıdır. Qanunu pozub, bunun nəyi etika gözləntisidir? Bu məmurlar sosial müavinət verdikləri adamların açıqlamırlar, adını qoyurlar etikaya ziddir. Korrupsiya adı altında tutulanların adını açıqlamırlar, adını qoyurlar etikaya ziddir. Bu sözün özü elə korrupsiyanın əlamətidir».

«ÇAĞIRSINLAR MƏNİ HƏMİN KOMİSSİYAYA»

İş adamı Bədrəddin Quliyevsə düşünür ki, Gömrük Komitəsində üç-dörd adamın həbsiylə məsələ bitmir. Bütünlükdə sistem dəyişməlidir.
«Ramiz Mehdiyev səviyyəsində mübarizə aparmaq istəyirlərsə, mən Bədrəddin Quliyevi komissiyaya dəvət etsinlər. Dövlətin istədiyi faktları üzə çıxarım. O ki qaldı, dörd nəfərin işdən çıxarılmasına, ya da yeddi nəfər brokerin tutulmasına, boş şeydir. Faktiki olaraq idxal əməliyyatları əvvəlki qaydada gedir».

MƏMURLARIN GƏLİR BƏYANNAMƏSİ AÇIQLANSIN

Azər Mehtiyevə görə, mübarizəyə yuxarı səviyyədə başlamaq lazımdır.
«Korrupsiya əleyhinə mübarizə ciddi şəkildə aparılmalıdır. Vəzifədə olan məmurların illik bəyannamələri açıqlanmır. İkincisi, dövlət qulluğunda çalışanların sahibkarlıqla məşğul olması qadağandır. Buna göz yumulur. Bütün iqtisadi sahə nazirlərin nəzarəti adı altındadır. İnhisarçılıq baş alıb gedir. Ayrı-ayrı mühüm dövlət qurumlarında ailəylə bağlı adamlar işləyir. Bu şəraitdə kimlərinsə cəzalandırılması kampaniyadan başqa şey deyil».

İSA QƏMBƏRDƏN TÖVSİYƏ

Müsavat Partiyası başqanı İsa Qəmbər hökumətin son addımlarının kosmetik və müvəqqəti xarakterli olacağını düşünür. O deyir ki, korrupsiya üstündə qurulmuş bu hakimiyyət sadəcə bu addımları atmağa vadar olub:
«Səbəblərdən biri göz qabağındadır. Yaxın Şərqdə başlanan inqilabi dəyişikliklər bizim regiondakı proseslərə ciddi təsir edib. Azərbaycan hakimiyyətinin duyduğu narahatlıq göz qabağındadır. İkinci səbəb beynəlxalq qurumların tövsiyələri ola bilər».

İsa Qəmbər deyir ki, cəmiyyət hökumətin verdiyi bu fürsətdən yararlanmalıdır.
«Tövsiyə edərdim ki, vergi, gömrük və başqa nazirliklərin təzyiqləriylə üzbəüz qalanlar öz hüquqlarını fəal şəkildə qorusunlar. Yəni hakimiyyət kosmetik addım atırsa, cəmiyyət də bunun kosmetik olmaması üçün iradəsini ortaya qoymalıdır. İctimai təzyiq olmalıdır. Yəni vətəndaşların təzyiqləri lazımdır ki, hakimiyyətin bu addımının mahiyyəti üzə çıxsın».
XS
SM
MD
LG